10.08.2015
Printer »»»
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı İştirakçıları jurnalist R.Əliyevin ölümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “ADP İdarə Heyəti Rasim Əliyevin futbolçu C.Hüseynovun qohumları tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi faktından sarsıldığını bildirir və insanlıqla bir araya sığımayan bu cinayət hadisəsini qətiyyətlə pisləyir. Bu hadisənin sıradan bir cinayət hadisəsi olmadığına diqqət çəkən partiya yetkililəri törədilən bu vəhşiliyin arxasında ölkədə hökm sürən hüquqi özbaşınalığın, cəzasızlıq mühitinin, yerli və beynəlxalq qınaqlara rəğmən insan hüquq və azadlıqlarının gözardı edilməsinin.
Demokratik təsisatların fəaliyyyətinin əngəllənməsinin, şəxsi iradənin qanunun aliliyi prinsipini üstələməsinin durduğunu diqqətə çatdırıb və ölkənin daxili sabitliyinin pozulmasına xidmət edən bu cür faktlara Respublika Prezidenti səviyyəsində münasibət bildirilməsinin vacibliyini qeyd edib. İdarə Heyəti bu cür hadisələrin gələcəkdə baş verməməsi üçün hakimiyyətin öz daxili siyasətində korrektələr etməsinin, siyasi plüralizmin, söz, mətbuat və digər fundamental azadlıqlarının təmin edilməsinin vacibliyi haqda dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq bu yöndə ciddi dəyişiklər aparılmamasını, demokratiya, insan haqları, qanunun aliliyi prinsipinin qorunması istiqamətində ciddi addımlar atmamasını daxili siyasətdəki yanlışlıq kimi dəyərləndirib və hakimiyyəti bir daha ölkədə demokratik islahatlar keçirməyə, vətəndaşların təhlükəsizliyini, təbii və konstitusion haqlarını qorumağa çağırıb. Hər bir ölkədə idmanın inkişaf etdirlməsinin, cəmiyyətin fiziki sağlamlığının təmin edilməsində kütləvi idmanın rolunun artırılmasının vacibliyini önə çəkən İdarə Heyəti hakimiyyətin bu sahəni elm və təhsilin, səhiyyənin, mədəniyyətin, siyasi institutlaşmanın fövqünə qaldırmasını, idman nailiyyətləri olanların az qala toxunulmaz şəxs elan edilməsi siyasətinin kökündən səhv olduğunu, bu siyasətin dəyişdirilməyəcəyi təqdirdə bu cür kədərli hadisələrlə gələcəkdə də rastlaşma ehtimalının yüksək olaraq qaldığını bir daha qeyd edib. İdarə Heyəti hüquq-mühafizə orqanlarını bu cinayəti obyektiv və qərəzsiz araşdırmağa, cinayəti sifariş verən və icra edənləri ən sərt qanuni cəzalara məhkum etməyə çağırıb.”
İdarə Heyəti hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa qarşı aparılan məhkəmə prosesini, prokurorun həddindən artıq ağır cəza tələb etməsini hakimiyyətin onlara qarşı sərgilədiyi qisasçılıq siyasəti olmasına diqqət çəkib və qeyd edilib ki, ölkə büdcəsini dağıdan, banklardan milyonlarla vəsaiti kredit adıyla götürüb məniməsyən şəxslərin əməllərinə göz yumulduğu halda, hüquq müdafiəçisi və QHT rəhbərinə qarşı aparılan bu cür proses işin siyasi motivli olmasını bir daha təsdiq edir ki, bu da qanun qarşısında vətəndaşların bərabərliyi prinsipinə zidd olmaqla ölkədə müstəqil məhkəmə sisteminin iflasa uğrmasından xəbər verir. ADP İH hakimiyyəti bir daha bütün siyasi məhbusları qeyd şərtsiz azadlığa buraxmağa çağırıb.
İdarə Heyəti ölkədə yeridilən yanlış iqtisadi siyasətin nəticəsi olaraq bankların çökməsi, banklardan milyardlarla vəsaitin oğurlanması, manatın devalvasiyaya uğraması fonunda ölkənin iqtisadi tənəzzülə, sosial fəlakətə sürüklənməsi faktından, daxil olduğumuz geosiyasi məkanda baş verən hadisələrin iqtisadi vəziyyətimizi daha da gərginləşdirməsi ehtimalından narahat olduğunu bildirib və hakimiyyəti iqtisadi sobatajçılara, bazar iqtisadiyyatını monopolist siyasət qarşısında diz çökdürənlərə qarşı ciddi tədbirlər almağa çağırıb və milli təhlükəsizliyi təhdid etdiyi üçün məlum “beynəlxalq bank və problemli kredit” işinin MTN-nin araşdırmasını daha düzgün olacağını qeyd edib.
İdarə Heyətində parlament seçkiləri ilə əlaqədar müzakirələr davam etdirilib, namizədlərin dəqiqləşdirilməsi və seçkiyə qatılımın forması ilə əlaqədar müvafiq qərarlar qəbul edilib. Qərara alınıb ki, seçki blokunun yaradılması ilə bağlı danışıqlar davam etdirilsin və partiyaların deputatlığa namizədlərinin qarşılıqlı müəyyənləşdirilməsi prosesi yaxın on gün ərzində yekunlaşdırılsın.