Qarabağ bloku vətəndaşların bank kreditləri ilə bağlı Məhkəməsinin çıxardığı qərardan narazı olduqlarını bildiriblər

20.05.2015

Bu gün ADP-nin Mərkəzi qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. 

İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İclas iştirakçıları ilk öncə Binəqədi rayonunda yerləşən hündür mərtəbəli binada baş verən yanğın nəticəsində faciəli şəkildə həlak olan insanların xatirəsini sayqı duruşu ilə yad edib və vəfat edən insanlara Allahdan rəhmət, doğmalarına səbr diləyib.

Qarabağ Bloku təəssüflə qeyd edib ki, son vaxtlar Bakı şəhərində hündür mərtəbəli binaların zahiri görünüşünü gözəlləşdirmək məqsədi ilə fasadlarına tezalışan və təhlükəsizlik baxımından yararlı olmayan üzlüklərin çəkilməsindən dolayı həmin binalarda vaxtaşırı olaraq yanğın baş vermə ehtimalından narahat olduğunu dəfələrlə hakimiyyətin diqqətinə çatdırmasına baxmayaraq, adiyyatı orqanlar istismar müddəti başa çatmış binalara yararsız üzlükləri çəkməkdə davam etmiş, həmin binaların yeniləri ilə əvəzlənməsi və ya üzlüklərin daş plitələrlə əvəzlənməsi qayğısına qalmamamışdır. Ağır itkilərə, insan təlafatına yol açan Binəqədi rayonunda baş verən yanğın məhz hakimiyyətin, özəlliklə BŞİH-nin vaxtında qaldırılan məsələlərə çevik reaksiya verməməsinin, ayrı-ayrı şirkətlər tərəfindən bu işlərin davam etməsinə göz yummasının nəticəsi olaraq ortaya çıxmışdır ki, bu da içtimaiyyətin diqqətindən yayınmamalı və bu cinayətin törənməsində birbaşa və dolayı günahı olan dövlət orqanları qanunun bütün ciddiyyəti ilə məsuliyyətə cəlb edilməlidir. Dövlət başçısı İ.Əliyevin baş verən hadisə ilə bağlı ciddi tədbirlər gözə almasını müsbət dəyərləndirən blok üzvləri eyni zamanda mənzillərini itirmiş vətəndaşların yeni mənzillərlə təmin olunması, maddi, mənəvi itkilərlə üzləşən ailələri birdəfəlik yardımlar edilməsi istiqamətində təcili addımlar atılmasının vacibliyini diqqətə çatdırıb və dövlət başçısını günahkar şəxslərin, müvafiq dövlət qrumları rəhbərlərinin cəzalarına çatdırılması üçün göstərişlər verməyə çağırıb.

Qarabağ bloku vətəndaşların bank kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı qərardan narazı olduqlarını bildirib və bu qərarın Azərbaycan xalqının maraqlarını müdafiə etmədiyini, əksinə kredit ödəyicilərini ağır iqtisadi şərtlərlə üz-üzə qoyduğunu diqqətə çatdırıb və hakimiyyəti xalqın mənafeyinə zidd addımlar atmaqdan çəkinməyə və vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması üçün indeksasiya siyasəti həyata keçirməyə çağırıb.

Qarabağ Bloku Norveçin bir sıra hüquq-müdafiə təşkilatlarının Azərbaycanda insan hüquqlarlının pozulmasının dövlət səviyyəsində həyata keçirilməsi, siyasi məhbus probleminin gündəmdə qalması, jurnalistlərin, siyasi müxalifət nümayəndələrinin, QHT rəhbərlərinin həbsdə saxlanılması, bütövlükdə demokratik inkişafın qarşısının alınması barədə yaydıqları bəyanatın Azərbaycan reallıqlarını obyektiv əks etdirdiyini bildirib və hakimiyyəti insan hüquq və azadlıqları, demokratiyanın maneəsiz inkişafı istiqaməti üzrə beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.

Qarabağ Bloku ölkədə vətəndaş həmrəyliyinin gücləndirilməsi, milli birliyin təmin edilməsi, bir sıra Avropa ölkələrinin Azərbaycanda keçirilməsi nəzərdə tutulan Avropa oyunlarını boykot etməklə təhdid etməsi faktlarını nəzərə alaraq ölkə başçısını 28 May Cümhuriyyət bayramı münasibəti ilə geniş əvf fərmanı verməyə və siyasi məhbusları azad etməyə çağırıb.

Qarabağ Bloku bir neşə gün əvvəl baş tutan iqtidar mənsubları ilə müxalif düşərgə arasında keçirilən dialoqa münasibət bildirib və vahid siyasi prosesin tərkib hissəsi olan dialoqun keçirilməsini, dialoqda müxalifət tərəfindən irəli sürülən tələblərin təmin edilməsini ölkədə qarşılıqlı etimadın formalaşması, ölkədaxili ziddiyyətlərin aradan qaldırılması və beynəlxalq təşkilatların ölkəmizə olan müsbət fikrinin formalaşması üçün vəsilə olduğunu diqqətə çatdırıb və siyasi dialoqun demokratik cəmiyyətin əsas şərtlərindən biri olduğunu qeyd edib.

Printer »»»