Sərdar Cəlaloğludan siyasi islahatlar KONSEPSİYASI

27.09.2013

Konsepsiyanın məqsədi: Dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi, dövlət idarəçiliyinin effektinin artırılması, dövlətin demokratik imicinin yaradılması, iç sabitliyin qorunması, vətəndaş institutunun inkişafı, insan faktoru rolunun artırılması, beynəlxalq və regional inteqrasiya və əməkdaşlığın genişləndirilməsi, bölgədə və dünyada ədalətli, dayanıqlı sülhə nail olunması, dövlətlərarası qarşılıqlı faydalığa əsaslanan iqtisadi əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, ölkədə işgüzar mühitin formalaşdırılması, demokratiyanın inkişaf etdirilməsi və dərinləşdirilməsi.

Siyasi islahatların istiqamətləri: 

Demokratikləşmə siyasəti:
Konstitusion və ictimai demokratiyanın genişləndirilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi;
Beynəlxalq insan hüquqları müdafiə təşkilatları ilə əməkdaşlıq;
Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsinin təqib olunması;
Ombudsman institutunun dövlətə nəzarət rolunun və yerinin möhkəmləndirilməsi;
Seçkili orqanların sayının artırılması - universitet rektorlarının, məktəb direktorlarının, dövlət və özəl sektorunda idarəetmənin seçkili prinsipinin tətbiqi;
Parlament, bələdiyyə və prezident seçkilərin keçirilməsinin təşkilində beynəlxalq təşkilatların tövsiyyələrinin (zəruri hallarda iştirakını) nəzərə almaq; 
Vətəndaş cəmiyyəti institutlarının genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı dövlət proqramı hazırlayıb reallaşdırmaq;
Neqativ hüquq təcrübəsindən pozitiv hüquq təcrübəsinə keçid;

Daxili siyasət:
Hakimiyyətin dinc demokratik və qanuni ötürülməsinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsi;
Vətəndaşlıq institutunun formalaşdırılması;
Sanksiyalaşmamış dövlət zorakılığından imtina və ondan istifadənin təqib edilməsi; 
Dövlətin vətəndaşlar qarşısında öhdəliklərinin artırılması və onların qanuni bazasının hazırlanması;
Dövlətlə vətəndaşın qanun qarşısında bərabərliyinin təmin olunması;

Siyasi plüralizmin inkişaf etdirilməsi:
Hakimiyyət gücünün rəsmi (parlament, prezident, məhkəmə hakimiyyəti) və qeyri-rəsmi (vətəndaş cəmiyyəti institutları) strukturlar arasında effektli bölünməsinə nail olmaq; 
Azad həmkarlar ittifaqlarının inkişafını stimullaşdırmaq, onların dövlət, iş verən və işçi arasında rolunu artırmaq;
Mətbuatın azadlığını təmin edən effektli qanunlar hazırlamaq;
Xüsusi mülkiyyətin, şəxsiyyətin və azadlığın toxunulmazlığını təmin edən hüquqi baza yaratmaq və dövlət təminatına almaq;

İqtidar-müxalifət münasibətləri sferasında:
Çoxpartiyalı sistemin konstitusion əsaslarının hazırlanması və çoxpartiyalı siyasi sistemin inkişafı ilə bağlı proqram hazırlayıb reallaşdırmaq;
İqtidar-müxalifət dialoqunu stimullaşdırmaq və dəstəkləmək;
Müxalif televiziya kanallarının fəaliyyətini təmin etmək;
Müxalifət haqqında qanunvericilik aktlarının hazırlanması;
Ana müxalifətin dövlət protokolunda yerinin müəyyənləşməsi;

İdraəetmədə islahatlar: 
İdarəetmə pillələlərinin ixtisara salınması və dövlət idarəçiliyinin sadələşdirilməsi;
Proporsional seçki sisteminin bərpası;
Hökumətin parlament çoxluğunun təşkil etməsi;
Prezidentin parlament tərəfindən, parlamentin prezident tərəfindən impiçmenti ilə bağlı Konstitusiya Aktının qəbul edilməsi;
Prezident səlahiyətlərinin azaldılması, parlamentin səlahiyyətlərinin artırılması;
Prezidentin məsuliyyəti ilə bağlı konstitusion normaların və qanunvercilik aktlarının hazırlanması;
Sosial-iqtisadi əlaqələr əsasında mahal ərazi bölgüsünə keçid;

Xarici siyasət:
Xəzər hövzəsi dövlətlərinin iştirakı ilə Xəzər Dəniz İş Birliyi (XDİB) və körfəz dövlətlərinin iştirakı ilə Körfəz İş Birliyi (KİB) yaradılmasına təşəbbüs etmək;• Rusiya ilə ikitərəfli və Xəzər hövzəsi dövlətlər biliyi çərçivəsində çoxtərəfli əməkdaşlıq;
MDB-yə üzvülükdən imtina;
GUAM-ın fəaliyyətinin gücləndirilməsi;
İranla ikitərəfli, Xəzər hövzəsi və körfəz dövlətlər biliyi çərçivəsində çoxtərəfli əməkdaşlıq;
Türkiyə ilə ikitərəfli və Avropa Birliyi çərçivəsində çoxtərəfli strateji əməkdaşlıq;
Türkdilli dövlətlər sammitinin Türkdilli Dövlətlər Birliyinə (TDB) transformasiyasına nail olmaq;
Avropa ölkələri ilə ikitərəfli və Avropa Birliyi çərçivəsində çoxtəfli taktiki əməkdaşlıq;
Beynəlxalq təşkilatlarda üzv dövlətlərlə qarşılıqlı öhdəliklər əsasında çoxtərəfli əməkdaşlıq;
Beynəlxalq öhdəliklərin yerinə yetirilməsində cavabdehliyin gücləndirilməsi və bu öhdəliklərin yerinə yetirilməsinə beynəlxalq nəzarətin təmin olunması;
Beynəlxalq iqtisadi qurumlarda təmsilçiliyin reallaşdırılması;
Beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarının dövlət siyasətində rəsmən nəzərə alınması ilə bağlı qanunverici baza hazırlamaq;
İslam Konfrası Təşkilatının İslam Dövlətlər Birliyinə (İDB) transformasiyasına çalışmaq;
İslam ölkələri ilə ikitərəfli və İslam Konfransı Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq;
Ermənistanla diplomatik əlaqələrin qurulması. Ermənistanın işğalı ilə bağlı ölkəyə dəyən ziyanın kompensasiyasını almaq. Xocalı soyqrımında iştirak edənlərin beynəlxalq məhkəməyə verilməsi;
Dağlıq Qarabağa azad iqtisadi zona statusu, Qarabağ ermənilərinə ikili vətəndaşlıq vermək, Dağlıq Qarabağ üzərində Azərbaycanın süverenliyini bərpa etmək;
Şimali Qafqaz ölkələrinin İran və Türkiyənin iştirakı ilə Qafqaz Dövlətlər Birliyinin yaradılmasına nail olmaq;

Printer »»»