Bugünkü seçkidə qeydə alınan qanun pozuntuları

09.10.2013

Bu gün ölkədə keçirilən Prezident seçkilərində baş verən qanun pozuntuları ilə bağlı ADP-nin Mərkəzi Seçki Qərargahına daxil olan məlumatlar:
4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə müşahidəni həyata keçirən ADP-dən olan vəkil edilmiş şəxs Şahin Məmmədov səsverməni müşahidə etmək üçün 10 saylı seçki məntəqəsinə buraxılmayıb. 
08 Binəqədi ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində səsverməni müşahidə edən ADP-dən olan vəkil Seyidov Mir Kamil Mirsənan oğlunun səsvermə başa çatandan sonra səslərin sayılması prosesini müşahidə etməsinə imkan verilməyib, o zorla məntəqədən uzaqlaşdırılıb.

15 saylı Yasamal seçki dairəsinin 27 saylı məntəqəsində səsvermə başa çatandan sonra səslərin sayılması prosesini müşahidə etmək istəyən ADP-dən olan vəkil edilmiş şəxs Alxasova Könül İslam qızı zorla məntəqədən uzaqlaşdırılıb.
33 saylı Xətai birinci seçki dairəsi ərazisində ADP-dən olan vəkil edilmiş şəxs Hüseynova Səadət İsmayıl qızının verdiyi məlumata görə 14 saylı məntəqədə bir qrup insanlar təkrar səsvermədə iştirak ediblər, məntəqədə hakimiyyətin namizədinin lehinə təbliğat aparılıb, müşahidəyə normal şərait yaradılmayıb, şəxsiyyət vəsiqəsi olmayan seçilər səsvermədə iştirak edib, bu faktları məntəqə sədrinin diqqətinə çatdıran Hüseynova Səadət İsmayıl qızı hədə-qorxu ilə üzləşib. 
43 saylı Sumqayıt üçüncü seçki dairəsi ərazisində müşahidə aparan ADP-dən olan vəkil edilmiş şəxs Vəliyev Azər Polad oğlu 30 saylı seçki məntəqəsinə daxil əlində hazır bülletenlə daxil olan bir şəxsin səsvermədə iştirakına imkan verilməməsi ilə bağlı məntəqə sədrinə müraciət edib. Qanun pozuntusunun qarşısını almaq əvəzinə məntəqə sədri polis çağırmış Vəliyev Azər Polad oğlunu məntəqədən uzaqlaşdırmışdır.
77 saylı Astara seçki dairəsindən ADP-dən olan müşahidəçi İlqar Qəmbərovun verdiyi məlumata görə 5, 6, 7, 8 və 12 saylı məntəqə seçki komissiyalarında kütləvi qanun pozuntuları – topa bülletenlərin atılması, təkrar səsvermə və yerli icra orqanlarının səsvermə prosesinə müdaxilələri qeydə alınıb.
111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə müşahidəni həyata keçirən ADP-dən olan vəkil edilmiş şəxs Mübariz İsmayılovun verdiyi məlumata görə 29, 30 və 31 saylı seçki məntəqələrində seçki saxtakarlıqları müşahidə edilib. Belə ki, seçicilərin barmaqlarına mürəkkəb vurulmayıb, bir nəfərin bir neçə dəfə səs verməsi qeydə alınıb. 32 saylı seçki məntəqəsinin sədri Mustafa Mikayılov müşahidəçilərə səsverməni normal müşahidə aparmasına imkan verməyib. 

Printer »»»