ADP İdarə Heyətinin toplantısı keçirilib

26.05.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. 
Toplantı iştirakçıları ilk növbədə Ukraynada keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib və ölkədə süni şəkildə yaradılmış qarışıqlığın hökm sürməsi və Rusiyanın təhdidlərinin davam etməsinə baxmayaraq seçkilərin uğurla başa çatması münasibəti ilə Ukrayna xalqını təbrik edib və bu seçki uğurlarının Ukraynanın müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında qarant olacağına əminliyini ifadə edib.
Partiya yetkililəri Ukrayna xalqının seçkidə əldə etdiyi nailiyyəti bir neçə il əvvəl bu ölkədə baş tutan narınıcı inqilabın geridönməz qələbəsi kimi dəyərləndirib və Qərbi, o cümlədən ABŞ-ı Ukrayna xalqının yanında olmağa, Avropanın ayrılmaz tərkib hissəsi olan Ukraynanı Rusiyanın trəhdidedici, işğalçı təcavüzlərindən qorumağa və bu günə qədər tutduqları prinsipial mövqeni adı çəkilən ölkədə demokratiyanın tam qələbəsinə qədər davam etdirməyə çağırıb. İdarə Heyəti AŞPA-nın daimi Komissiyasının Bakıda keçirilən iclasında qurum rəhbərliyinin Azərbaycanda insan haqları və demokratiyanın pozulması, ölkədə yaşanan siyasi məhbus problemi, vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyaların davam etməsi, sərbəst toplaşma və mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı səsləndirdiyi tənqidi fikirləri təqdir edib və Azərbaycan hakimiyyətini bu haqlı tənqidlərdən nəticə çıxarmağa, beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağıırb.

İdarə Heyəti Azərbaycan hakimiyyətinin vizası olmadan Dağlıq Qarabağa səfər edən xarici dövlət nümayəndələrinin Azərbaycan üçün arzuolunmaz şəxsə çevrilməsi ilə bağlı verdiyi bəyanatları təqdir edib, eyni zamanda bu cür tədbirlərin Azərbaycan ərazisinə qanunsuz daxil olmanın qarşısınının alınmasında yetərli olmadığını qeyd edib və hakimiyyəti bu istiqamətdə effektli diplomatik və önləyici addımlar atmağa çağırıb.
İdarə Heyəti Müdafiə Naziri Z.Həsənovun Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən hərbi tolantıdan sonra Azərbaycanın İran və Rusiya ilə hərbi əməkdaşlığın bütün sahələri üzrə həmfikir olduğunu bəyan etməsini pisləyib, bu cür siyasi bəyanatların müdafiə naziri tərəfindən verilməsini məqbul olunmadığını bildirib və Azərbaycanın xarici siyasət kursunun əsas qayəsinin qardaş Türkiyə ilə strateji müttəfiqlik və NATO-ya inteqrasiya olduğunu diqqətə çatdırıb. 
İdarə Heyətin ölkə başçısı İ.Əliyevin Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında iştirakını və bu tədbirdə ölkəmizin Şanxay ölkələri ilə qarşılıqlı iqtisadi, mədəni əməkdaşlığının əsas prioritetləri ilə bağlı səsləndirdiyi fikirlərin Azərbaycanın dövlət maraqlarına uyğun olduğunu bildirib, eyni zamanda bu cür görüşlərin iqtisadi əlaqələrdən kənara çıxmayacağına və Azərbaycanın Şanxay İttifaqı adlanan siyasi birliyə inteqrasiya olunmacağına əmin olduqlarını ifadə edib.   


İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü ilə əlaqədar xalqa müraciət edib. Müraciətdə deyilir:
Azərbaycan Demokratik Cumhürriyyətinin elan olunmasından 96 il keçir. 
Bu gün münasibəti ilə Azərbaycan Demokrat Partiyası Azərbaycan xalqını, hər bir vətəndaşımızı, Azərbaycandan kənarda yaşayıb Azərbaycanı öz Vətəni kimi sevən bütün insanları təbrik edir. 
Cumhüriyyətçilik xalqımızın milli nailiyyətidir. Uzun əsrlər dövlətçilik tarixinə malik xalqların respublikaçılığa keçiddə ciddi problemlər yaşaması ilə müqayisədə əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz Respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bağlıdır. Azərbaycan Demokratik Cumhüriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. Səttarxanın başçılığı ilə cənubda həyata keçirilən Məşrutə hərakatı isə ADC-nin təməlində duran respublikaçılığın əsas qaynaqlarından olmuşdur. 
2 il ərzində mövcud olan Azərbaycan Xalq Cumhürriyyətinin bəzi dövlətlərin 100 ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi birinci Respublikanın banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir. Yeni dövrdə müstəqillik əldə etmiş Şimali Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cumhüriyətinin nailiyyətlərindəndir. Cumhüriyyətçilik ideyaları uğrunda və Azərbaycandakı separatizm meyllərinə qarşı mübarizədə minlərlə insan canından keçərək şəhid olub. Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri çiyin-çiyinə yeni tarix yaratmaqdadırlar.
Cumhüriyyət həqiqi vətəndaşlıq tələb edir. Təəssüf ki, respublikaçılıq ənənələrini real olaraq tətbiq etməkdən yayınan, Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu kiçiltməyə çalışan bir iqtidar ölkəmizdə bu gün hakimiyyətdədir və bu hakimiyyət hər vəchlə dövlətçiliyi həqiqi respublikaçılıqdan uzaqlaşdırmağa çalışır. Bu gün qarşıda duran bütün milli problemlərin həlli də həqiqi vətəndaşlıq tələb edir.
ADP Azərbaycan dövlətində yaşayan bütün insanları həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə  çağırır.

Printer »»»