ADP İdarə Heyəti Barak Obamanın tənqidinə haqq qazandırdı...

29.09.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə Avropa Parlamentinin Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, demokratk geriləmələr, sərbəst toplaşma, söz və mətbuat azadlığına qarşı məhdudiyyətlərin qoyulması, QHT-rə, bütövlükdə vətəndaş cəmiyyəti institutlarına yönəlik repressiyaların, həbslərin davam etdirilməsi ilə bağlı çıxardığı qətnaməyə və ABŞ Prezidenti B.Obamanın çıxışında Azərbaycanın adının insan haqlarının pozulduğu ölkələr sırasında hallandırılmasına münasibət bildirib və hər iki yanaşmanın Azərbaycan reallıqlarını düzgün əks etdsirdiyini diqqətə çatdırıb.
Partiya yetkililəri son vaxtlar Azərbaycanda insan hüquq və azadlıqlarının ardıcıl olaraq pozulmasını və bu tendensiyanın getdikcə güclənməsini qeyd edib və beynəlxalq təşkilatların bu sahədə təpkilərinə baxmayaraq iqtisadi, siyasi, sosial sahələrdə antidemokratik vəziyyətin hökm sürməsindən ciddi narahat olduğunu ifadə edib və hakimiyyəti ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın qorunması istiqamətində ciddi addımlar atmağa, siyasi qurumlara, vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyalara son qoymağa və beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.

İdarə Heyəti BMT-nin 69-cu sessiyasında Ermənistan prezidenti S.Sarkisyanın Dağlıq Qarabağın artıq müstəqil dövlət olması və bu məsələnin bitməsi ilə bağlı səsləndirdiyi sərsəm və həyasızlıq həddinə çatan bəyanatına münasibət bildirib və bu bəyanatın BMT-nın məlum qətnamələrinə və beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd etməklə bu cür çıxışların sülh danışıqlarının pozulması ilə nəticələnə biləcəyini diqqətə çatdırıb.
İdarə Heyəti Rusiya Dövlət Dumasının müavini, zaman-zaman Azərbaycan əleyhinə, bütövlükdə türk və müsəlman dünyasına qarşı təhqiramiz çıxışları ilə yadda qalan V.Jirinovskinin Azərbaycana baş tutan səfərindən təəssüfləndiyini bildirib və onun ölkəmizdə ən yüksək səviyyədə rəsmi qəbulundan narahat olduğunu diqqətə çatdırıb. Partiya rəsmiləri anti Azərbaycan mövqe sərgiləyən, türk və müsəlman dünyasına qarşı açıq nifrətini gizlətməyən belə bir tipin nəinki ölkəmizə səfərinin qarşısının alınmasının, hətta onun ölkəmiz üçün arzuolunmaz şəxs elan edilməsi və türk və müsəlman dünyasına qarşı müharibəyə çağrışlarına görə beynəlxalq məhkəmə qarşısına çıxarılmasının vacibliyini qeyd edib.
İdarə Heyəti Müsavat Partiyasının qurultayının nəticələrinə münasibət bildirib və partiyanın yeni başqanın seçilməsi ilə bağlı müsavatçıları təbrik edib və onların bundan sonrakı fəaliyyətinin millətimiz üçün faydalı olaçağına, ümumi müxalifət düşərgəsinin yeni keyfiyyətdə möhkəmlənməsinə, böyük tarixi olan bir partiyanın zamanın sınağından şərəflə çıxacağına inamını ifadə edib.
Printer »»»