Qarabağ bloku”nda da vəziyyət yaxşı deyil...

01.11.2013

Həsrət Rüstəmov: “Amma ümid edirik ki, “Qarabağ bloku” Qarabağın taleyini yaşamayacaq”

Artıq yavaş-yavaş tarixə qovuşmaqda olan 9 oktyabr prezident seçkilərində yaddaqalan bir epizod da nəinki eyni düşərgədə, hətta eyni blokda təmsil olunan şəxslər və siyasi partiyalar da ayrı-ayrı namizədliklərini verdilər. “Qarabağ Bloku” da iki namizədlə seçkilərə qatıldı. Daha doğrusu blokun hər iki təmsilçisi-Sərdar Cəlaloğlu və İqbal Ağazadə prezidentlik iddiasına düşdülər...
Görəsən, bu ziddiyyət adıçəkilən blokun gələcək fəaliyyətinə necə təsir edəcək? Bir qədər kobud analogiya olsa da “Qarabağ Blok”u Qarabağın taleyini yaşamayacaq ki? ADP sədrinin birinci müavini Həsrət Rüstəmov açıqlamasında bu suala aydınlıq gətirməyə çalışıb: “Sual obrazlı qoyulub, amma maraqlı sualdır.
Qarabağın taleyinin hazırkı durumu, Vətənimizin işğal altında olması əlbəttə ürəkağrıdıcıdır. Və təkcə söhbət mənəvi əzablardan getmir, Qarabağın işğalı yüz minlərlə insanın real faciəsi, Azərbaycanın dövlət kimi suverenliyinin yarımçıq qalması, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpasının mümkünsüzlüyü və s. ciddi siyasi problemlərin mövcudluğu deməkdir. Eyni adlı blokun və ya hər hansı bir siyasi qurumun, hətta hakimiyyətlərin taleyinin necəliyi ərazilərimizin düşmən tərəfindən işğalı ilə müqayisə oluna bilməz. Əlbəttə ki, ölkədə siyasi vəziyyət, xüsusilə də siyasi azadlıqlar, siyasi təşkilatlarda birləşmə, seçkilər sahəsindəki vəziyyət bərbad durumdadır. Belə vəziyyətdə hər hansı müxalifət blokunun mövcud durumu yaxşı ola bilməz. “Qarabağ bloku”nun da vəziyyəti belədir. Amma blokun gələcəyinin yaxşı olacağına inanır və bu istiqamətdə səy göstəririk. Ümid edirik ki, doğma Vətənimiz də azad olacaq, ölkədəki siyasi azadlıqlar da reallığa çevriləcək və “Qarabağ bloku” bu prosesdə tarixi rolunu lazımınca oynamaq imkanı qazanacaq.”
Printer »»»