ADP-dən Siyavuş Novruzova maraqlı sual

02.04.2014

“Mətbuatdan başqa siyasi partiyalar üçün hansı fəaliyyət meydanı qalıb ki, müxalifət orda fəaliyyət göstərmir?”
YAP İcra katibinin müavini Siyavuş Novruzovun “müxalifət ancaq qəzet səhifələrində mövcuddur” atmacasına Azərbaycan Demokrat Partiyasından reaksiya bildirilib. ADP sədrinin müavini Taliyət Əliyev açıqlamasında YAP-çı deputatın məntiqiylə razılaşmadığını bildirib:
“Siyavuş Novruzov bu açıqlaması ilə əslində özü-özünü təkzib edir. O, bir tərəfdən siyasi gündəmdəki sakitliyi seçkilərin arxada qalması ilə izah edir.
Digər tərəfdənsə müxalifəti fəaliyyətsizlikdə günahlandırır, müxalifətin fəaliyyətini ancaq mövzu olandan-olana qəzet səhifələrinə çıxması ilə əlaqələndir. Necə ola bilir ki, YAP-ın fəaliyyətsizliyi seçkidən sonrakı vəziyyətlə izah olunur, amma müxalifətin fəaliyyətsizliyi başqa arqumentlərlə. Tamamilə məntiqsiz və qeyri-obyektiv mövqedir. Guya YAP-ın bu günkü fəaliyyəti nədən ibarətdir ki? Onların da bu günkü fəaliyyəti mövzu olandan-olana qəzetə çıxmaqdan ibarətdir, xüsusən də Siyavuş Novruzovun. Siyavuş Novruzov bu açıqlaması ilə həm də sübut edir ki, ölkənin siyasi meydanı qəzet səhifələri qədər kiçilib. Mitinq olmaz, piket olmaz, siyasi maarifçiliyi həyata keçirmək üçün cəmiyyətlə işləmək, kütləvi tədbirlər keçirmək, televiziyalara çıxmaq olmaz və s. Qəzet səhifələrindən başqa siyasi partiyalar üçün hansı fəaliyyət meydanı qalıb ki, müxalifət orda fəaliyyət göstərmir?”

Printer »»»