Tanımışların həbsi cəmiyyətdə narazılığı artırır...

07.06.2013

Seçkilər yaxınlaşdıqca iqtidarın siyasi təlaşı da artır və onlar öz hakimiyyətlərini qorumaq üçün hər cür qeyri-qanuni vasitələrə əl atırlar. Əvvəllər əsas kurs sərbəst toplaşma, fikir və söz azadlığını məhdudlaşdırmaq, aktiv gəncləri həbs etməklə onları siyasi mübarizədən çəkindirmək idisə, indi tanınmış siyasi liderləri, vəkilləri, hüquqşünasları, ictimai xadimləri hədəfə almaq kursu götürülüb. Bir az əvvəl tanınmış hüquqşünas, vəkil Aslan İsmayılovun “bandotdelə” çağırılıb güc tətbiq edilməsi, şəxsiyyətini aşağılayan hərəkətlərə yol verilməsi, üç gün öncə isə Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından olan, daha bir tanınmış vəkil Qurban Məmmədovun ağla gəlməyən bəhanələrlə həbs edilməsi hakimiyyətin məqsədlərini ortaya qoyan faktorlardır. Təkcə Azərbaycan tipli ölkələrdə tanınmış simaları xuliqanlıq, yol hərəkət qaydalarını pozmaq, polisin göstərişinə tabe olmamaq adı ilə həbsə atırlar.
İş o yerə çatıb ki, hakimiyyət nəinki öz hüququnu bilməyən vətəndaşları, hətta minlərlə insanın hüquqlarının müdafiəçisi rolunda çıxış edən vəkilləri belə zorakılığa məruz qoymaqdan, həbsə atmaqdan çəkinmir. Artıq bu hakimiyyət üçün elə bir ali dəyər qalmayıb ki, onlar üçün toxunulmaz olsun.
Əlbəttə, hər kəsə bəllidir ki, istər A.İsmayılov, istərsə də Q.Məmmədov heç də hakimiyyətin cəmiyyətə təqdim etdiyi müddəalarla deyil, sırf siyasi motivlər üzrə təzyiqə və həbsə məruz qalıblar. Onlar peşəkər hüquq müdafiəçisi olmaqla bərabər cəmiyyətimizdə baş verən ictimai haqasızlıqlara ciddi etiraz edən, özbaşınalıqlara, qanun pozuntularına qarşı mübarizə aparan və demokratik dəyərlərin qorunması istiqamətində yorulmaz səylər göstərən insanlardır ki, bu da hakimiyyətin diqqətindən yayına bilməzdi.
Q.Məmmədov öz bəyanatlarında, mətbu orqanlardakı çıxışlarında vətəndaşları öz hüquqları uğrunda mübarizəyə səsləyən, mövcud hakimiyyətin xalqa yönəlik mürtəce siyasətini ifşa edən, sifarişli hökmlər yerinə yetirən hakimlərin iç üzünü açan, korrupsiya və rüşvətxorluq bataqlığında batan idarələrin fəaliyyətini cəmiyyətin diqqətinə çatdıran bir hüquqşünasdır və bu üzdən iqtidarın  daim hədəfinə çevrilib.
Bəs, hakimiyyətin birdən-birə tanınmışlara qarşı təzyiq və təqiblərinin arxasında duran fakt nədir? Nədən dünənə qədər siyasi dialoqdan, qarşılıqlı anlaşmadan, vətəndaş həmrəyliyindən dəm vuran hakimiyyət birdən-birə tanınmışlar ovuna çıxdı?! Bu, ilk növbədə hakimiyyətin aşağı düşən nüfuzu fonunda hakimiyyətlərini itirmək qorxusundan yaranan isterikadır. Onlar hesab edirlər ki, cəmiyyətdə nüfuz sahibi olan bu cür insanlar bir çıxışla, bir çağırışla vətəndaşları oyadıb hakimiyyətə qarşı səfərbər edə bilər. Ona görə də dərhal profilaktik tədbirlərə əl atır,  arxasınca on milərlə insanı bu hakimiyyətə qarşı mübarizəyə apara biləcək nüfuzlu şəxsləri “zərərsiz” hala gətirirlər.
İkinci tərəfdən son illər hakimiyyətin Qərb və Rusiya dayaqlarını itirməsi onu bugünə qədərki müdafiəçilərdən məhrum edir və iqtidar bütün gücünü ən çox ehtiyat etdiyi daxili müqaviməti qırmağa sərf etməyə başlayır. Əgər dünənə qədər hakimiyyət dəyişilmələri bilavasitə Qərbin və Rusiyanın əli ilə həyata keçirilirdisə, son vaxtlar iqtidarın plansız olaraq sağa-sola meyllənməsi, adı çəkilən ölkələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi onları qane etmir və istər Vaşinqton, istər də Moskva hazırkı status-kvonun qorunmasında maraqlı görünmürlər.
Getdigcə güc dövlətlərinin dəstəyini itirən Azərbaycan hakimiyyəti yeganə yolu milli qüvvələri sıradan çıxarmaq, cəmiyyətdə nüfuzu olan şəxsləri həbsə atmaq və beləliklə qarşıdan gələn seçkilərə müqavimətsiz bir cəmiyyətlə daxil olmaq fikrinə düşüb. Əlbəttə, hakimiyyətin bu çabaları – gənc aktivistləri, siyasi liderləri, tanınmış hüquqşünasları saxlamaq, həbs etmək onu xalq qəzəbindən xilas edə bilməz, əksinə bu cür repressiyalar, təzyiq və təqiblər xalqın müqavimət hissini daha da artırır və hakimiyyətin uzun olmayan ömrünü bir az da qısaldır.
ADP gənclər təşkilatının sədr müavini

Azər sadıxov
Printer »»»