ADP İDARƏ HEYƏTİ SEÇKİLƏRLƏ BAĞLI İLK QƏRARI VERDİ

27.07.2015


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra ictimai-siyasi hadisələrlə bağlı partiyanın mövqeyi və payızda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində partiyanın iştirakına dair müzakirələr aparılıb.

İlk növbədə Türkiyə və ətraf regionda gedən son siyasi hadisələrə diqqət çəkən partiya yetkililəri Türkiyə Cümhürriyyətinin İŞİD və PKK-ya qarşı apardığı mübarizəni həssaslıqla izlədiklərini qeyd ediblər. İdarə Heyəti həmçinin, Azərbaycan hakimiyyətini qardaş ölkənin apardığı qətiyyətli mübarizəyə imkan daxilində hər cür dəstək verməyə, adıçəkilən terror təşkilatlarının ölkəmizdəki bağlantılarına qarşı kəskin addımlar atmağa çağırıb.
ADP İdarə Heyəti son vaxtlar bəzi dövlət rəsmilərinin müharibə və hərbi güclə hədələmə ritorikasının üstünlüyü ilə olan bəyanatlarına diqqət yönəldərək bu bəyanatların regionda son vaxtlar gedən bəzi siyasi oyunların təzahürü ola biləcəyindən narahat olduğunu, hazırkı geopolitik durumda dinc danışıqların davam etdirilməsinin zəruri olmasını qeyd edib. İdarə Heyəti Dağlıq Qarabağ və Ermənistan tərəfindən işğal edilmiş digər ətraf rayonların işğaldan azad edilməsi müqabilində olsa belə Azərbaycanın Avroasiya ittifaqına qoşulmasını müstəqilliyin itirilməsi, ölkənin bütövlükdə yenidən Rusiyanın işğalına məruz qalması kimi dəyərləndiyini bir daha qeyd edib. İdarə Heyəti bir daha bildirib ki, Azərbaycan yalnız Avroatlantik məkana sürətli inteqrasiya etməklə müstəqilliyini möhkəmləndirə bilər.
ADP İdarə Heyəti milli mətbuat günü münasibəti ilə bəzi mətbuat nümayəndələrinin dövlət təltifləri almasının cəmiyyətdə birmənalı qarşılanmaması məsələsinə də diqqət yetirib, iqtidara və ya müxalifətə yaxın olmasından asılı olmayaraq insanların dövlət tərəfindən layiq olduqları mükafatları almasının normal hal olduğunu qeyd edib. İdarə Heyəti üzvləri eyni zamanda mükafatların daxili senzuralar yaratmayacağına və dövlətin adından verilən fəxri adların konkret hakimiyyətin maraqlarına xidmət etməyəcəyinə ümid etdiklərini qeyd ediblər.
Toplantıda qarşıdakı parlament seçkiləri və partiyanın bu seçkilərdə iştirakı ilə əlaqədar məsələ ətrafında da geniş müzakirələr aparılıb və partiyanın seçkidə iştirakının vacibliyi qeyd olunub. Məsələ ilə əlaqədar müzakirələrin davam etdirilməsi, partiyanın seçkidə iştirak formasının dəqiqləşdirilməsi və mümkün seçki koalisiyasının yaradılması üçün danışıqların aparılması qərara alınıb.


Printer »»»