Sərdar Cəlaloğlu da namizəd olmaq istəyir

09.07.2013

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu oktyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək. 
Sərdar Cəlaloğlu bildirib ki, Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura Kremlin layihəsidir və ümumiyyətlə, tanınmış kinodramaturqun ictimai-siyasi parametrləri onun prezidentliyinin əleyhinədir: "o, sadə xalqdan uzaqdır və etirazçı elektoratın ümidlərini ifadə etmir”.
MŞ-yə beynəlxalq təşkilati və maliyyə dəstəyindən danışan S.Cəlaloğlu deyib ki, R.İbrahimbəyov Rusiyada yaşayır, bu ölkənin ali siyasi dairələrinə daxil olub, Kinematoqrafçılar İttifaqının rəhbəridir. Dünənə qədər RF vətəndaşı idi və bundan "irəli gələn öhdəlikləri” var idi.
Rusiya prezidentinin müşaviri Söyün Sadıqovun bu yaxınlardakı bəyanatları nəzərə alınmaqla bütün bu amillər ondan xəbər verir ki, bu, Rusiyanın layihəsidir və bu ölkənin Qafqazdakı maraqlarının reallaşmasına yönəlib, S.Cəlaloğlu hesab edir.
Burada hakimiyyət dəyişikliyi mümkündür, lakin MŞ-nin şərtləri ilə yox. Bu, onun taktikasından da görünür: optimist müsbət bəyanatlar verir, lakin nəzərəçarpacaq hərəkətlər etmir.
Azərbaycanda seçkilərə 3 ay qalmış onun keçirilməsi üçün adekvat şərait yoxdur. Bundan əlavə, cəmiyyət susur, siyasi müxalifət seçkiqabağı taktikaya başlamayıb ki, bu da hakimiyyətə sərf edir.
Rüstəm İbrahimbəyovla İlham Əliyevin siyasi potensialı və seçkiqabağı vədləri arasında böyük fərq var. Lakin heç bir tərəf xalqın gözləntilərinə cavab vermir. Bir tərəf demokratikləşmənin vacibliyindən, müstəqilliyin prioritetindən danışır, lakin bu anlamları uzlaşdırmır. Odur ki, seçkilərdə "üçüncü qüvvə”nin iştirakına gərək var və bu qüvvə kimi Cəlaloğlu özünü görür.
Mehriban Əliyevanın seçkilərdə iştirakı barədə şayiələr həm Milli Şura elektoratına təsir göstərə bilər, həm də hökumət dairələrində parçalanmaya səbəb olar. İstənilən halda M.Əliyevanı hakimiyyətə rezerv variant hesab etmək olar.  
R.İbrahimbəyovun qeydiyyat məsələsinə toxunan S.Cəlaloğlu proqnozlaşdırır ki, MSK gözləmə mövqeyi tutacaq və seçkilərin başlamasına 20-25 gün qalmış qeydiyyatdan imtina edəcək.
Milli Şura vahid namizəd kimi Müsavat Partiyasının sədri İsa Qəmbərin namizədliyini irəli sürəcək və o da "məğlub duruma” düşəcək.
Sonra S.Cəlaloğlu Azərbaycandakı siyasi vəziyyəti böyük dövlətlərin maraqları ilə əlaqələndirib. Belə ki, Kreml Bakıya Qarabağ probleminin həllinə dəstəyin müqabilində Avrasiya və Gömrük İttifaqına daxil olmağı təklif edir. Rusiya bu məsələdə daha çox imkanlar verməyə qadirdir, ona görə də daha aqressiv siyasət yürüdür.
İki dövlətin qarşıdurması prezident seçkiləri zamanı sürprizlərə səbəb ola bilər. Odur ki, müxalifət demokratiyaya sadiq olduğunu nümayiş etdirməklə dövlətçilik mövqeyində dayanmalıdır.
"İlham Əliyevin nöqsanı ondadır ki, o, ardıcıl deyil. Bir neçə il əvvəl bildirmişdi ki, bütün dünyadakı 50 mln. azərbaycanlının prezidentidir. Bu yaxınlardakı (iyulun 2-də polislərin qarşısında) çıxışları isə göstərir ki, o, onun maraqlarını müdafiə etməyə hazır olan kiçik poqonlu adamlar təbəqəsinə arxalanır. Avropada dövlət başçısının bu cür nitqi cəzasız qalmazdı”, - o vurğulayıb.

Printer »»»