ADP Avroparlamentin qətnaməsini dəstəklədi

17.06.2013

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Türkiyədə neçə gündən bəri davam edən etiraz aksiyalarına münasibət bildirib və bu hadisələrin getdikcə antidemokratik inkişaf istiqamət almasından, baş verən hadisələrdən dolayı qardaş ölkənin regionda, eləcədə dünyada artan nüfuzuna xələl gəlməsindən narahat olduğunu diqqətə çatdırıb və Türkiyə rəsmilərini yaranmış sitasiyadan düzgün  nəticə çıxarmağa, ölkədə uzun illərdən bəri oturuşan demokratik institutların dayanaqlığını qorumağa və Türkiyənin demokratik imicini qorumağa çağırıb. Suriyada səngimək bilməyən qanlı olaylara, bu ölkənin varlığını təhdid edən vətəndaş qarşıdurmasına diqqət çəkən partiya yetkililəri böyük insan itkiləri ilə nəticələnən münaqişəli vəziyyətdən narahat olduğunu bildirib və dünya dövlətlərini bu ölkədə cərəyan edən qanlı hadisələrə təcili müdaxilə etməyə, Bəşər rejiminin öz xalqına qarşı soyqırımını dayandırmağa, bu ölkədə dinclik və əmin amanlığın bərqərar olması üçün ciddi səylər göstərməyə çağırıb.

Idarə Heyəti İranda keçirilən son prezident eçkilərinə münasibət bildirib, seçkilərin dinc və qanuni şəkildə keçirilməsini təqdir edib, yeni prezidentin əvvəlki rəsmi kursdan fərqli olaraq  qərblə qarşıdurma siyasətindən əl çəkməyə, qarşılıqlı faydalı əməkdaşlığa söykənən siyasətə üstünlük verməyə, İranda yaşayan soydaşlarımızın etnik, dini, mədəni haqları ilə bağlı verdiyi vədləri yerinə yetirməyə yönələn siyasət yürüdəcəyinə ümidli olduğunu bildirib və  bir islam ölkəsi olaraq Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe tutacağına əminliyini ifadə edib.
Son vaxtlar Rusiya ilə istər şəxsi, istərsə də hökumətlər arası münasibətlərin gərginləşməsinə diqqət çəkən partiya yetkililəri hər iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin qorunmasının vacibliyini qeyd etməklə Rusiya tərəfini Azərbaycana qarşı, etnik, dini təxribatlar törətməkdən çəkinməyə, Azərbaycanın müstəqilliyi və suverenliyini təhdidə yönələn hərəkətlərdən geri durmağa səsləyib.

İdarə Heyəti Avropa parlamentinin Azərbaycanda insan haqları, demokratiya, söz, mətbuat, fikir azadlığı, sərbəst toplaşma və digər demokratik tələblərin pozulması ilə bağlı qətnamə qəbul etməsini təqdir edib və hakimiyyəti beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, ölkədə insan hüquq və azadlıqlarının qorunması, siyasi məhbusların dərhal azadlığa buraxılması, ədalətli seçkilər keçirilməsi və sərbəst toplaşma üzərində qoyulan məhdudiyyətləri aradan qaldırılması istiqamətində ciddi addımlar atmağa çağırıb.
İdarə Heyətində Avstriya prokurorluğunun həmin ölkənin mərkəzi bankının  rəhbər şəxslərinə qarşı, Azərbaycanın Milli Bankı ilə korrupsiya əlaqələri ilə əlaqədar qaldırılmış cinayət təhqiqatı haqqında yayılmış məlumatlar da diqqət mərkəzində saxlanılıb, ölkəmizi beynəlxalq aləmdə biabır edən belə bir fakta hökumətin heç bir reaksiya verməməsindən təəssüf ifadə edilib.  
İdarə Heyəti CAR-ın prezidenti, dünyada aporteid siyasətinə qarşı uzun müddət cəsarətlə mübarizə aparan, dünyada azadlıq simvollarından biri kimi qəbul olunan  Nelson Mandellanın vəfatından kədərləndiyini ifadə edib və onun ölümünü təkcə Afrika xalqları üçün deyil, bütün bəşəriyyət üçün üçün böyük itki kimi qiymətləndirib. 

*** ADP MİQRASİYA QANUNUNDAN NARAHAT OLUB

ADP-nin sədri Sərdar Cəlaloğlu Respublika Prezidentinə Milli Məclisdə müzakirəyə çıxarılan “Miqrasiya Məcəlləsi” adlı qanuna dair müraciət edib. Müraciətdə deyilir:  
“Azərbaycan müstəqillik əldə etdikdən son 20 il ərzində ölkədə demoqrafik vəziyyət kəskin dəyişib. Yüz minlərlə Azərbaycan vətəndaşlaı əcnəbi dövlətlərə mühacirət etmiş, əvəzində müxtəlif səbəblərdən yüz minlərlə xarici ölkə vətəndaşı ölkəmizə leqal mühacirət edib. Bundan əlavə qeyri leqal yolla da  nəhəng mühacirət dalğası davam etməkdədir. Bu da öz arxasınca təbii olaraq çox ciddi sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-psixoloji problemlər yaradıb.  Təbii ki, demoqrafik proseslər qanunla tənzimlənməsə ölkəmiz ciddi sosial kataklzmlərlə üz-üzə qala bilər. Heç təsadüfü deyil ki, inkişaf etmiş ölkələrdə də tənzimlənməyən miqrasiya həmin ölkələrin sabitliyini təhdid edir.
Bütün bunları nəzərə alaraq Azərbaycanda miqrasiya problenlərinin tənzimlənməsi üçün Milli Məclis “Miqrasiya Məcəlləsi”ni qəbul edib. Lakin bu qanunda  miqrantlar sırasına Avropada, Rusiyada, Gürcüstanda,  İranda və s. ölkələrdə yaşayan soydaşlarımızın daxil edilməsi təəssüf doğurmaya bilməz. Qanunun bu cür qəbul edilməsi Azərbaycan xalqının bütövlüyünə, dövlətin milli strategiyasına ciddi zərbə vura bilər. Bu qanun Azərbaycan dövləti tərəfindən dünya  azərbaycanlılarının hüquqlarını da xeyli məhdudlaşıra bilər.”
“Dünyada yaşayan azərbaycanlılara yad xalqların nümayəndələri ilə eyni gözlə baxmaq milli strategiyamızın tələblərinə qətiyyən uyğun deyil.” deyə məktubda daha sonra qeyd edilir. Müraciətin sonunda partiya sədri Respublika prezidentini  Milli Məclisdə qəbul olunmuş “Miqrasiya Məcəlləsi”ni qeyd olunan nöqsanlar aradan qalxmadığı halda imzalamaqdan imtina etməyə çağırıb.





Printer »»»