ADP - Putinin qondarma Qarabağ rejiminin rəhbəri B.Saakyanı mükafatlandırması pisləyib

03.08.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. 
Toplantı iştirakçıları ilk növbədə ABŞ Dövlət Departamentinin müxtəlif ölkələrdə insan alverinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində ölkəmizdə hüquq-mühafizə orqanlarının tanınmış fiqurlardan, vəzifəli şəxslərdən ehtiyatlanaraq, insan alveri hallarını yetərincə araşdırmamaları və sistemli korrupsiyanın insan alverinə qarşı mübarizədə əsas maneələrdən biri kimi göstərilməsinə münasibət bildirib.
Hesabatda əksini tapan faktların Azərbaycan gerçəkliklərini obyektiv əks etdirməsinə diqqət çəkən partiya yetkililəri hakimiyyəti hesabatın məzmunundan irəli gələn tənqidi qeydlərdən nəticə çıxarmağa, ölkədə insan hüquq və azadlıqlarının bərpa olunması, məmur özbaşınalığının və korrupsiyanın qarşısının alınması istiqamətində ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti Siyasi məhbus İlqar Məmmədovun həbsdə hücuma məruz qalması, L.Yunusun və araşdırmaçı jurnalist X.İsmayılın məhkəməsi zamanı prosedur qaydaların pozulması və onların müdafiəsinə süni çətinliklərin yaradılmasını pisləyib və bunu vətəndaşların müdafiəsinə qarşı yönəlmiş hərəkət olmaqla bərabər, ölkədə hələ də vətəndaşların effektli müdafiə sisteminin olmaması kimi dəyərləndirib.
İdarə Heyəti Meydan TV-nin rəhbəri E.Millinin qohumlarının onunla qohumluq əlaqələrindən imtina etdirilməsi, Azadlıq qəzetinin baş redaktoru Q.Zahidin qardaşı uşaqlarının müxtəlif bəhalərlə və saxta ittihamlarla suçlanaraq həbs edilməsi, professor Ç.Həsənlinin azyaşlı nəvəsinə heç bir əsas olmadan istintaq orqanlarından çağrışlar göndərilməsi faktından ciddi narahat olduğunu, bu cür basqı və təzyiq üsullarının yalnız 37-ci illərdə sovet hökumətinin insanlara tətbiq etdiyi repressiyalarla anologiya təşkil etdiyini diqqətə çatdırıb və vətəndaşların həyatı üçün təhlükə yaradan bu halları Konstitusiyamızın müddəalarına zidd hal kimi dəyərləndirib.
İdarə Heyəti Rusiya prezidenti V.Putinin qondarma Qarabağ rejiminin rəhbəri B.Saakyanı mükafatlandırması faktını qətiyyətlə pisləyib, bu faktı Rusiyanın işğalçı Ermənistanın arxasında durması, onun işğalçı və təcavüzkar siyasətinə bəraət qazandırması faktı kimi qiymətləndirib və ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tutduğu missiyaya zidd olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti Rusiya ədliyyə orqanlarında yüksək vəzifə tutan və Rusiya ilə bağlı şübhəli keçmişə malik olan İ.Qasımov və MTN-nin sabiq şefi N.İmranovun “Avrasiya hərəkatı” yaratmaq barədə təşəbbüslərindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti Azərbaycanın müstəqilliyi və suverenliyi əleyhinə yönələn, dövlətimizin milli varlığına təhlükə yarada biləcək bu cür təşəbbülərin qarşısını almağa və onların antiazərbaycan fəaliyyətini önləyən təsirli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti son vaxtlar Türkiyədə PKK-nın fəallaşması, dinc insanlara qarşı terror əməliyyatları keçirməsi, Türkiyə ərazisindən keçib gələn Azərbaycan vətəndaşlarını girov götürməsi faktından ciddi narahat olduğunu bildirib, hakimiyyəti onların vətəndaşlarımıza qarşı törətdikləri əməllərə siyasi qiymət verməyə və qardaş Türkiyənin PKK-ya qarşı mübarizəsinə hər çür dəstək verməyə çağırıb.
İdarə Heyəti Ukrayna ərazisində Malayziya dövlətinə məxsus təyyarənin partladılması ilə bağlı beynəlxalq tirbunalın yaradılması təşəbbüsünə Rusiya tərəfindən embarqo qoyulması faktını pisləyib və dünya dövlətlərini SSRİ dövrüdən fərqli olaraq işğalçılıq mövqeyində duran bu ölkənin veto qoymaq hüququnun əlindən alınması üçün hərəkətə keçməyə çağırıb.
Printer »»»