ADP-dən ANS-ə ittiham

08.10.2013

"Sorğu respodentlərin rəyi deyil, ANS rəhbərliyinin prezidentliyə namizədlərə münasibətidir"
Anspress saytı neçə vaxtdır ki, prezidentliyə namizədlərin seçkidən öncə reytinqi ilə bağlı sorğu keçirirdi. Həmin sorğunun nəticələri hər gün "Xəbərçi" proqramında elan olunurdu. Azərbaycan Demokrat Partiyasından (ADP) Moderator.az-a bildirilib ki, bu sorğular həqiqəti əks etdirmir və təxribat xarakterlidir. ADP sədrinin birinci müavini Həsrət Rüstəmov əməkdaşımıza açıqlamasında bildirib ki, sözügedən sorğudakı səsvermələrin nəticələri reallığı qətiyyən əks etdirmir: "ADP sədri Sərdar Cəlaloğluna aid nəticənin qərəzliliyini sübut etmək üçün partiya üzvləri eyni vaxtda onlarla kompüterdən səs vermək istəsələr də səsverməni həyata keçirmək mümkün olmayıb.
Elə bir mexanizm quraşdırılıb ki, real nəticəni görmək mümkün olmasın. Bu da o deməkdir ki, sözügedən kanal özünün dəqiq, qərəzsiz, obyektiv imicinə kölgə saldı. Həm də bu onun göstəricisidir ki, bu kanal təxribat xarakterli fəaliyyətlə məşğuldur".
H.Rüstəmov onu da bildirib ki, ANS doğrudan da dəqiq, qərəzsiz, vicdanlı adına sadiq qalsaydı,  o zaman kommersiya maraqlarından çıxış etməli və prezidentliyə namizədlərə ödənişli efir vaxtı verməli idi: "Ancaq prezidentliyə namizədlərin çoxsaylı müraciətlərinə baxmayaraq, namizədlərə 1 saniyə də olsun efir vaxtı vermədi. Bu onu göstərir ki, sözügedən sorğu respondentlərin rəyi deyil, ANS rəhbərliyinin prezidentliyə namizədlərə münasibətidir."

Printer »»»