Qüdrət Həsənquliyevin əlində belə bir fakt varsa...

14.06.2013

Parlamentdə millət vəkili Qüdrət Həsənquliyev tərəfindən Müdafiə Nazirliyinin tərkibinin yenidən təşkil olunması ilə bağlı məsələ qaldırlıb. Səbəb kimi, hər hansı qarşıdurma olarsa, xəyanət yolunu tuta biləcək qüvvələrin olması göstərilib. Deyilən təhlükənin nə qədər real və ciddi olduğunu, ən yaxşı Qüdrət Həsənquliyev bilər. Amma bir neçə ay öncə əsgər ölümləri məsələsi ictimailəşəndə, bəzi qüvvələr ordu içində beşinci sütunun mövcudluğundan danışırdı. Beşinci sütun deyəndə, söhbət təbii ki, Rusiyadan gedirdi.
Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev açıqlamasında qeyd edib ki, Müdfiə Nazirliyi ölkənin ərazi bütövlüyünün qarantıdır, onu iç siysətə alət etmək olmaz. "BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin bu gün Milli Məclisin növbədənkənar sesiyasında 20 il öncə Azərbaycanda baş verən dövlət çevrilişinə toxunaraq, bu gün də həmin təhlükənin mövcudluğuna eyham vuraraq, bu təhlükəni dəf etmək baxımından Müdafiə Nazirliyi rəhbərliyinə güvənə şübhə salan açıqlama verməsini birmənalı dəyərləndirmək olmaz.
Hesab edirəm ki, Müdafiə Nazirliyi ölkənin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının və suverenliyin qarantıdır və bu istiqamətdə fəaliyyət göstərməlidir. Heç bir halda Müdafiə Nazirliyini ölkənin içində siyasi məqsədlər üçün alətə çevrilməsinə imkan vermək olmaz. Digər tərəfdən ərazilərimizin 20 faizinin işğal altında və faktiki olaraq Ermənistanla müharibə vəziyyətində olduğumuz bir şəraitdə belə bir addımın atılmasının ölkə üçün hansı təhlükələrin yaranacağını proqnozlaşdırmalıyıq”.
O bildirib ki, Azərbaycanda dövlət çevrilişinin olacağı barədə müxtəlif  fikirlər səsləndirilsə də, onun əlində hər hansı dəlil yoxdur. Həmçinin qeyd edib ki, Qüdrət Həsənquliyevin əlində belə bir fakt varsa, bunu müvafiq dövlət orqanlarına təqdim etməlidir. "Əsas məsələ bu gün ölkədə dövlət çevrilişi təhlükəsinin olub-olmaması məsələsidir. Düzdür, son vaxtlar xarici qüvvələrin guya Azərbaycanda dövlət çevrilişi edəcəyi ilə bağlı məlumatlar istər ölkə, istərsə də beynəlxalq KİV-lərdə gedir. Amma, bu məlumatların nə qədər həqiqətə uyğun olduğunu iddia etmək üçün əlimdə heç bir arqumentim yoxdur. Əgər, Qüdrət bəyin əlində bu barədə tutarlı məlumatlar varsa, parlamentdə çıxış edərək Müdafiə Nazirliyini bu cür çirkin oyunlara cəlb etmək çağırışları etməkdənsə, həmin faktları dövlətin müvafiq orqanlarına təqdim etməlidir”. 
Həmçinin qeyd edib ki, onlar ölkədə demokratik yolla hakimiyyət dəyişikliyinə tərəfdardılar, kim dövlət çevrilişi yoluyla hakimiyyətə gəlməyə qalxsa, qarşılarında olacaqlar. "Sözsüz ki, demokratik düşərgənin təmsilçisi kimi qeyd etmək istəyirəm ki, biz ölkədə hakimiyyət dəyişikliyini sivil, azad və ədalətli seçkilər yoluyla və demokratik oyun qaydaları ilə həyata keçirilməsində maraqlıyıq və kimliyindən asılı olmayaraq kimsə ölkədə qeyri-demokratik və dövlət çevrilişi yoluyla hakimiyyətə gəlməyə cəhd edəcəksə, biz həmin şəxslərin və qüvvələrin qarşısında olacağıq” – deyə Taliyət Əliyev bildirib.

Printer »»»