Azərbaycanda Ukraynadan da təlatümlü hadisələr baş verə bilər

24.02.2014

Həsrət Rüstəmov: “Bu hadisələrdən xalq da, hakimiyyət də, müxalifət də nəticə çıxartmalıdır”
ADP sədrinin I müavini Həsrət Rüstəmov açıqlamasında Ukraynadakı proseslərin Azərbaycanda təkrarlanma ehtimalını şərh edib. H.Rüstmovun sözlərinə görə, baş verən proseslərin Azərbaycana bu və ya digər dərəcədə təsir göstərəcəyi birmənalıdır:
“Təbii ki, post-sovet ölkələrinin hər birində, o cümlədən yaxın dövlətlərdə baş verən hadisələrin Azərbaycan üçün təsirsiz ötəşmədiyi birmənalıdır. Əgər kimsə bu olayların Azərbaycan üçün təsirsiz ötüşəcəyini düşünürsə, yanılır. Bu cür fikirlər müəyyən məqsədlə səsləndirilən fikirlərdir. Uzun zaman biz digər post-sovet ölkələri ilə birlikdə eyni geosiyasi məkanda yaşamışıq. Ukrayna ilə də sıx əlaqələrimiz var.
Azərbaycan və Ukraynada situasiyalar kifayət qədər bir-birinə oxşardır. Bu baxımdan hesab edirəm ki, Ukraynadakı proseslər Azərbaycana da təsir edəcək. Bu olaylar digər keçmiş sovet dövlətlərinə də təsir göstərəcək”.
H.Rüstəmovun sözlərinə görə, ADP Ukrayna olaylarının Azərbaycana müsbət mənada təsirində maraqlıdır və demokratiyaya keçidin ağrısız reallaşdırılması üçün bu olaylardan lazımı nəticələrin çıxarılmasıni zəruri hesab edir:
“Şübhəsiz ki, biz bu təsirin pozitiv yöndə olmasını arzulayırıq Söhbət ondan getmir ki, Ukraynada baş verən hadisələr olduğu kimi Azərbaycanda da baş verməlidir və ya baş verəcək. Sadəcə, Ukraynadakı hadisələrdən Azərbaycan xalqı, Azərbaycan siyasi hakimiyyəti və müxalifəti özü üçün müəyyən nəticələr çıxartmalıdır. Mən bu cür təsiri daha çox arzuedilən hesab edirəm. Demokratiyaya sakit, ağrısız keçidin baş tutmasına çalışmaq lazımdır. Əks halda Azərbaycanda Ukraynadan da ciddi təlatümlü hadisələr baş verə bilər. Biz bu cür ağrılı proseslərin baş verməsini arzulamırıq. Biz ölkədə demokratiyaya yumşaq keçidin baş verməsində maraqlıyıq. Istəyirik ki, Azərbaycan xalqının heç bir nümayəndəsi bu keçid prosesindən zərər görməsin”.

Printer »»»