İlham Əliyev iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz

10.06.2013

ADP idarə heyətinin toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti ilk öncə ötən həftə iyun ayının 7-də YAP-ın V qurultayında İlham Əliyevin üçüncü dəfə Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi məsələsini müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, 2009-cu ilin martında heç bir sosial sifariş olmadan, legitimliyi ciddi şübhələr yaradan, referendum yolu ilə Konstitusiyanın 101.5-ci maddəsinin (Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz) aradan qaldırılmasının həmin vaxtı ikinci dönəm prezident postunda olduğundan dolayı hazırkı dövlət başçısı İlham Əliyevə hüquqi baxımdan tətbiq oluna bilməz. Bu addımın siyasi nəticələrinə toxunan İdarə Heyəti üzvləri YAP-ın bu addımını ölkədə konstitusion demokratiyaya vurulan zərbə, ölkəni totaritarizmə sürükləmək və yenidən hakimiyyətin uzurpasiyasına cəhd kimi dəyərləndirib. 
İdarə Heyəti gənc  “Nida”çı fəal Z.Qurbanlının həbsindən və həbsxanada sağlamlıq vəziyyətinin kritikləşməsi barədə onun vəkilinin verdiyi aşıqlamadan narahat olduğunu bildirib və hakimiyyətin son vaxtlar ayrı-ayrı gəncləri həbs etmək faktlarının arxasında seçki qabağı cəmiyyəti xofda saxlamaq, ictimai aktivliyə stimul verən sərbəst toplaşma, söz, fikir azadlığının boğulması siyasətinin durduğunu, bu cür həbslərin demokratiya və insan haqlarına zidd olduğunu diqqətə çatdırıb. Partiya yetkililəri dövlət başçısını humanist addım ataraq talassemiya xəstəliyindən əziyyət çəkən Z.Qurbanlını həbsdən azad etməyə, onun müalicəsinə qayğı göstərməyə çağırıb.

İdarə Heyəti Milli Şuranın tərkibinin elan olunması ilə bağlı məsələyə münasibət bildirib və müxalifətin inteqrasiyası, siyasi qüvvələrin vahid mərkəzdə, vahid ideya ətrafında birləşməsi, ölkədə dinc siyasi dəyişiklilərə nail olunması baxımından təqdir etməklə, hazırkı tərkibin cəmiyyətin bütün təbəqələrini təmsil etmə gücündə olan daha böyük spektrdə olunmasını və bu tərkibdə nüfuzlu siyasi xadimlərin, elm, mədəniyyət daşıyıcılarınınn yer almasının tərəfdarı olduğunu qeyd edib.

İdarə heyəti Qaçqın və Məcburi köçkünlərlə iş üzrə dovlət komitəsinin işğal olunmuş ərazilərimizdə, talan edilən, dağıdılan, milli, mədəni və maddi sərvətlərimizin kompensasiya edilməsi ilə bağlı Ermənistanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı təşəbbüsünü təqdir edib və ADP-nin 20 il əvvəl, 1-ci Qurultayında qaldırdığı bu məsələyə hakimiyyətini indi qayıtmasını müsbət dəyərləndirib, ölkə ictimaiyyətini bu təşəbbüsə dəstək verməyə çağırıb.

İdarə Heyəti AXCP fəallarının Lənkəranda keçirmək istədiyi tədbirlərin qarşısının polislər tərəfindən alınması, onlara qarşı zorakılıq göstərilməsi, nəqliyyat vasitələrini əzib sıradan çıxarması faktlarını qətiyyətlə pisləyib və bu hərəkətlərin insan haqlarına sayğısızlıq olduğunu bildirməklə ölkədə vətəndaş həmrəyliyinin pozulması, dövlət-vətəndaş bağlılığının qırılması kimi dəyərləndirib.

İdarə Heyəti ARDNŞ-in prezidenti R.Abdullayevin Ermənistanı qazla təchiz etmək barədə səsləndirdiyi bəyanata da münasibət bildirib, qeyd edilib ki, Ermənistanın Türkiyə və Azərbaycana olan ərazi iddialarından geri çəkilərsə, işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı razılaşmaya imza atarsa, ötən illər ərzində dövlətimizə vurduğu maddi və mənəvi ziyanları ödəməyi boynuna götürərsə nəinki onların qazla təchizatı, eləcə də bu ölkənin dirçədilməsinə xidmət edən bir çox proyektlərdə iştirakı təmin oluna bilər.

İdarə Heyəti son vaxtlar cəmiyyətdə kifayət qədər tanınmış simaların, o cümlədən vəkil A.İsmayılovun, vəkil Q.Məmmədovun təzyiqlərə məruz qalması, qanunsuz olaraq həbs edilməsi faktlarından ciddi narahat olduğunu, bu repressiyanın heç də hər hansı cinayətlə deyil, sırf siyasi motivlə bağlı olduğunu diqqətə çatdırıb və iqtidarı ictimaiyyət qarşısında geniş xidmətləri olan, ölkənin müstəqilliyinin, suverenliyinin əldə olunması və demokratikləşməsi yolunda səylər göstərən tanınmış simalara yönəlik bu cür hərəkətlərə son qoymağa çağırıb.

Printer »»»