ADP UKRAYNA ƏRAZİSİNİN RUSİYA TƏRƏFİNDƏN İŞĞALINI QƏTİYYƏTLƏ PİSLƏYİB

03.03.2014

Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin (İH) növbəti həftəlik toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada ötən həftə ərzində baş verən mühüm ictimai-siyasi hadisələr dəyərləndirilib və bəzi təşkilati məsələlərə dair fikir mübadiləsi aparılıb. 
İlk növbədə Ukraynadakı son hadisələrə, xüsusilə də Krımda Rusiya qoşunlarının işğalçılıq hərəkətlərinə diqqət yetirən İH baş verənləri beynəlxalq hüquqa zidd olaraq Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü kimi qiymətləndirib.
Rusiyanın Ukrayna ərazilərinin işğalına dair gətirdiyi səbəblərin yalançı bəhanə olduğunu qeyd edən İH Ukrayna xalqının yanında olduğunu, bu xalqın haqq uğrunda mübarizəsini dəstəklədiyini və Putinizmin işğalçılıq səylərini qətiyyətlə pislədiyini bir daha bildirib. İclasda qeyd olunub ki, Krımda hazırkı rus əhalisinin çoxluğu süni şəkildə, məhz Rusya imperiyasının siyasəti nəticəsində yaranıb, oradan yerli xalq olan Krım tatarlarına qarşı müxtəlif zamanlarda deportasiya həyata keçirilib, ona görə də Krım məsələsini qaldırmağa Rusiya Federasiyasının heç bir mənəvi haqqının olmadığı diqqətə çatdırılıb. Baş verən hadisələrin təkcə Ukraynaya aid olmadığını qeyd edən İdarə heyəti üzvləri, Rusiyanın imperiya ambisiyalarının həm keçmiş SSRİ respublikalarının xalqları, həm də rus xalqının özünün demokratiya arzuları qarşısında ən böyük maneə olduğunu, ilk növbədə rusların korrupsioner Putin rejiminə qarşı mübarizə aparmalı olduqlarını bir daha  bildirib. İH həmçinin demokratik dünyanı Ukrayna xalqına daha ciddi və hərtərəfli dəstək verməyə çağırıb. 

ADP İH ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son hesabatına da münasibət bildirib, sənəddə Dağlıq Qarabağın və Azərbaycanın digər işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasının qeyd olunmasını yüksək qiymətləndirib. Hesabatı obyektiv reallıqları əks etdirən mühüm sənəd kimi dəyərləndirən İH üzvləri hakimiyyəti, tənqid olunan sahələrdə, xüsusilə də insan hüquq və azadlıqları sahəsində təcili müsbət addımlar atmağa, islahatlar aparmağa, mövcud dünyanın siyasi məntiqinə uyğun siyasət aparmağa çağırıb.  
Bakının “Sovetski” adlanan ərazisində yaşayan əhalinin qanuni tələblərinə hökumətin etinasız münasibətini tənqid edən İH, bunu kobud səhv adlandırıb və bir daha hakimiyyət qurumlarını vətəndaşların xüsusi mülkiyyətinə sayğı ilə yanaşmağa, Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarına qəsd etməməyə çağırıb.    
İH həmçinin H.Əliyev fondunun uşaq tərbiyyə müəssisələri ilə bağlı son təşəbbüsünü təqdir edib və Respublikanın müxtəlif rayonlarında, xüsusilə də Bakı şəhərində uşaq bağçaları, hətta məktəb ərazilərinin başqa məqsədlər üçün satılması, o cümlədən özəl məktəbəqədər tərbiyyə müəssisələrində qiymətlərin fantastik dərəcədə baha olmasından narahat olduqlarını bildirib, bu sahədə zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Printer »»»