Azərbaycan əksər dövlətlərə nümunə ola biləcək tolerant ölkədir

20.05.2014

Həsrət Rüstəmov: Burada müxtəlif dini təriqətlərə və etnoslara mənsub olan insanlar rahat yaşaya, öz toplumlarını inkişaf etdirə bilirlər, həm də bu müstəqilliyin və hər hansı hakimiyyətin tövhəsi olmaqdan daha çox xalqım.
Azərbaycan müxtəlif millətlərin, dinlərin, ayrı-ayrı təriqətlərin çuğlaşdığı bir məkan olduğu üçün daim diqqət mərkəzində olub. 
Təbii ki, müxtəlif yönlü insan qruplarının cəmləşməsi özüylə problemlər də gətirir. Amma tarixə nəzər saldıqda Azərbaycanda xırda gərginliklər istisna olmaqla ciddi qarşıdurmalar olmayıb. Budəfəki müsahibimiz ADP sədrinin müavini Həsrət Rüstəmov da Azərbaycanda tolerantlığın səviyyəsinin qənaətbəş olduğunu bildirib.

- Həsrət bəy, Azərbaycan dini, milli tolerantlığın yüksək səviyyədə olduğu ölkələrdəndir. Amma tıbii ki, müəyyən problemlər də var. Necə düçünürsünüz, hazırda Azərbaycanda tolerantlıqla bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı?


- Tolerantlıq anlayışı plürüalizmlə birlikdə demokratik cəmiyyətləri xarakterizə edən əsas anlayışlara aiddir. Anlayışın əsasında yadfikirliliyin qəbul olunması, başqa cür düşünənlərin bir cəmiyyət halında yaşamasının mümkünlüyü fəlsəfəsi dayanır. Başqa cür desək, tolerantlıq - dini, siyasi və digər sahələrdə müxtəlif ideya və cərəyanların yanaşı mövcudluğunun təmin edilməsi, təqib edilməməsi və inkişafının əngəllənməməsidir. Ölkəmizdə tolerantlığın qəbul edilməsi, qorunması üçün ilk növbədə hakimiyyətdə olanların, ümumiyyətlə siyasi qüvvələrin və xalqın yadfikirliliyə, fikir müxtəlifliyinə dözümlülüyünün hədlərini bilmək lazımdır. Azərbaycanda hakimiyyət nümayəndələri ölkəmizin tolerant ölkə olduğunu tez-tez təkrarlamağı çox xoşlayır. Amma bu ifadə çox zaman dini müstəviyə aid edilir və ya konkretlikdən qaçırlar. Söhbət əgər dini və etnik müstəvidəki dözümlülükdən gedirsə, bəli demək mümkündür ki, Azərbaycan əksər dövlətlərə nümunə ola biləcək tolerant ölkədir. Burada müxtəlif dini təriqətlərə və etnoslara mənsub olan insanlar rahat yaşaya, öz toplumlarını inkişaf etdirə bilirlər. Həm də bu müstəqilliyin və hər hansı hakimiyyətin tövhəsi olmaqdan daha çox xalqımızın uzun zaman ərzində formalaşdırdığı tarixi ənənələrinin nəticəsidir. Belə ki, Azərbaycanda həmişə müxtəlif etnoslara və müxtəlif dini təriqətlərə mənsub insanlar rahat yaşamışlar, ölkəmizə və xalqımıza qarşı kəskin düşmən münasibətdə olan ermənilər xaric bu ərazidə etnik, dini konflikt heç bir zaman olmamışdır. Bəzən hakimiyyətin bu sahədə tolerantlıqdan daha çox relyativizmə aparıb çıxaran siyasətinin də şahidi oluruq. Relyativizm tolerantlıqdan fərqli olaraq bütün mövqelərin qəbul olunması, az qala öz mövqeyinin olmaması deməkdir. Məsələn, bəzi zərərli dini, missioner təriqətlərin ölkədəki fəaliyyətinə son anadək dözümlülük göstərmək heç də tolerantlıq göstəricisi sayılmamalıdır. Siyasi münasibətlər baxımından tolerantlığa gəldikdə isə, bizim ölkədəki vəziyyət heç də yaxşı deyil. Hakimiyyətdə uzun müddət bir siyasi qüvvənin durması, hakimiyyətin bütün qollarının eyni siyasi düşüncənin əlində olması, azad və ədalətli seçkilərin keçirilməməsi və nəhayət insanların fərqli fikirlərinə görə təqib edilməsi, həbsxanalara göndərilməsi bu sahədə vəziyyətin acınacaqlılığından xəbər verir. Təəssüf ki, siyasi münasibətlər sahəsində hakimiyyətin bu cür radikal davranışı siyasi müxalifəti və elektoratı da qarşı tərəfə münasibətdə barışmaz, dözümsüz olmağa sövq edir. Beləliklə də ölkədə orta əsrlərə məxsus siyasi leksikonla tez tez rastlaşmalı oluruq.

