ADP sədr müavini: “Büdcənin hər bir manatı Azərbaycan xalqının mənafe və maraqlarına uyğun xərclənməlidir”

19.10.2013

Həsrət Rüstəmov
Bu arada məlum olub ki, hökumət 2014-cü ilin dövlət büdcəsində siyasi partiyaların maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulan vəsaiti 3,7% artıracaq. 
Məlumata görə, bu barədə Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində bildirilib.
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə 2012-ci ildə başlanıb. 2013-cü il dövlət büdcəsindən parlament partiyalarına 2,5 milyon manat pul ayrılmışdı.

”Siyasi partiyalar haqqında" Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.


Məsələ ilə əlaqədar Azərbaycan Demokrat Partiyasının birinci müavini Həsrət Rüstəmova müraciət etdik. O, öz açıqlamasında XeberLent.az informasiya agentliyinə bunları dedi:


“Bu artımın ölkədə çoxpartiyalı siyasi sistemə heç bir faydası olmayacaq. Çünki siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi prosesi mahiyyət baxımından, əsasən amalları və prinsipləri eyni olan siyasi qurumları əhatə edib.

Çoxpartiyalı sistem isə bildiyimiz kimi, müxtəlif ideyaları və fikirləri olan siyasi partiyaların mövcudluğu şərtilə mümkündür. Bu gün büdcədən siyasi partiyalar üçün nəzərdə tutulan vəsait faktiki olaraq xalqın cibindən çıxarılıb havaya sovurulan vəsait anlamındadır. Büdcənin hər bir manatı Azərbaycan xalqının mənafe və maraqlarına uyğun xərclənməlidir. Təəssüf ki, iqtidar büdcə vəsaitlərini özü bildiyi kimi, daha doğrusu özünün maraqlarına uyğun xərcləməyə üstünlük verir. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi adı ilə sadəcə həmin proses davam etməkdədir.”


Qeyd edək ki, Ölkə prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Printer »»»