ADP İdarə Heyəti “Sovetski” küçəsində evlərin sökülməsi ilə bağlı münasibət bildirib

18.02.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət barədə müzakirələr aparılıb. Toplantı iştirakçıları ilk növbədə  “Sovetski” küçəsində evlərin və  vətəndaşlara məxsus obyektlərinin sökülməsi ilə bağlı vətəndaşlar arasında yaranan ciddi narazılıqlara münasibət bildirib və vətəndaşların razılığı olmadan ayrı-ayrı tikinti şirkətləri tərəfindən həmin mənzillərin istədikləri qaydada qiymətləndirilməsini onların mülkiyyət hüququna qəsd kimi dəyərləndirib.
İdarə Heyəti hakimiyyəti vətəndaşların mülkiyyət hüququnun qəsdinə yönəlmiş bu hərəkətlərdən çəkinməyə, yalnız onların razılığı əsaasında qiymətləndirmədən sonra həmin evlərin və obyektlərin sökülməsinin məqsədə uyğun olduğunu nəzərə almağa çağırıb, eyni zamanda vətəndaşların öz hüquqlarının pozulması ilə bağlı Konstitusiya məhkəməsinə müraciət etməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar Dövlət Neft Şirkətində minlərlə fəhlə və mütəxəsisin ixtisara salınması, onların işsizliklə üz-üzə qoyulmasını qətiyyətlə pisləyib və ölkədə sosial gərginliyə stimul verən bu hərəkəti hakimiyyətin neft siyasəti barədə elan etdiyi vədlərin fiaskoya uğraması kimi dəyərləndirib. Partiya yetkililəri ölkə vətəndaşlarını kütləvi işsizliklə üz-üzə qoyan bu və ya  buna bənzər faktların arxasında yanlış sosial siyasətin, neft kontraktlarının elan olunmuş məqsədlər üzrə reallaşmamasının, iyrimi ildən artıq vaxt keçməsinə baxmayaraq neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməməsinin durduğunu qeyd edib və hakimiyyəti ölkədə işsizliyin aradan qaldırılması, iqtisadi yoxsulluğun əsas bəlalarından olan korrupsiya və monopolizmə son qoyulması, məqsədyönlü sosial-iqtisadi siyasət yürüdülməsi istiqamətində təcili tədbirlər görməyə çağırıb.

İdarə Heyəti “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının mətbuat azadlığının durumunu əks etdirən növbəti hesabatına münasibət bildirib. Qeyd edilib ki, açıqlanan reytinq cədvəlində Azərbaycanın adının insan haqları ilə bağlı məsələdə axırıncı yerdə olması hakimiyyətin mətbuat azadlığı və bütövlükdə insan haqları sahəsində yarıtmaz siyasətinin nəticəsi olaraq ortaya çıxıb.
Beynəlxalq qınaqlara baxmayaraq hakimiyyət davamlı olaraq ölkədə mətbuat üzərində basqılarını, jurnalistlərin repressiya və təqib siyasətini davam etdirir. Bütün dövlət və ictimai telekanallar açıq debatlara, siyasi, iqtisadi müzakirələrə qapalıdır. Heç bir müxalif partiya rəsmilərinə telekanallarda öz mesajlarını cəmiyyətə çatdırmaq, polemikalar aparmaq, seçicilərlə ünsiyyətə girmək imkanı verilmir və bütün telekanallar yalnız hakimiyyətin şəxsi və qrup maraqlarının reallaşdırılmasına xidmət edir.
Partiya rəsmiləri adı çəkilən təşkilatın hesabatında göstərilən neqativlərin reallıqları əks etdirdiyini bildirib və hakimiyyəti söz, mətbuat, sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətləri aradan qaldırmağa, jurnalistlərə, gənc fəallara, siyasi müxalifətə, inanc sahiblərinə qarşı təqib və həbslərə son qoymağa, vətəndaşları mülküyyət hüququna sayqı göstərməyə və insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
İdarə Heyəti son vaxtlar QMİ-nin başçısı Şeyxlüslam A.Paşazadənin ayrı-ayrı dini sektaların nümayəndələrin fəaliyyətinə şərait yaradaraq rüşvət almaqda,  öz məqamından istifadə edərək ölkənin bir çox iqtisadi sahələrini monopoliyaya götürməkdə adının hallanmasına münasibət bildirib və islami dəyərlərlə, ruhani paklıqla bir araya sığmayan bu cür fəaliyyətin yolverilməz olduğunu diqqətə çatdırıb.
Ölkədə ənənəvi dindar kəsimə qarşı göstərilən təzyiqlərə göz yumaraq, xarici kəşfiyyat idarələrinin əlində alətə çevrilən qeyri-ənənəvi dini sektaların fəaliyyətinə meydan vermək hesabına mal-mülk toplamağın, rüşvət və korrupsiya bataqlığına sürüklənməyin müqəddəs dinimizlə bir araya sığmadığını bildirən partiya yetkililəri hüquq mühafizə orqanlarını Şeyxülislam A. Paşazədə haqda yayılan informasiyaları araşdırmağa və qanuni tədbirlər görməyə çağırıb.  

Printer »»»