Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib.

12.08.2015

Blok üzvləri ilk növbədə yurnalist R.Məmmədovun ölümü ilə bağlı bəyanat qəbul edib: Qarabağ bloku Rasim Əliyevin futbolçu C.Hüseynovun qohumları tərəfindən vəhşicəsinə öldürülməsi faktından narahat olduğunu bildirib və bu hadisəni törədənləri qətiyyətlə qınayır. Bu hadisənin sıradan bir cinayət hadisəsi olmadığına diqqət çəkən Qarabağ bloku törədilən bu vəhşiliyin arxasında ölkədə hökm sürən hüquqi özbaşınalığın, cəzasızlıq mühitinin, yerli və beynəlxalq qınaqlara rəğmən insan hüquq və azadlıqlarının gözardı edilməsinin, demokratik təsisatların fəaliyyyətinin əngəllənməsinin, şəxsi iradənin qanunun aliliyi prinsipini üstələməsinin durduğunu diqqətə çatdırıb və ölkənin olduqca həssas olan daxili sabitliyinin pozulmasına xidmət edən bu cür faktlara Respublika Prezidenti səviyyəsində münasibət bildirilməsinin vacibliyini qeyd edib.
Hər bir ölkədə idmanın inkişaf etdirlməsinin, cəmiyyətin fiziki sağlamlığının təmin edilməsində kütləvi idmanın rolunun artırılmasının vacibliyini önə çəkən Qarabağ Bloku hakimiyyətin bu sahəni elm və təhsilin, səhiyyənin, mədəniyyətin, siyasi institutlaşmanın fövqünə qaldırmasını, idman nailiyyətləri olanların az qala toxunulmaz şəxs elan edilməsi siyasətinin kökündən səhv olduğunu, bu siyasətin dəyişdirilməyəcəyi təqdirdə bu cür kədərli hadisələrlə gələcəkdə də rastlaşma ehtimalının yüksək olaraq qaldığını bir daha qeyd edib. Blok həmçinin ağır zədə almış mərhum jurnalistə hərtərəfli, vaxtında və keyfiyyətli tibbi yardım göstərməyən tibb işçilərinin hərəkətlərini də pisləyib və səhiyyənin mövcud acınacaqlı durumuna görə müvafiq nazirliyin məsuliyyət daşıdığını, bu duruma görə qanun qarşısında cavab verilməsinin zəruriliyini də qeyd edib. Qarabağ Bloku hüquq-mühafizə orqanlarını bu cinayəti obyektiv və qərəzsiz araşdırmağa, cinayəti sifariş verən və icra edənləri ən sərt qanuni cəzalara məhkum etməyə çağırıb.”

Blok üzvləri eyni zamanda son vaxtlar PKK terror təşkilatının Türkiyə daxilində və ölkənin sərhədlərindən kənar aktivləşməsindən, örgütün dinc əhaliyə, polis və hərbçilərə qarşı həyata keçirdikləri terror nəticəsində onlarla insanın qətlə yetirilməsindən ciddi narahat olduğunu bildirib və Türkiyənin bütövlüyünə, konstitusion quruluşunun dağıdılmasına qarşı yönələn bu terror hadisələrini qətiyyətlə pisləyib.
Blok üzvləri eyni zamanda Türkiyənin PKK terror təşkilatına qarşı başlatdığı hərbi hücumlardan əndişə duyan bir sıra Avropa dövlətlərinin açıq və ya gizli şəkildə PKK-nı himayə etməsini, barışıq adı altında terrorçularla Türkiyə dövlətini bir masada əyləşdirmək cəhdlərini də pisləyib , hər hansı bir ad altında terrorun müdafiəsinin bəşəriyyət üçün ciddi təhlükə törədəcəyini diqqətə çatdırıb və Azərbaycan hakimiyyətini terrorla mübarizədə qardaş Türkiyənin yanında olmağa, sərhədlərimiz yaxınlığında baş verən terror hadisələrinə həssaslıq göstərməyə çağırıb.
Printer »»»