- Bəs, bu gün Azərbaycanda dövlət din münasibətləri, bu münasibətlərin tənzimlənməsi vəziyyəti necədir?

- Dini münasibətlər sahəsindəki vəziyyəti yuxarıda dediyimiz kimi nisbətən qənaətbəxş saymaq mümkündür. Amma tolerantlıq və siyasi plürüalizm vəhdətdə olan, demokratik azadlıqlarla bağlı olan anlayışlardır. Bunu nəzərə alsaq təkcə din sahəsində fikir müxtəlifliyinin qorunmasını ümumiyyətlə ölkədə tolerantlığın bərqərar olması kimi dəyərləndirmək düzgün deyil. Hazırkı hakimiyyətin rəsmi təbliğatında fikir müxtəlifliyini dövləti zəiflətməsi, hamının bir fikri müdafiə etməsinin isə dövləti möhkəmləndirməsi ideyası üstünlük təşkil edir. Bu isə tolerantlıqla daban dabana ziddiyyət təşkil edir. Demokratik dövlət o dövlətdir ki, orada qanunlar siyasi, dini, etnik və s. sahədə fikir müxtəlifliyini qəbul edir, onu qoruyur, müdafiə edir. Ölkədə siyasi fikir müxtəlifliyi təqib olunmamalı, əksinə onun üçün geniş və real meydan açılmalıdır. Üstün sayda tərəfdara sahib olan ideya isə başqalarını əzməmək şərti ilə, çoxluğun rəyi ilə hakimiyyət əldə etməlidir. Ölkəmizdə dövlət-din münasibətləri də din azadlığından daha çox dinin dövlətə tabe etdirilməsi, daha doğrusu dinin siyasi hakimiyyətin xidmətçisinə çevrilməsi səviyyəsindədir.

- QMİ və Dini komitənin bu istiqamətdə apardığı fəaliyyəti qənaətbəxş saymaq olarmı?

- QMİ isə bu siyasətin həyata keçirilməsində əsas həlqədir. Dini komitə isə QMİ-dən fərqli olaraq tamamilə inert, siyasəti və hər hansı ideyası olmayan bir qurum təsiri bağışlayır. QMİ faktiki olaraq rəsmi dövlət strukturu olmasa da dövlət din nazirliyindən daha fəal və çevik görünür. İstənilən halda ölkədəki dini tolerantlıq səhnəsi demokratik görüntü yaratmağa hesablanıb. Köklü Demokratik islahatlar həyata keçirilməzsə, bunun ümumiyyətlə plürializmə heç bir aidiyyatı olmayacaq. Tolerantlıq bütün sahələrdə və bütün ölkə boyu təmin edilə bilər, əks halda bu yalnız görüntüdür.

- Azərbaycanın mədəniyyətlərarası və millətlərarası dialoqun vəziyyətini necə dəyərləndirirsiz?

- Azərbaycanda yaşayan yerli xalqlar – türklər, talışlar, ləzgilər, avarlar və digər etnosların nümayəndələri, habelə son yüz ildə bu ərazilərə yaşamağa gələn xristian dininə mənsub xalqların nümayəndələri özlərini həmişə dövlətə sədaqətli aparıblar. Təkcə ermənilər xəyanətkar xislətlərinə sadiq qalaraq Azərbaycan ərazisində həmişə rus imperiyasının siyasətini həyata keçirən toplum olaraq qalıblar. Bu gün də Rusiyanın imperiya siyasətinin Qafqazda nökəri rolunu oynayan ermənilər xaric olmaqla, ərazimizdə etnik zəmində münaqişə yaranması qeyri mümkündür. Azərbaycanın etnik müxtəlifliyini təşkil edən xalqlar əsasən eyni dinə, eyni adət-ənənəyə və eyni dövlətçilik şüuruna malikdirlər. Onları bir birindən ayırmaq, hətta üz-üzə qoymaq heç kimə nəsib olmayacaq.

- Amma buna baxmayaraq, Azərbaycanda etnik xalqları qızışdırmaq dövlətçilik əleyhinə cəhdlər zaman-zaman olub və imkan olduqca bu istiqamətdə səylər göstərilir. Sizcə, bu cəhdlər Azərbaycanda tolerantlıq modelinə xələl gətirə bilərmi?

