Azərbaycanda banklardan oğurlanan pullar hakimiyyətin yanlış iqtisadi siyasətidir...

25.05.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərlə bağlı müzakirələr aparılıb.

Toplantı iştirakçıları ilk öncə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Riqada keçirilən sammitin nəticələrinə münasibət bildirib və əldə edilən yekun bəyannamənin mətnindən irəli gələn bir sıra müddəaların ölkəmizin maraqları ilə uzlaşmadığını diqqətə çatdırıb.
Dövlət başçısının sammitə qatılmaması faktının ölkəmizin bu tədbirdə ali səviyədə təmsilçiliyinə kölgə saldığına diqqət çəkən partiya yetkililəri Dağlıq Qarabağ problemi ətrafında aparılan müzakirələrin Azərbaycan əleyhinə yönələn qərarlar üzrə yekunlaşmasını hakimiyyətin vaxtı ilə Lissabon sammitində düçar olduğu uğursuzluğun davamı kimi qiymətləndirib. Eyni zamanda İdarə Heyəti Avropa İttifaqının dünyada, eləcə də postsovet məkanında eyni mahiyyətli münaqişələr yaşanan ölkələrdən fərqli olaraq Dağlıq Qarabağ məsələsinə ikili standartlardan yanaşmasını, bu günə qədər Ermənistanı təcavüzkar ölkə kimi tanımamasını xristian təəssübkeşliyindən irəli gələn faktor olduğunu qeyd edib və Avropa İttifaqını Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe nümayiş etdirməyə, strateji əmakdaşlığın ağır yükünü çiynində daşıyan Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi riolunu düzgün qiymətləndirməyə çağırıb.

İdarə Heyəti Binəqədi rayonunda baş verən faciəli yanğın hadisəsinə və bu hadisədən sonra hakimiyyətin yanğının nəticələrinin aradan qaldırılması sahəsində başlatdığı işlərə, yanğınla bağlı yaradılan komissiyanın işinin nə dərəcədə effektli olaması məsələsinə münasibət bildirib. İdarə Heyəti oda davamsız, tez alışan üzlüklərlə fasadlanan binaların üzlüklərinin sökülməsi və yeniləri ilə əvəzlənməsi istiqamətində aparılan işləri müsbət dəyərləndirsə də, hələ də əsas günahkarların tapılıb cəzalandırılmamasından, aidiyyatı dövlət qrumlarının bu işdə məsuliyyətinin tam müəyyənləşməməsindən narahat olduğunu, komissiya sədri, Baş Nazirin müavini A.Şərifovun aparılan işlərlə bağlı şəffaflığın təmin edilməsi ilə bağlı jurnalistlərə həqarətlə cavab verməsindən təəssüfləndiyini bildirib. İdarə Heyəti bir daha hakimiyyəti obyektiv araşdırmaları davam etdirməyə, yanğından zərər çəkən şəxslərə kompensasiyalar ödəməyə, komissiyanın işi üzərində ictimai nəzarəti təmin etməyə, böyük faciyəyə yol açan bu cinayətə göz yuman dövlət qrumlarının, xüsusilə BŞHİ, FHN, patent və standartlaşdırma idarələrinin rəhbərlərinin istefası tələb olunmaqla məsuliyyətə cəlb etməyə çağırıb.
İdarə Heyəti Azərbaycanda istər yanğınla, istərsə də banklardan oğurlanan külli miqdarda pullarla bağlı problemin arxasında ilk növbədə hakimiyyətin yanlış iqtisadi siyasətinin, idarə etmə metodunda qohumluq əlaqələrinə söykəndiyinin, kadrların təyinatında insanların qabiliyyət və peşə bacarığına deyil, regional faktorlara əsaslandığının durduğunu qeyd edib və bu cür traybal idarəetmənin dövlətimiz üçün maddi itkilər, mənəvi sarsıntılar, faciəli hadisələr ortaya qoymasından ciddi narahat olduğunu diqqətə çatdırıb. İdarə Heyəti idarəetmədə olan əyintilərin, məmur özbaşınalığının, qanunsuz əməllərin, rüşvətxorluq və korrupsiyanın, regionçuluğun, qohumbazlığın dövlət və millət üçün qarşısıalınmaz bəlalar gətirdiyini diqqətə çəkib və hakimiyyəti ölkəni qanunlarla idarə etməyə, vətəndaş həmrəyliyinə stimul verən ədalətli seçkilər keçirməyə, idarəetmədə qohumluq əlaqələrinə və regionçuluğa son qoymağa, vətəndaş hüquq və azadlıqlarını gözardı etməməyə çağırıb.

Printer »»»