İctimai dirəniş zamanı...

07.06.2013

Hər kəsin yaxından tanıdığı, dostların güvəndiyi, hakimiyyət adlı anti-milli qüvvənin varlığından əndişə duyduğu, əqidədaşlarının arxasında güc hiss etdiyi, harada, hansı düşərgədə olmasından asılı olmayaraq haqsızlığa qarşı savaş meydanı açan, Milli Azadlıq Hərəkatının öncüllərindən olan, peşəkar hüquqçu, tanınmış vəkil Qurban Məmmədovun həbslərlə  dolu zəngin həyatına yeni həbs “naxışı” da vuruldu. Bəhanəsi idarə etdiyi avtomillə ayaq əzmə qəzası, səbəbi siyasi motivli bir həbs.
Bir ailədən neçə nəfər tutulmalı, bir ailəyə mənsub şəxs neçə dəfə həbs edilməlidir ki, bu hakimiyyətin həmin ailəyə qarşı nifrin və qəzəbi soyumuş olsun?! Böyük qardaş Əbdül bəy illərdir əlil olan Qarabağ qazisi, bir qardaş – Sərdar bəy apardığı siyasi mübarizənin ona dəfələrlə işgəncələr və həbslər  həyatını yaşatdığı mübariz insan, qardaşı və bacısı uşaqları onların apardığı siyasi mübarizənin həbsə məhkum olunmuş insanları, özü rus rejiminin quduz hücumlarından tutmuş, indiki rejimin işgəncə, təqib, təhdid, repressiya və həbslərini yaşayan, beş ovlad atası Qurban bəy. Bəlli, rejim etdikləri sitəmlərin fərqindədir və hər bir oyanış onu ciddi narahat edir.
Qurban Məmmədov – oyanışa səsləyən, haqsızlığa var gücü ilə bağıran, hər fürsətdə ictimai naqislikləri çəkinmədən dilə gətirən, korrupsioner rejimin mahiyyətini hüquqi dillə kütləyə çatdıran, başı pozuq hakimiyyət məmurlarını adı ilə çağıran, müxalif düşüncəni repressiv rejimin basqılarından qoruyan və hakimiyyət təbirincə yanaşsaq, onların oyun qaydalarını pozan dəliqanlı. O, köləliyi xoşlamır, xalqını kölə görməkdən uzaqdır və tək amacı öz millətini dəyərli millətlər sırasında görməkdir.
Hazırkı rejim millətimizin arzu və istəklərinin ifadəçisi olmadığı üçün, onun dəyişilməsi Qurban bəyin mübarizə hədəfinə daxil edildiyi kimi, o da bu dəyişilmələrin qatı əleyhdarı olan mürtəce rejimin hədəfinə çevrilib. Onun ali dəyərlər uğrunda başlatdığı savaş, hakimiyyətin cılız tayfa siyasəti ilə daban-dabana ziddiyyət təşkil edir və bu savaş mənəvi gücün material düşgünlük üzərində onun həbsi ilə nəticələnən qələbə ilə başa çatır.
Qurban bəy heç bir sərhəd tanımayan, əxlaqı, mənəvi, bəşəri dəyərləri inkar edən bir rejimlə mübarizə aparmasının fərqindədir və nə işgəncələr, nə də həbslər onu bu yoldan döndərmək zorunda deyil. Təbii ki, hakimiyyət də onun əyilməz olduğunu bilir və atqıqları addım heç də Qurban bəyi neytrallaşdırmağa deyil, rejimə qarşı mübarizə ruhunda köklənmiş on minlərlə vətəndaşı susdurmaq planlarına hesablanıb. Hakimiyyət nəyin bahasına olur-olsun ictimai aktivliyi dayandırmaq, vətəndaşların sosial, iqtisadi və siyasi fəallığını aşağı salmaq, fərqli fikirləri, azad düşüncəni boğmaq, söz, mətbuat və sərbəst tolaşma azadlığının qarşısını almaq kursu götürüb.
Ölkədə baş verən hər hansı bir siyasi yönümlü hərəkətə – piket və mitinqlərə edilən cəhd, gənclərin sosal şəbəkələrdə ölkədəki proseslərlə bağlı fikir bölüşməsi, ayrı-ayrı rayonlarda məmur özbaşınalığına qarşı baş verən narazılıqlar iqtidar tərəfindən qəzəblə qarşılanır və onlar bu narazılıqların yaranma səbəblərini aradan qaldırmaq əvəzinə zorakı, qeyri-qanuni hərəkətlərə üstünlük verir. Amma hakimiyyət rəsmiləri unutmamalıdır ki, ictimai qəzəb doğuran bu cür neqativ hadisələr sonda onların öz əleyhinə çevriləcək və Qərblə, Rusiya ilə aralarında yaşanan gərginliklər silsiləsinə daxili sabitliyin pozulması kimi qorxulu faktor da daxil olacaq.
Görünən odur ki, Qurban Məmmədovun timsalında başlayan bu cür həbs dalğası getdikcə artacaq və iqtidar qarşıdan gələn prezident seçkilərində “qalib” olmaq üçün cəmiyyəti xofda saxlayan  yeni repressiv üsullara əl atacaq. Pis və cəmiyyət üçün qaranlıqlara yol açan mənfi tehdensiya ondan ibarətdir ki, hakimiyyət qlobal dünyada gedən müsbət dəyişiklilərdən nəticə çıxarmaq istəmir və var gücü ilə sivil dünyanın müdafiəsinə qalxdığı insan hüquq və azadlıqları məsələsində uzun illərdən bəri başlatdıqları kor siyasəti davam etdirməkdən geri durmur. Avropada, Türkiyədə hökumət əleyhinə yönələn aksiyaların yatırılmasını ədalətsiz hesab edən hakimiyyət ölkəmizdəki ədalətsizliklərə qarşı etiraz edənləri gözardı edir və siyasətlərinə boyun əymək istəməyən rəqiblərini ən əmansız repressiyalara məruz qoyurlar.
Bu baxımdan, Qurban bəyin həbsə məruz qalması diqqətdən yayınmamalı və hüquqçusundan, siyasisindən, adi vətəndaşından tutmuş bütün toplum onun siyasi motivli həbsindən narahat olduğunu dilə gətirməli və bu həbsin sifarişçisi olan hakimiyyətə qarşı ictimai dirəniş göstərməlidir.

Nurəddin Ismayıl
Printer »»»