- Etnik qarşıdurma cəhdləri Rusiyanın Cənubi Qafqazı əsarətində saxlamaq siyasətinin elementi kimi meydana çıxıb, çox zaman səhnələşdirilmiş oyun təsiri bağışlayıb və çoxluğun müdafiəsindən məhrum olub. Belə lahiyələr daha çox Azərbaycanı təhdid etmək, onun dövlət kimi müstəqil siyasətini önləmək, suverenliyini məhdudlaşdırmaq niyyətlərinə xidmət göstərir. Azərbaycan xalqı eyni dövlətçilik əzmi və iradəsi nümayiş etdirən, Azərbaycan Respublikasının qurulmasında canını vermiş bütün etnosların birliyidir. Bu xalqları ayırmaq qeyri mümkündür və yad təbliğatlara heç bir vətəndaşımız uymamalıdır. Hazırda dünyada monoetnik dövlətlərin mövcudluğu qeyri mükündür. Demokratik rejimlər isə ümumiyyətlə milli, etnik faktoru arxa plana, insan, vətəndaş faktorunu isə önə çıxarır. Etnik müstəvidə xaricdən gələn qızışdırıcılıq siyasətinə cavab olaraq Azərbaycan hökuməti daha çox demokratik islahatlara getməlidir. Çünki bu cür cəhdlərin arxasında duran niyyət bizi demoktratik inkişafdan, demokratik dünyaya inteqrasiyadan saxlamaqdır. Belə olduğunu bildiyimizə görə demokratiyanı genişləndirən cəsarətli siyasətlə o cəhdləri neytrallaşdıra bilərik.

- Siz özünüz də azsaylı xalqların yaşadığı regiondansız. Özünüzə qarşı hər hansı ayrə-seçkilik hiss edirsinizmi?

- Mənim azsaylı xalq ifadəsindən heç zaman xoşum gəlməyib. Bu ifadədə bir əzici ton var. Talışlar Azərbaycanda tarixən yaşamış, indiki əraziləri tarixi vətənləri olan, sayı da azsaylı olmayan böyük bir xalqdır. Rəsmən Azərbaycanda türklərdən sonra ikinci etnos talışlar hesab olunur. Amma bu sayı mən ümumiyyətlə əsas məsələ hesab etmirəm. Bizim ölkədə sayı bir kənd formalaşdırmağa yetən xalqlar, məsələn Xınalıq xalqı var ki, Azərbaycan dövlətçiliyi üçün çox əhəmiyyətli, mühüm işlər görüblər. Biz onlara sayları azdır deyə, yuxarıdan aşağı baxmalıyıqmı? Əlbəttə ki, yox. Əksinə sayı çox olan etnosun nümayəndələrinin məsuliyyəti digərlərindən daha çoxdur və ya olmalıdır. İnsan etnik kimliyini özü seçə bilməz, bu Allahın bizə verdiyi qismətdir. Mən Talış xalqının övladı olmağımla fəxr edirəm, buna görə Allaha şükr edirəm. Çünki bu xalqın mərd, cəsarətli, sözübütöv və sədaqətli insanların toplumu olmasına dair yüzlərlə misallar gətirə bilərəm. Yad təbliğatların əsirinə çevrilmiş tək-tək şəxslər isə, hər xalqda ola bilər. Onların cəhdləri əbəsdir, müvəqqətidir və ağalarının pul kisəsinə bağlıdır. Mən Azərbaycanın qardaş xalqları arasında nifaq toxumu səpmək istəyənləri topluca yadelli hesab edirəm. Onların bizə, dövlətimizə və xalqımıza heç bir aidiyyəti yoxdur. Fəaliyyətlərinin də ürəkbulandırmaqdan başqa bir nəticəsi ola bilməz. Bundan başqa Azərbaycanda yaşayan digər yerli xalqlar kimi talışların da yalnız dil fərqliliyi var. Etnosu formalaşdıran qalan bütün amillər eynidir. Yəni, dövlət milləti anlayışı deyilən sosial kateqoriya baxımından bizim bütün vətəndaşlarımız bir xalqın nümayəndələridir. Çünki bu dövləti birlikdə yaratmışıq və onu ən yüksək inkişafa, rifah halına çatdıranadək birlikdə mübarizəmizi davam etdirməli, gələcək nəsillərimizə azad, firavan, demokratik bir dövləti miras olaraq buraxmalıyıq. Bu gün bizim – Azərbaycan vətəndaşlarının əsas missiyası bu olmalıdır.

Printer »»»