"İlham Əliyevin səsləndirdiyi fikirlər dəyişikliklər anonsundan xəbər verir"

29.11.2013

Həsrət Rüstəmov: ” Prezidentin açıqlaması yeni bir siyasi kursun başlanğıcı kimi də dəyərləndirilə bilər”
İlham Əliyevin bu mövqeyini ADP-nin 2007-ci ildən həyata keçirdiyi siyasətin müəyyən mənada müsbət qarşılanması kimi dəyərləndirirəm. Biz 2007-ci ildə bildirmişdik ki, Azərbaycan tipli ölkələrdə inqilablarla demokratiyaya keçidin birbaşa təmini mümkün deyil. Eyni halda, belə bir inqilabi proseslər ölkədə ciddi şəkildə fəsadlara gətirib çıxara bilər.”
Bu sözləri Birlik.az saytına ADP-nin sədr müavini Həsrət Rüstəmov İlham Əliyevin ölkənin media rəhbərləri ilə keçirdiyi zamanı müxalifətin ünvanına səsləndirdiyi loyal mesajlarla bağlı açıqlama verərkən qeyd edib. Müsahib bildirdi ki, ölkədə müxalifət və iqtidar yaxınlaşmasının baş tutması ilə bağlı bir neçə il bundan öncə təkliflər irəli sürmüşdülər:
“Artıq İlham Əliyevin bu açıqlamasından sonra sözü gedən yaxınlaşmanın işartıları görünür. Prezidentin açıqlaması yeni bir siyasi kursun başlanğıcı kimi də dəyərləndirilə bilər.”
Həsrət bəyin sözlərinə görə, bəzi müxalifət liderləri İlham Əliyevin bu açıqlamalarını qeyri-səmimi açıqlama kimi də dəyərləndirə bilərlər: "Lakin bu günə qədər ilk dəfə belə bir fikirlərin səsləndirilməsi ölkədəki hansısa dəyişikliklər anonsundan xəbər verir. Düşünürəm ki, Azərbaycanda demokratiyaya gedən yolun başqa alternativi yoxdur. Hakimiyyətin yeganə yolu mövqelərini və müxalifətə qarşı münasibətlərini yumşaltmaqdan ibarətdir. Digər tərəfdən iqtidar demokratiyaya keçidin onun təhlükəli olmadığını başa düşərək qəbul etməlidir. Müxalifət də öz növbəsində qarşı tərəfin islahatlarla bağlı kiçik addımlarına müqavimət göstərməməlidir.
Həsrət bəy sonda bildirdi ki, İlham Əliyevin səsləndirdiyi fikirlər hakimiyyətin ilk mesajları kimi dəyərləndirilməlidir: "Bunun ardınca mütləq şəkildə siyasi məhbusların azadlığı, mətbuat azadlığı ilə bağlı yaranmış problemlərin həlli həyata keçirilməlidir. Digər tərəfdən qarşıdan parlament və bələdiyyə seçkilərinin gəldiyini nəzərə alaraq, sözügedən seçkilərin şəffaf şəkildə həyata keçirilməsi təşkil olunmalıdır.”

Printer »»»