Danışdıqca batan adam...

21.04.2014

Son vaxtlar özünü “Başbuğ” ləqəbi ilə tanıdan Azad İskəndərli adlı bir şəxs ADP sədrinin ünvanına sosial şəbəkələrdə müxtəlif təhqirlər səsləndirərək Azərbaycan müxalifətinin tanınmış liderlərindən olan, xalqa, dövlətə, bayrağa bağlılığı heç kimdə şübhə doğurmayan Sərdar Cəlaloğlunu səylə “ifşa etməkdədir”. Lakin “Başbuğ”un “ifşa poliqonu” yalnılz ADP sədri ilə sərhədlənmir. Ara-sıra Azərbaycanın iş adamlarına da “əl gəzdirməyi”ı lazım bilən, onları “qeyrətsiz” adlandıran “Başbuğ”, lazım olanda yazdığı statuslardan, səsləndirdiyi fikirlərdən asanlıqla imtina edir, bunu “xaker işi” adlandırır. 
Azərbaycan ictimai-siyasi həyatının “Başbuğ” problemi ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev Azad İskəndərli ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Başbuğ” özünün rəhbərlik etdiyi saytda yenə də əxlaqını nümayiş etdirib. Bu adam deyir ki, mən məhkəmədə Sərdar Cəlaloğlunu təhqir etmədiyimi sübut etdim. Yalandan deyir ki, guya bu təhqirləri başqası yazıb. Özünü profilində yazdığı söyüşlərdən sığortalamaq üçün bir video müraciət yayıb ki, guya xakerlər tərəfindən bunun profillərinin surəti çıxarılıb. Guya bununla bağlı müvafiq dövlət orqanlarına da müraciət edib. Əgər belədirsə, müvafiq dövlət orqanlarının rəyini ortaya qoysun. Yox, əgər belə deyilsə, yazdığın sözlərin arxasından qaçmasın. Sözünün arxasından qaçmaq “Başbuğ”a yaraşan hərəkət deyil.
Digər tərəfdən üzr istəmək istəyini etiraf edir və bunun əsilzadə adamların işi olduğunu, eyni zamanda üzrxahlıq etmək “orta ağıllı” adamların anlaya bilmədiyi xarakter olduğunu bildirir. Mən razı. Bəs onda bu necə əsilzadəlikdir ki, axşam barışıq təklif edirsən, səhərisi isə başlayırsan əxlaq və tərbiyə nümayiş etdirərək sətiraltı təhdidlər və aşığılayıcı sözlər yazmağa? Budurmu üzr istəməyindəki səmimiyyət, budurmu əsilzadəlik “Başbuğ”? Başqasını alçaltmağa cəhdlə, səmimiyyətdən uzaq üzür istəmək əsilzadə işi yox, “rəzilzadə” işi olduğunu anlamağa isə orta ağıl da kifayət edir, “Başbuğ”.
“Başbuğ” daha sonra bizə məsləhət görür ki, “özünü kişi hesab edən adam kişini şantaj etməz, şantaj kişiyə yaraşmaz. Sizin probleminiz mənimlədir, başqa adamları bura qatmayın.” Dəyərli məsləhətinə görə təşəkkürlər “Başbuğ”. Bəs onda sən Rəmişin Sərdar bəy haqqında dediyi (yəqin həmin vaxt dozasını artıq edib) sözləri dəfələrlə facebookdakı profilində yaymaq başqasını bura qatmaq, şantaj deyil, bəs nədir? Belə çıxır ki, sən bu hərəkətləri edəndə bu kişilik sayılır, amma biz edəndə kişilik sayılmır? İkincisi, “Başbuğ” ötən məhkəmə prosesində işin predmetinə aid olmayan bir qovluq materialı məhkəməyə təqdim elədi və özünün hüquqi əhəmiyyət daşımayan sənədlərinə qanuni don geyindərməyə, söyüş söyməyi söz azadlığı kimi qələmə verməyə çalışdı. Belə çıxır ki, bu olur kişilik, amma iddiaçı kimi iddiamı əsaslandırmaq üçün onun yol verdiyi kobud qanun pozuntularını ortaya çıxarmaq, hansı ki, bu mənim hüquq və vəzifəmdir, bu olur nakişilik? Yəqin ki, bu da “Başbuğ” məntiqidir. Bəs xanımların müdafiəsindən istifadə etmək nədir görəsən, “Başbuğ”luq? Ölmədik, belə “Başbuğ”u da gördük.  
İnsan gərək başqasına hər hansı məsləhət görəndə, gərək özündə o nümunəni göstərsin ki, daha səmimi və ədalətli olsun. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, Moskvanın Yeni Hüquq İnstitutunda ikinci təhsilini davam etdirən, Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin, Sosial Hüquqların Monitorinq Qrupunun, sosialxeber.org saytının rəhbəri, Türk Dünyası Problemləri İnstitutunun başqanı və eyni zamanda vəkilliklə məşğul olan bir şəxsin etikanın əsas prinsiplərindən bixəbər olması acı gülüş doğurur.
“Başbuğ” bu yazısında çox nağıllar danışır, başa düşmür ki, nağıllar ona kömək olan deyil. Sonda da deyir ki, “özünüzü mənimlə reklam etməyin, çalışacam ki, sizə bu şansı verməyim”. Amma mən onun kimi paxıl deyiləm, imkanım nəyə çatır onu reklam edəcəm. Xalq öz “Başbuğ”unu tanımalıdır! Elə bu yazıda da “Başbuğ” un xalqa tanıdılması naminə 1-2 reklam materialının da verilməsinin tərəfdarıyam. Bu adam facebookda yazır: “Azərbaycanlı iş adamlarında qeyrətsizlik sindromu var.” Görəsən o, paylaşdığı bu statusun məsuliyyətini anlayırmı? “Başbuğ” yəqin ki, yazdığı bu statusun arxasından qaçacaq, deyəcək ki, xakerlər edib, nə bilim şeytan əməlidir inanmayın.
“Başbuğ” un bu açıqlamalarını oxuyanda yadıma bu yaxınlarda deputat Etibar Hüseynovun ANS-də qaçqın və məcburi köçkünlərlə bağlı işlətdiyi aşağılayıcı ifadələrdən dolayı, Milli Məclisdə aparılan müzakirələrdə spiker Oqtay Əsədovun ona yerində dediyi bir ifadə yadıma düşür. O.Əsədov Etibar Hüseynova dedi ki, bu vəziyyətdən sonra mətbuata nə qədər az danışsan yaxşıdır. İndi spikerin sözü olmasın, “Başbuğ”, bu vəziyyətdən sonra nə qədər az danışsan yaxşıdır, çünki danışdıqca özünü ifşa edirsən...”

Printer »»»