ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

21.04.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları Rusiyanın Ukraynaya yönəlik ilhaq və işğal siyasətinin dünya düzənində yaratdığı gərginliklərə bir daha  münasibət bildirib və hadisələrin normal məcraya düşməsi üçün başladılan Cenevrə danışıqlarının şərtlərinə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti erməni lobbisinin təzyiqi ilə “erməni soyqırımı” məsələsinin ABŞ Senatında müzakirəyə çıxmasına baxmayaraq Konqresin yaxın iki ildə bu məsələni gündəmə çıxarmayacağı barədə qəbul etdiyi qərarı alqışlayıb və bu qərarın regionda sülhün və təhlükəsizliyin qorunmasında mühüm addım olduğunu qeyd edib və ermənilərin tarixi reallığa söykənməyən sərsəm iddialarına ən tutarlı cavab olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar Azərbaycanda “beşinci kalon” deyilən rusiyapərəst qüvvələrin hərəkətə gətirilməsi, bir çox rəsmilərin Rusiya meyilli bəyanatlar səsləndirməsi, Rusiya səfirliyi vasitəsi ilə adı çəkilən ölkənin siyasətini dəstəkləyən qüvvələrə “Georgiyev lenti” verilməsi kimi anti milli davranışlardan ciddi narahat olduğunu bildirib və Rusiyaya qarşı yaradılan rəğbətin arxasında hakimiyyətin, hakim partiyanın ölkədə zaman-zaman Qərb əleyhinə apardığı təbliğatın, Rusiyanın iki yüz il ərzində Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin unutdurlması siyasətinin durduğunu bildirib və bütün ictimai-siyasi qüvvələri gözlənilən Rusiya təhlükəsinə qarşı səfərbər olmağa çağırıb.
İdarə Heyəti ABŞ senatoru Makkeynin Moldava səfəri zamanı ölkəsinin Moldova və Gürcüstanın müstəqilliyi, ərazi bütövlüyünün qorunması istiqamətində Rusiya təhdidlərinə qarşı duracağını bəyan etdiyi halda Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin qorunmasının da bu sıraya daxil edilməməsindən ciddi narahat olduğunu bildirib və ABŞ rəsmilərini senatorun bu açıqlamasına aydınlıq gərirməyə çağırıb.
İdarə Heyəti “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirovun həbsi ilə bağlı məsələyə münasibət bildirib və onunla bağlı başladılan istintaq işinin şəffaf aparılması və hüquqlarının effektli müdafiə olunması tələbi ilə çıxış edib.
İdarə Heyəti məhkəmə istintaqı başa çatan NİDA Vətəndaş Hərəkatı üzvlərinə prokuror tərəfindən üst-üstə 61 il həbs cəzsı istənilməsindən ciddi  narahat olduğunu bildirib və gənclərə qarşı bu cəza tdbirlərini hakimiyyətin repressiya siyasəti kimi dəyərləndirib. Qeyd olunub ki, bir qrup gəncin müxalif düşüncə daşıyıcısı olaraq haqlarında ədalətsiz hökmlər çıxarılması, hakimiyyət yanlısı olan başqa bir qrup gənclərin “nurçu”, “gülənçi” adı ilə ifşa olunması onu göstərir ki, hakimiyyətin gənclərlə bağlı siyasəti tam iflasa uğrayıb və hakimiyyət gənclərə qarşı siyasətində  hələ də qeyri-səmimilik nümayiş etdirir.
İdarə Heyəti  Milli Məclisin «Təhsil haqqında” qanuna dəyişikliklər etdiyindən dolayı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində, o cümlədən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyini təqdir edib, eyni zamanda az təminatlı ailələrin uşaqlarına da bu müddəanın tətbiq edilməsinin tərəfdarı kimi çıxış edib. 
İdarə Heyəti həmçinin şübhəli şəxs qismində tutulan şəxsin saxlanılma müddətinin 48 saatdan 96 saata kimi artırılması ilə bağlı Cinayət Prosessual Məcəlləyə edilmiş dəyişikliyə də münasibət bildirib. İdarə Heyəti Azərbaycanda şübhəli şəxs kimi saxlanılma vaxtlarında intihar adı altında vətəndaşların ölməsi, işgəncələrə məruz qalması, vəkillə təmin olunmaması halları olduğunu nəzərə alaraq saxlanma müddətində vətəndaşların hüquqlarının qorunması baxımından daha sərt müddəaların da qanuna əlavə edilməsinin vacibliyini qeyd edib.

Printer »»»