“Rusiyanın Ukraynada destabilizasiya yaratmaq niyyətlərini kəskin olaraq pisləyib”

16.04.2014

Bu gün ADP-nin Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib. 
Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. 
İlk olaraq ötən iclasda qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunaraq qənaətbəxş hesab edilib. 
Daha sonra ictimai-siyasi hadisələr sırasında Ukraynada baş verən son hadisələrə bir daha diqqət yetirən toplantı iştirakçıları Rusiyanın bu ölkədə destabilizasiya yaratmaq niyyətlərini kəskin olaraq pisləyib, Rusiyanı yanlış siyasətdən - vətəndaş qarşıdurması oyunundan əl çəkməyə çağırıb.
Ukraynada baş verən hadisələrin Yaxın Şərq ssenarisi üzrə inkişaf etməsindən, keçmiş SSRİ respublakılarına, o cümlədən Rusiyanın ərazisinə yayılacağından və ağır nəticələrə səbəb olacağından narahatlığını ifadə edən toplantı iştirakçıları Ukrayna hakimiyyətinin öz ərazisində keçirdiyi antiterror əməliyyatlarını dəstəklədiyini və beynəlxalq ictimaiyyəti də bu əməliyyatlara hər cür - siyasi, iqtisai, mənəvi və hərbi dəstək verməyə çağırıb. 
Qarabağ Bloku Ukraynada baş verən hadisələrdən dolayı Azərbaycan üçün də yaranmış təhlükəli bir dönəmdə Krımla Dağlıq Qarabağ arasında yanlış anologiya aparan millət vəkili Eldar İbrahimovun, milli və dövlətçilik maraqlarımıza zidd mövqe nümayiş etdirən millət vəkilləri Mixail Zabelin və Sabir Hacıyevin hərəkətlərini qətiyyətlə pisləyib, onların bu hərəkətlərini milli mənafelərə xəyanət kimi dəyərləndirib. 
Qarabağ Bloku ölkəmizə qarşı şimaldan yönələn təhdidlər ərəfəsində Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan arasında hərbi ittifaqın yaradılması ilə bağlı təşəbbüsü təqdir edib, bu əməkdaşlığın yeni müstəviyə qaldırılması istiqamətində daha ciddi addımların atılmasını, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi naminə NATO və İslam dünyasının potensialından istifadə edilməsinin vacibliyini qeyd edib.
Qarabağ Bloku işğal altında olan Azərbaycan torpaqlarında, o cümlədən Zəngilan, Laçın və Kəlbəcər rayonlarında erməni işğalçıları tərəfindən suriyalı erməni ailələrinin yerləşdirilməsi məsələsini müzakirə edərək, bu hadisəni atəşkəs rejiminin tələblərinin kobud şəkildə pozulması, işğal olunan ərazilərin ilhaq edilməsi və Ermənistanın işğal və ilhaq siyasətinin möhkəmləndirilməsi kimi dəyərləndirib. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini yanlış hesab edən toplantı iştirakçıları dondurulmuş münaqişələrin dünyada təhlükəsizliyə əngəl olduğunu nəzərə alaraq, Qarabağ probleminin tez bir zamanda ədalətli həll olunmasının vacibliyini bir daha qeyd ediblər.
Sonda Blokun cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Printer »»»