ADP bələdiyyə seçkiləri barədə qərar verməyə tələsmir

15.04.2013

Həsrət Rüstəmov bələdiyyə seçkilərinə marağın zəifliyi səbəblərini göstərdi. Dünyanın başı Krım böhranına qarışıb, Azərbaycan hakimiyyətininsə qayğıları birə beş artdığından səksəkəylə Rusiyadan əsən şimal küləklərinin istiqamətini müəyyənləşdirməyə çalışır. Belə bir şəraitdə bir neçə aydan sonra ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyi az qala hamının yadından çıxıb.
Ancaq dünən Müsavat Məclisinin bələdiyyə seçkilərində iştirakla bağlı qərarı yenidən diqqəti bu məsələyə fokuslaşdırmağa başlayıb. 
Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov da Moderator.az-a açıqlamasında təmsil etdiyi təşkilatın seçkilərdə iştirak edəcəyi qənaətində olsa da bu institutun səlahiyyətsizliyindən və hakimiyyətin saxtakarlığı adət etdiyindən çox bədbindir:“Bələdiyyələrə seçkilər həm seçicilərin, həm də siyasi qüvvələrin diqqətini o qədər də cəlb etmir. Təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə hələlik ölkədə vəziyyət belədir. Azərbaycanda bələdiyyə qurumları  səlahiyyətsiz, icra strukturlarının əlavəsi olaraq mövcud olmaqdadır. Seçkilərin qeyri demokratik, qeyri azad və qeyri bərabər keçirilməsini də əlavə etsək, bələdiyyə seçkilərinə marağın azlığının səbəbləri tam aydın olur. Buna baxmayaraq şəxs olaraq mən istənilən seçkidə, o cümlədən bələdiyyə seçkilərində iştirakın tərəfindəyəm. İstənilən seçkidə iştirak siyasi təşkilatı ən azından aktivləşdirir və müəyyən tonusda saxlamağa yardım edir. 
ADP-nin bələdiyyələrlə bağlı qərarı hələlik bəlli deyil. Hələlik yerli təşkilatların, fəalların rəyini öyrənməklə məşğuluq. Amma böyük ehtimalla qərarımızın seçkidə iştirak olacağı qənaətindəyəm.”
Printer »»»