Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə əlaqədar xalqa müraciət edib.

26.05.2015

ADP İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə əlaqədar xalqa müraciət edib. Müraciətdə deyilir:

Azərbaycan Demokratik Cumhürriyyətinin elan olunmasından 97 ili keçir. Bu münasibətlə Azərbaycan Demokrat Partiyası Azərbaycan xalqını, hər bir vətəndaşımızı, Azərbaycandan kənarda yaşayıb Azərbaycanı öz Vətəni kimi sevən bütün insanları təbrik edir.
Cumhürriyyətçilik xalqımızın milli nailiyyətidir. Uzun əsrlər dövlətçilik tarixinə malik xalqların respublikaçılığa keçiddə ciddi problemlər yaşaması ilə müqayisədə əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə biavasitə bağlıdır. Azərbaycan Demokratik Cumhürriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. Səttarxanın başçılığı ilə cənubda həyata keçirilən Məşrutə hərakatı isə ADC-nin təməlində duran respublikaçılığın əsas qaynaqlarından olmuşdur.

İki il ərzində mövcud olan Azərbaycan Xalq Cumhürriyyətinin bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi həm də birinci Respublikanın banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir.

Yeni dövrdə müstəqillik əldə etmiş Şimali Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cumhürriyətinin nailiyyətlərindəndir. Cumhürriyyətçilik ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğrundakı mübarizədə minlərlə insan canından keçərək şəhid olub. Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri, Respubliakmızın vətəndaşları çiyin-çiyinə yeni tarix yaratmaqdadırlar.

Cumhürriyyət həqiqi vətəndaşlıq tələb edir. Təəssüf ki, hazırkı iqtidarda olan siyasi qüvvə və hakimiyyətin yüksək eşalonunda təmsil olunan, əsasən keçmiş sovet məmur təbəqəsinə aid olan hakim zümrə respublikaçılıq ənənələrini real olaraq dərk edə bilmir və ya tətbiq etməkdən yayınır, Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu kiçiltməyə çalışır, ölkədə yüksək vətəndaşlıq şüurunun formalaşdırılması üçün zəruri olan siyasi, hüquqi, iqtisadi, sosial və s. sahələrdə islahatları gecikdirir, xalq qarşısında hesabatlı olan hakimiyyətin formalaşmasına imkan vermir.

ADP İdarə Heyəti hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq və hakimiyyət bölğüsü, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.

ADP İdarə Heyəti Azərbaycan dövlətində yaşayan bütün insanları həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırır.

Printer »»»