İdarə Heyəti son vaxtlar ordumuzda məişət zəminində baş verən ölüm hadisələrinin artmasından narahatdır

01.06.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər müzakirə edilib. Toplantı iştirakçıları ilk növbədə XİN-i E.Məmmədyarovun Riqa sammitindən sonra Moskva səfəri zamanı işğal olunmuş torpaqlarımızın azad edilməsi müqabilində ölkəmizin Avrasiya İttifaqına qoşula biləcəyi barədə səsləndirdiyi bəyanata münasibət bildirib və bu cür bəyanatın strateji hədəflərimizə uyğun olmadığını, ölkəmizin müstəqilliyinə, suverenliyinə təhlükə törətdiyini, milli maraqlarımıza zidd olduğunu diqqətə çatdırıb və hakimiyyəti xarici siyasət kursumuzun Avroatlantik məkana inteqrasiya olunma ilə bağlı elan etdiyi prioritetlərə sadiqlik nümayiş etdirməyə çağırıb.

İdarə Heyəti Rusiya Müdafiə Nazirliyinin Ali baş komandanı V.Putinin əmri verildiyi halda Rusiya qoşunlarının istənilən ölkə ərazisinə daxil olması ilə bağlı səsləndirdiyi millitarist bəyanata münasibət bildirib və bu cür çağrışların adı çəkilən ölkənin təcavüzkar və imperialist niyyətlərindən irəli gəldiyini, bütün dünya üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb və beynəlxalq ictimaiyyəti müstəqil ölkələrin suverenliyinə qarşı yönələn bu çağrışlara laqeyd qalmamağa, Rusiyanın təcavüzkar planlarını önləyən addımlar atmağa çağırıb.

İdarə Heyəti separatçı Qarabağ rejiminin başında duran B.Saakyanın Fransaya səfərini və səfər zamanı şəhər rəsmiləri ilə rəsmi sənədlər imzalamasını qətiyyətlə pisləyib və bu addımların beynəlxalq hüququn tələblərinə zidd olduğunu, Qrabağ məsələsinin tənzimlənməsində vasitəçi dövlət kimi iştirak edən Fransanın üzərinə götürdüyü missiya ilə bir araya sığmadığını qeyd edib və hakimiyyəti Fransa iqtisadi, siyasi və diplomatik münasibətlərinə yeni rakursdan yanaşmağa, onun separatizmi dəstəkləyən hərəkətlərinə hüquqi qiymət verməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ordumuzda məişət zəminində baş verən ölüm hadisələrinin artmasından, baş verən ölüm hadisələrinin araşdırılıb ictimaiyyətə obyektv məlumat verilməməsindən ciddi narahat oilduğunu bildirib və hakimiyyəti övladı öldürülmüş valideynlərin narahatlıqlarını aradan qaldıran ciddi addımlar atmağa, əsgər ölümündə iştirak edən zabitləri məsuliyyətə cəlb etməyə və baş verən ölüm hadisələri üzrə işlərin açılmasında aşkarlığı təmin etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiya rəsmilərinin Azərbaycanda öz təsir dairəsini genişləndirmək üçün bir sıra təzyiq vasitələri və iqtidar nümayəndələrini orden və medallarla təltif etməklə ələ almaq vasitəsindən istifadə etməsindən, xüsusilə təltif edilənlər sırasına daxil olan QMİ-nin başçısı A.Paşazadənin Rusya prezidenti V.Putinə sadiq olması ilə bağlı səsləndirdiyi bəyanatdan ciddi narahat olduğunu, bu cür bəyanatların müqəddəs Qurani-Kərimin müsəmanlığın ana şərtlərinin ruhu ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb Şeyx həzrətlərini Azərbaycan vətəndaşlarının yalnız öz dövlətinə sadiq olması ilə bağlı konstitusion borcunu unutmamağa çağırıb.

İdarə Heyəti Birinci Avropa Oyunları ilə bağlı ölkəmzdə görülən hazırlıq işləri aparılmasını, təhlükəsizlik tədbirləri görülməsini, şəhərin abadlaşdırılması, yeni infrastrukturların yaradılması və paytaxtımıza gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün görülən tədbirləri təqdir edib, lakin bu tədbirlərin vətəndaşların, gediş-gəliş, nəqliyyat sərbəstliyi, istirahət hüququnun pozulması, onlaın sərbəst fəaliyyətinə məhdudiyyətlər qoyulması hesabına həyata keçirilməsinin tərəfdarı olmadığını bildirib və hakimiyyət yetkililərini xarici qonaqların gəlişinə hörmətlə yanaşdığı kimi bu tədbirlərin keçirilməsi zamanı hər bir vətəndaşımızın doğal haqlarına sayqı ilə yanaşmağa çağırıb.

Printer »»»