Prezidentin ənənəvi çıxışı…

22.07.2013

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısında sösial-iqtisadi inkişafın yekununa həsr edilmiş iclasında ənənəsinə sadiq qalaraq ölkə müxalifətini və Avropa qurumlarını yıxıb-sürüdü. Çıxışın mətninə nəzər saldıqda  adama elə gəlir ki, bu iclasın əsas qayəsi heç də ölkənin iqtisadi inkişafı ilə bağlı məsələlərə deyil, respublikamızın “uğurlarını” görmək istəməyən müxalif qüvvələrin və Avropa təşkilatlarının kəskin tənqidinə həsr olunub. Əvvala hansı iqtisadi artımdan, hansı sosial irəliləyişlərdən söhbət gedə bilər ki, rəqəmlərdə ifadəsini tapan bu göstəricilər ölkə vətəndaşlarının yaşadığı real həyatla ziddiyət təşkil edir. Öla bilsin ki, neftin və digər strateji məhsulların satışı hesabına hər hansı bir iqtisadi artım var. Amma bu artımdan heç də ölkə əhalisinin deyil, bir qrup oliqarxın faydalandığı göz önündədir. İqtisadi dirçəliş əmək haqlarının artırılmasında, vətəndaşların rifah halının yüksəlişində, təqaüdçülərin, az təminatlı ailələrin güzəranının yaxşıladırılmasında, azad bazar iqtisadiyyatının təməli olan kiçik və orta biznesin inkişafında öz təsdiqini tapmırsa, deməli iqtisadi tərəqqidən, iqtisadi inkişafdan söhbət belə gedə bilməz.

Bunlar başa düşüləndir və insanlarımız bu cür populist çıxışların arxasında hakimiyyətin özünün anti-milli siyasətinin əsl mahiyyətinin gizlədiləməsi istəyinin durduğunu yaxşı bilir. Müxalifətin və Avropa qurumlarının ən kəskin ifadələrlə tənqid edilməsinə, onların ermənipərəst qüvvələr adlandırılmasına gəldikdə isə, bu cür çıxışların milli mənafe ilə ziddiyyət təşkil etməsi qənaətindəyik. Əgər xarici siyasət kursunun əsas prioritetlərindən biri Avropa Evinə inteqrasiya olunmaq və Qərb dəyərlərinə yiyələnməkdirsə, onda Avropa təşkilatlarından bu dəyərlərin qorunmasına edilən çağrışlar nə üçün top-tüfənglə qarşılanmalıdır. Guya Avropasız heç kəsə bəlli deyil ki, Azərbaycanda demokratiya və insan haqları bərbad vəziyyətdədir?! Sanki, bu ölkədə siyasi məhbus məsələsi, sərbəst toplaşma azadlığı, azad mətbuat problemi, jurnalistlərin repressiyaya məruz qalması, vətəndaşların mülkünə qəsd edilməsi deyilən bir şey yox imiş və Azərbaycanın “uğurlarını” gözü götürməyən müxalifət və beynəlxalq təşkilatlar dayanmadan ölkəmizə qara yaxırlar…
Milli demokratik qüvvələrin və üzv olduğumuz beynəlxalq təşkilartların daha çox üstündə dayandığı məsələlər ölkəmizdə insan-hüquq və azadlıqlarının qorunması, ədalətli, şəffaf və xalq etimadına layiq seçkilərin keçirilməsi, konstitusiya ilə vətəndaşlara şamil edilən, özünü ifadə, sərbəst toplaşma, söz, fikir azadlığına qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılması, siyasi opponentlərə qarşı repressiyalara son qoyulması, demokratiyanın əsas göstəricisi olan siyasi plüralizmə meydan verilməsi və ən nəhayət insanların təhlükəsiz şəraitdə yaşamaq, işləmək, özünü realizə etmək kimi  ən doğal haqlarının qorunması məsələləridir. İndi buyurub desinlər, sadalanan bu dəyərlərin hansı axıra qədər gözlənildi ki, beynəlxalq təşkilatlar bunları görməzdən gəldi.
Təkəbbürlə demək ki, “biz müstəqil daxili və xarici siyasət yürüdürük, bizim heç bir beynəlxalq təşkilatın müdafiəsinə ehtiyacımız yoxdur”, bu cür yanaşmalar beynəlxalq təklənməyə və qlobal dünyadan təcrid olunmaya gətirb çıxarır. Bunun da acı nəticələrini hakim sülalə deyil, xalqımız yaşamalı olur. Onda sual olunur ki, heç bir qarşılıqlı öhdəliyi yerinə yetirməyəcəksənsə, hesabatları, dinləmələri, tövsiyyələri qulaq ardına vuracaqsansa, Avropa kürsülərində ölkədə insan haqlarının qorunmasından danışıb, geri qayıdar-qayıtmaz beynəlxalq tələblərlə səsləşməyən qeyri-insani siyasətini davam etdirəcəksənsə Avropa ilə hansı qarşılıqlı təhəddüdlərdən söhbət gedə bilər. Qərblə əlaqələr təkcə iqtisadi münasibətlər üzərində qurulmamalı, Azərbaycan bu əlaqələrdən, Avropanın əldə etdiyi demokratik dəyərlərdən bəhrələnməli, idarəetmədə, dəyərlərin qorunmasında, qanunun aliliyi prinsipinə əməl edilməsində, insan haqlarına sayqıda Qərbin təcrübəsindən yararlanmalı və bu demokratik nailiyyətləri milli mədəniyyətimizlə uyğunlaşdırmalıdır.
Nurəddin İsmayıl 
Printer »»»