Amerikali konqresmen bütöv Azərbaycan mesajı

26.05.2013

Dana Rohrabaker: “Biz bu gün həm Quzey, həm Güney Azərbaycana bu mesajı göndərmək istəyirik ki...”
Amerikalı konqresmen Dana Rohrabaker Vaşinqtonda Azərbaycan Respublikasının qurulmasının 95-ci ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edib. Konqresmen “Amerikanın səsi”nə bildirib ki, İranda etnik azərbaycanlılar öz müqəddəratını müəyyən etmək hüququna malikdir. O, müsəlman şərqində ilk Demokratik Respublikanın 95 il öncə Azərbaycanda qurulduğuna işarə edərək deyib.
“Azərbaycanla əlaqələrimiz var, eyni zamanda İranda yaşayan azərbaycanlılar var, Güney Azərbaycan var. Burada da Birləşmiş Ştatlara nifrət edən molla rejimi azərbaycanlıları yenə də bizimlə təbii dostluq münasibətləri əleyhinə bir mövqedə saxlayır”.
Konqresmen ardınca maraqlı mesajlar verib: “Bu gün biz Azərbaycan və ABŞ xalqları arasında təbii dostluğu təntənə edirik.
İranda molla rejiminin istibdadçı siyasətini tətbiq etdiyi bir şəraitdə yaşayan bütün xalqlar üçün indi ağır bir vaxtdır. Çünki molla rejimi Qərb, xüsusilə də Birləşmiş Ştatlara müharibə elan edir. Biz əmin olmalıyıq ki, Güney Azərbaycanda insanlar fars rejiminin mahiyyətinin nədən ibarət olduğunu, onların fars olmadığını və orada bizə təbii surətdə dost olan adamların olduğunu bildiyimizi başa düşür. Biz bu gün həm Quzey, həm Güney Azərbaycana bu mesajı göndərmək istəyirik ki, Birləşmiş Ştatlar sizin təbii müttəfiqinizdir və biz dünyanın bu hissəsində demokratiya və öz müqəddəratını təyinetməni gətirmək üçün birlikdə işləməliyik”.
Qeyd edək ki, İranın eks-prezidenti Haşimi Rəfsəncani bir neçə gün öncə amerikalı konqresmenin Güney Azərbaycanla bağlı çıxışlarına istinad edərək “ABŞ İranı parçalamaq, Azərbaycan türklərini, bəlucları ayırma istəyir” deyə, bildirmişdi.

Printer »»»