Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib.

03.06.2015

Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. 

İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət müzakirə edilib.

Qrabağ Bloku İlk növbədə ATƏT sədrinin ölkəmizə səfəri ilə bağlı məsələyə münasibət bildirib və yeni sədrin əvvəlki illərdən fərqli olaraq istər Qarabağ probleminin tənzimlənməsi, istərsə də regionda sülhün və təhlükəsizliyin qorunması istiqamətində obyektiv və ədalətli mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu ifadə edib.
Səfər zamanı ATƏT sədrinin vətəndaş cəmiyyəti institutları nümayəndələri ilə təmasa girməməsi faktından narahat olduqlarını bildirən blok üzvləri bu cür yanaşmaların adı çəkilən qurumun demokratik dəyərlərin qorunması, siyasi plüralizmin inkişafı istiqamətində üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmadığını, öz siyasətində demokratiyanı arxa plana keçirdiyini qeyd edib.


Blok üzvləri ATƏT-in Azərbaycan xalqı və dövləti qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, eyni zamanda Azərbaycanın ATƏT qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib və ATƏT-in Minsk qrupunun bu günə qədər Dağlıq Qarabağ probleminin həllində heç bir ciddi irəliləyişə nail ola bilməməsini bütünlükdə bu təşkilatın iflasa uğraması kimi dəyərləndirib.

Blok üzvləri Rusiya Müdafiə nazirliyi rəsmisinin Rusiya ali baş komandanı V.Putinin əmri verildiyi halda Rusiya qoşunlarının istənilən ölkə ərazisinə daxil olması ilə bağlı səsləndirdiyi militarist bəyanatı siyasi mesaj kimi dəyərləndirib və bu cür çağırışların arxasında adı çəkilən ölkənin təcavüzkar və imperialist niyyətinin durduğunu, bütün dünya üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb və beynəlxalq ictimaiyyəti müstəqil ölkələrin, o cümlədən Azərbaycan dövlətinin suverenliyinə qarşı yönələn bu bəyanata laqeyd qalmamağa, Rusiyanın təcavüzkar planlarını önləyən addımlar atmağa çağırıb. Məhz bu cür təcavüzkar çağırışlara beynəlxalq təşkilatlar, siyasi güclər tərəfindən vaxtında adekvat reaksiya verilməməsi, təsirli tədbirlər görülməməsi faktına diqqət çəkən blok üzvləri Gürcüstan və Ukraynanın adı çəkilən ölkənin hərbi təcavüzünə məruz qalmasını təəssüflə qeyd edib və postsovet məkanında yeni müstəqillik əldə edən dövlətlərin müstəqillik və suverenliyinin qorunması, möhkəmlənməsi istiqamətində zəruri olan addımlar atmağa çağırıb.

Blok üzvləri son vaxtlar ordumuzda məişət zəminində baş verən ölüm hadisələrinin artmasından, baş verən ölüm hadisələrinin araşdırılıb ictimaiyyətə obyektiv məlumat verilməməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti övladı öldürülmüş valideynlərin narahatlıqlarını aradan qaldıran ciddi addımlar atmağa, əsgər ölümündə iştirak edən zabitləri məsuliyyətə cəlb etməyə, övladları orduda həlak olan ailələrə kompensasiyalar verilməsi ilə bağlı xüsusi qərar qəbul etməyə, nizamnamə pozğunluğundan irəli gələn qanunsuz əməllərə nəzarəti təmin etməyə çağırıb.

Blok üzvləri Birinci Avropa Oyunları ilə bağlı ölkəmzidə görülən hazırlıq işləri aparılmasını, təhlükəsizlik tədbirləri görülməsini, şəhərin abadlaşdırılması, yeni infrastrukturların yaradılması və paytaxtımıza gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün görülən tədbirləri təqdir edib, lakin bu tədbirlərin keçirilməsi adı altında vətəndaşların konstitusiyada müəyyən edilmiş hüquq və azadlıqlarını kütləvi şəkildə məhdudlaşdırılmasının Azərbaycan Konstitusiyasının 72-ci maddəsinin tələblərinə zidd olduğunu diqqətə çatdırıb.

Blok üzvləri ADP sədri S.Cəlaloğlunu 61 yaşının tamam olması münasibəti ilə təbrik edib. Təbriklərə qoşulan Qarabağ Blokunun həmsədri millət vəkili İ.Ağazadə S.Cəlaloğlunun keçdiyi həyat yoluna işıq salan səmimi fikirlər səsləndirib, onun Azərbaycan xalqı qarşısında xidmətlərindən, müstəqillik və suverenliyimizin əldə edilməsində müstəsna rol oynamasından, ölkəmizdə demokratiyanın gəlişməsi yolunda apardığı mübarizədən, milli və dövlət maraqlarımızı gözardı edənlərə qarşı prinsipial mövqe nümayiş etdirməsindən, bir sıra elmi-

fəlsəfi uğurlara imza atmasından söhbət açıb və sonda S.Cəlaloğluna siyasi fəaliyyətində nailiyyətlərə və şəxsi həyatında xoşbəxtliyə çatmasını arzulayıb.

Printer »»»