ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

19.03.2013

“Hörmətli soydaşlarım!
Novruz bayramı münasibəti ilə sizi təbrik edir, ölkəmizə əmin-amanlıq, ailələrinizə rifah, hər birinizə can sağlığı və xoşbəxtlik arzu edirəm.
Xalqımızın ən qədim bayramlarından olan Novruz baharın, yeniliyin, saflığın və bərəkətin rəmzi sayılır. Uzun illər bu bayramı qadağan etməklə onu xalqımızın yaddaşından birdəfəlik silməyə çalışanlar heç vaxt istəklərinə nail ola bilməyib. Qadağalar çoxaldıqca xalqımız öz bayramını daha əziz tutub, ənənələrinə daha çox sədaqət nümayiş etdirib. Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra Novruz da təqvimdə öz layiqli yerini tutdu.
Təəssüf ki, artıq 20 ildən çoxdur ki, xalqımız bu bayramı bütün ölkə boyu keçirə bilmir. Qonşu Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal altında olan ərazilərində xalqımız Novruz tonqalları yandıra, həmin bölgənin əhalisi isə öz doğma evlərində bu müqəddəs bayramı qeyd edə bilmirlər.
Biz vəziyyətin bu cür davam etməsindən çox narahatıq və bir siyasi partiya olaraq Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi ilə əlaqədar əlimizdən gələni etməyə çalışırıq.
Hörmətli soydaşlarım!
Bu bayram təkcə Azərbaycan Respublikasının vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla Azəri qardaşlarımızın bayramıdır. Ona görə də mən bütün dünya azərbaycanlılarını bu bayram münasibəti ilə təbrik edirəm, onlara birlik və milli haqlarımızın qorunması işində böyük uğurlar arzu edirəm.
Novruz Bayramınız mübarək, əziz həmvətənlər!
Allah Azərbaycanımızı və sizləri qorusun! 
Hörmətlə,
Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri
Bakı şəhəri, 19 mart 2013-cü il.      
Printer »»»