ADP Avropa Birliyinin Ukraynanın şərqində keçirilmiş seçkilərin nəticələrinin tanımaması ilə bağlı qərarını alqışlayır

01.12.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə siyasi mötivli həbslərin davam etməsi, həbsdə olan jurnalistlərin, qeyri-hökumət təşkilatların və gənc siyasi aktivlərin saxlanma şəraitinin ağırlaşması, səhhətində problemlər yaranan məhbusların müalicə alması üçün lazımi şəraitin yaradılmaması faktlarından narahat olduğunu bildirib və hakimiyyəti müxtəlif bəhanələr adı altında həbsdə saxlanılan siyasi məhbusları azadlığa buraxmağa çağırıb.

İdarə Heyəti son günlər parlamentdə hakimiyyət rəsmiləri tərəfindən antiqərb təbliğatının aparılması, insan haqları ilə bağlı əlaqəli Avropa strukturlarına qarşı qara piar təşkil edilməsi faktından narahat olduğunu bildirib və bu qaralama kompaniyasının qərblə iqtisadi əməkdaşlıq perspektivlərinə zərbə vuracağını qeyd edib və hakimiyyəti gələn ilin yayında Azərbaycanda keçiriləcək yay olimpia oyunları ərəfəsində qərblə qarşıdurma siyasətindən daha çox qərblə uzlaşma siyasətinə önəm verməyə çağırıb.

İdarə Heyəti 2015-ci il büdcəsinin qeyri-sosial yönümlü, korrupsiya risqi böyük, neftdən asılı bir büdcə kimi qiymətləndirib və neftin dünya bazarında qiymətlərinin sürətlə enməsi müqabilində qarşıdan gələn ildə vətəndaşların ağır sosial-iqtisadi vəziyətə düşəcəyi ilə bağlı narahatlığını ifad edib.

İdarə Heyəti Moldovada keçirilən parlament seçkiləri nəticəsində rusyönümlü kommunistlərin səs çoxluğu əldə etməsindən narahat olduğunu bildirib və bunun əsas səbəbinin Qərbin postsovet məkanında müstəqillik əldə edən ölkələrdə demokratiyanın zəif qoruması, Rusiyanın bu ölkələr üzərində dominant rolunun oynaması faktından irəli gəldiyini diqqətə çatdırıb və beynəlxalq təşkilatları Rusiyanın demokratiya yoluna qədəm qoymuş müstəqil dövlətlərə basqısının, hər bir vəchlə onları öz təsir dairəsinə salmaq cəhdlərinin qarşısını almağa çağırıb.

İdarə Heyəti Avropa Birliyinin Ukraynanın şərqindəki separatistlərə bağlı 5 hüquqi və 13 fiziki şəxsə qarşı sanksiya tətbiq etməsi məsələsini müzakirə edərək bəyanat qəbul edib.

Bəyanatda deyilir:

ADP Avropa Birliyinin Ukraynanın şərqində separatçı və qondarma respublikalarda keçirilmiş seçkilərin nəticələrinin tanımaması, onları qanunsuz hesab etməsi, separatçıların liderlərinin Avropaya girişinə qadağa qoyması, onların Avropada olan bank hesablarının dondurulması ilə bağlı qərarını haqlı hesab edir və alqışlayır. Lakin, ötən həftə Azərbaycanın Dağlıq Qarabağ ərazisində özünü qondarma respublika elan edən separatçıların lideri Bako Saakyanın bir sıra Avropa və Qərb dövlətlərinə səfərlər etməsinə, telemarafonlar təşkil edərək separatçıların maliyyələşməsi üçün külli miqdarda maliyyə toplamasına (hansı ki, bu maliyyə separatçılığa və terrora xərclənir) Avropa və Qərb institutları tərəfindən heç bir reaksiya verilməməsini hiddətlə qarşılayırıq.

ADP belə hesab edir ki, Avropa Birliyinin separatçılara qarşı bu cür ikili münasibəti postsovet məkanında mövcud olan antiavropa və antiqərb qüvvələrinin mövqelərinin möhkəmlənməsinə, eyni zamanda Avropaya və Qərbə inteqrasiya yolunu tutmuş demokratik qüvvələrin zəiflədilməsinə xidmət edir və regional sülhün və əməkdaşlığın irəli gedə bilməsinə maneə yaradır.

ADP Avropa Birliyini, o cümlədən digər beynəlxalq institutları postsovet məkanında mövcud olan bütün separatçı rejimlərə - o cümlədən Azərbaycan ərazisində olan Dağlıq Qarabağ separatçılarına, Gürcüstan ərazisində olan Cənubi Abxaziya və Osetiya separatçılarına və Moldovada olan Dnestryanı separatçılara qarşı da anoloji mövqedən yanaşmağa çağırır.

Printer »»»