ADP İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB

21.10.2013

Bu gün ADP İdarə Heyəti növbəti toplantı keçirib. Toplantıda ölkədə ictimai siyasi, beynəlxalq və regional vəziyyətə, habelə partiyadaxili bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb. 
İlk növbədə İdarə Heyəti son vaxtlar Azərbaycan hökumətinin  ABŞ və qərb dövlətləri, həmçinin ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarla münasibətdə yaranmış gərgin vəziyyətin prezident seçkilərindən sonra ölkənin düşdüyü siyasi böhranın nəticəsi kimi qiymətləndirib, iqtidarı, demokratik dünya ilə münasibətləri korlayan siyasətə son qoymağa çağırıb.
İdarə Heyəti bir qrup jurnalistin və ictimai xadimin Avropa İttifaqı ilə əlaqələrin kəsilməsi mövzusundakı müraciətindən narahatlığını ifadə edib, bu düşüncənin Azərbaycanın gələcəyi baxımından olduqca ziyanlı olduğunu və müstəqilliyin əleyhinə olan məlum fikirlərin köhnəlmiş sovet təfəkkürünün məhsulu olduğunu bəyan edib.    
ADP İdarə Heyəti seçkidən sonra yaranmış siyasi böhrandan ən düzgün çıxış yolunu koalision hökumətin formalaşdırılması və vaxtından əvvəl demokratik parlament seçkilərinin keçirilməsində, sürətli demokratik islahatların aparılmasında gördüyünü bir daha bəyan edib.
İdarə Heyəti Xəzərdə Bulla dəniz yatağında baş vermiş qəzanın nəticələrinin hələ də aradan qaldırılımamasından narahatlığını ifadə edib və bu qəza nəticəsində Azərbaycan dövlətinə və ətraf mühitə vurulan maddi ziyanın kompensasiya olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini qeyd edib. 
İdarə Heyəti üzvləri Bakı Metrosunda nasazlıqla əlaqələndirilən yanğın və qəza hallarının artmasından narahat olduqlarını, metropoliten rəhbərliyinin məsuliyyətsizliyi ucbatından daha ağır fəsadların baş verməməsi üçün əhalinin əksər hissəsinin istifadə etdiyi bu nəqliyyatda nizam-intizamın artırılmasının vacibliyi qeyd edib.
Sumqayıtda “Karvan” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar təəssüflərini bildirən İdarə Heyəti baş vermiş hadisənin dəqiq araşdırılmasını tələb edib, eyni zamanda hadisə nəticəsində işsiz qalmış və ciddi maddi itkiyə məruz qalmış vətəndaşlara dövlət tərəfindən müvafiq kompensasiya ayrılmasının vacibliyini bildirib.              
Toplantıda bir sıra partiyadaxili məsələlərə dair müzakirələr də aparılıb.

Printer »»»