Imzatoplama kampaniyasına yerli dovlət orqanları müdaxilə edir

04.09.2013

İki gündür ki, ayrı-ayrı yerlərdə ADP-nin imza toplama kampaniyasına yerli hakimiyyət orqanları tərəfindən müdaxilələr və maneələr yaradılır. Ən ciddi maneə Zaqatala rayonu ərazisində baş verib. Zaqatala rayonunun Yeni Şuvagil kəndində sahə müvəkkili polis mayoru Siyasət Səlimovun rəhbərliyi ilə imza toplayan ADP Zaqatala RT-nın sədri Mübariz İsmayılov və partiya üzvləri təqib, təzyiq, təhqir və özbaşınalıqlarla üzləşib. İmzatoplama kampaniyasına müdaxilədə həmin kənd üzrə bələdiyyə üzvü İlham Məmmədov da qoşulub. İmzatoplama kampaniyasına imkan verilməməsini səbəbini polis mayoru belə izah edib ki, kənddə insanları narahat etmək olmaz.  ADP-nin səlahiyyətli nümayəndəsi Taliyət Əliyev faktla bağlı MSK və DİN-in 102 xidmətinə məlumat versə də, dünən bütün gün boyu bu müdaxilə davam edib.
ADP-nin səlahiyyətli nümayəndəsi Taliyət Əliyev  sonda polis mayoru Siyasət Səlimovla telefon əlaqəsi yaradaraq onu seçki prosesinə müdaxilədən çəkinməyə dəvət edib. Polis mayoru isə özünün qanunsuz əməllərinə haqq qazandırmaq üçün ona vətəndaşlar tərəfindən onların narahat edilməsi ilə bağlı şikayət daxil olduğunu bildirib. Bu özbaşınalıqlar gün boyu davam edib və ADP-çiləri polis əməkdaşları tərəfindən öyrədilmiş şəxslər hətta ölümlə təhdid ediblər.
Dünən ADP Zaqatala RT-nın sədri Mübariz İsmayılov bu özbaşınalığın qarşısının alınması üçün rayon icra hakimiyyətinin rəsmisi ilə görüşüb. İmzatoplama kampaniyasına digər müdaxilələr Xırdalan şəhərində və Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Xırdalan şəhərində imza toplayan ADP fəali Seyidov Mirkənan və Sahil qəsəbəsində imza toplayan Əsgərov Çingiz mülki geyimli şəxslər tərəfindən hədə-qorxu ilə üzləşib. İmzatoplama kampaniyasında üzə çıxan neqativ hallardan biri də işləyən vətəndaşların işlədiyi müəssisələr tərəfindən şəxsiyyət vəsiqələrinin yığılmasıdır. Baş verən bu neqativ hallara baxmayaraq bu gündən ADP-nin Seçki Qərargahına dolmuş imza vərəqələrinin daxil olması başlayıb. Axşam saatlarına kimi Seçki Qərargahına artıq 100 imza vərəqindən çox (5 min imza) imza vərəqi daxil olub. ADP-nin imzatoplama kampaniyasına müttəfiqi olan Ümid Partiyası da yaxından dəstək verir. ADP həftə sonuna kimi imzatoplama kampaniyasını yekunlaşdırmağı planlaşdırır.

Printer »»»