Bir həbsin sirri…

08.07.2013

Qurban Məmmədov niyə həbs olundu?
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin öz opponentlərinə qarşı repessiya siyasəti daha da güclənib. Ardıcıl olaraq həyata keçirilən bu repressiyaların dalğası getdikcə genişlənir və müxalif qüvvələr, tanınmış  partiya funksionerləri, gənc fəallar, azad yazarlar, dini inanc sahibləri iqtidarın həbs və işgəncələrlə sonuclanan mürtəce siyasətinin qurbanına çevrilir.Hakimiyyət siyasətini tənqid etdiyinə, vətəndaşları sifarişli hökmlər çıxaran hakimlərdən müdafiə etdiyinə, bir sıra bəyanat və publisist məqalələrində mövcud reimin korrupsioner mahiyyətini vaxtaşırı olaraq toplumun diqqətinə çatdırdığına görə, Azərbaycanın tanınmış hüquqşünası, vəkil Qurban  Məmmədovun siyasi motivlə həbs edilməsi bunun bariz nümunəsidir. Bir sual var: Qurban Məmmədov niyə hədəfə alındı? Bir cavab var: Qurban bəy haqsızlığa qarşı susmağı bacarmayan və var gücü ilə ictimai yaramazlıqlar əleyhinə radikal mövqe sərgiləyən bir siyasətçidir. Eyni zamanda, o, bir siyasi hücumçudur.Başdan ayağa korrupsiya və rüşvətxorluq çirkabına bulaşmış, tərkibi kriminal ünsürlərlə, mafiya ilə çulğalaşmış, daxili siyasəti xalqı əzməyə, xarici siyasəti ölkəni təhdidlərlə üz-üzə qoymuş bir hakimiyyətə qarşı siyasi hücumçu.
Nə yaşadığı məşəqqətli həyat, nə illərlə məhkum edildiyi həbs düşərgələri onu istiqlalçı məfkurədən, demokratiya və insan haqları uğrunda mübarizədən geri durdura bilmədi. Mətanəti, iradəsi, içdə dərin kök slan vətən sevgisi, azadlıq eşqi onu heç bir hakimiyyətə boyun əydirmədi.
Hakimiyyətin milli demokratik qüvvələrə təpkisi, basqısı artdıqca müxalif qüvvələrin seyrələn sıralarında Qurban bəy öz təfdarlarını hakimyyətə qarşı mübarizədə yenidən boy sırasına düzdü…
Qurban Məmmədovun mübarizə, fəaliyyət dairəsi hər zaman geniş olub. O, hüquqi nihilizmin hökm sürdüyü bir şəraitdə demokratik cəmiyyətin dayanaqlılığına stimul verən hüquqi kərpiclərin hörgüsünün qara fəhləsi oldu. O, vəkil mantiyası əynində sifarişli və qərəzli hökm çıxaran hakimlərə od püskürdü. O, cəmiyyətin yaralarının sağalmasına xidmət edən, ictimai nöqsanları güzgü kimi özündə əks etdirən məqalələr yazdı. Yoxsullar, gündəlik çörəyə möhtac olanlar, dşılanma siasətinin qurbanı olan yaradıcı insanlar onun təmənnasız olaraq göstərdiyi xeyriyyəçilik missiyasından barındılar. İzdihamlı mitinqlərin, xalq toplantılarının hakimiyyətin mənfur siasətinə qarşı mübarizəsində öndə gedən əsgəri, kürsülərin dili həqiqət deyən natiqi oldu. Və bunlar repressiyaların hər yeri qapsadığı bir mühitdə yenidən mübarizənin önündə olan Qurban bəyin hakimiyyət qanqsterləri tərəfindən hədəfə götürülməsinə səbəb oldu.
Bəlli məsələdir ki, Qurban Məmmədovun həbsi heç də bir əvvəl törətdiyi kiçik avtoqəza ilə deyil, sırf siyasi motivlə bağlıdır. Hüquqşünaslar Qurban bəyin timsalında törədilən bu əmələ görə həbs qəti-imkan tədbirinin seçilməsinin məhkəmə tarixində ilk presedent olduğu qənaətindədir. Qəzadan keçən dövrdən ta Qurban bəyin həbsinə qədər ortada bir şikayət yox, adam kiçik xəsarət almış və bu xəsarətin aradan qaldırılması üçün ona  gərəkən hər bir yardım edilmişdir. Vəkillərinin etirafına görə, baş verən qəza ilə bağlı Qurban bəy dərhal hüquq mühafizə orqanlarına xəbər vermiş və hadisənin zərərçəkənin ehtiyatsızlığı üzündən yarandığı təsdiqlənmişdir. Lakin hadisənin bir il sonra yenidən qabardılması, üzrünü, yardımını alan zərərçəkənin yenidən Qurban Məmmədovun üzünə durdurulması bu məsələnin hakimiyyət tərəfindən qəsdən şişirdildiyini və Qurban bəyi siyasi mübarizə meydanından uzaqlaşdırmaq məqsədi daşıdığını bir daha isbatlayır.
İndi ölkənin bütün hüquqşünasları, ziyalı kəsim, azad qələm sahibləri və on minlərlə aktiv vətəndaşlarımız onun azad olunması üçün bir araya gəlib. Tanınmış hüquqşünaslar bundan əvvəl də Qurban bəyin və digər vəkil və hüquqşünasların siyasi mövqeyinə görə peşə fəaliyyətinin məhdudlaşdırılmasını,  konstitusiya hüquqlarının  kobud şəkildə pozulmasını və onların müdafiəsinə ehtiyacı olan vətəndaşların məhkəmələrdə hüquqlarının effektli müdafisinin qarşısının alınması faktlarını qətiyyətlə pisləyib və hakimiyyəti ölkədə hökm sürən hüquqi nihilizmə son qoymağa, demokratiyanın əsas şərti olan qanunun aliliyi prinsipini qorumağa çağırıb. Hüquqşünaslar  həmçinin, Azərbaycan ictimaiyyətini və dünyanın bütün hüquqşünaslarını onlarla həmrəylik nümayiş etdirməyə və Qurban bəyin azad olmasına  axıra qədər dəstək olmağa səsləyib.
Nurəddin İSMAYIL
Printer »»»