YAP indi də böhtana keçib

05.07.2013

Qarabağın Azərbaycana mənsub olmasını kim danır?
YAP icra katibi Əli Əhmədov APA-ya verdiyi açıqlamada Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd olmasına münasibət bildirərək qeyd edib ki, “Qarabağın Azərbaycana məxsus olmasını şübhə altına alan prezidentliyə namizəd ola bilməz”. Bu fikir təqdirə layiqdir və prezidentlik iddiasında olan hər bir şəxsin prezident olduğu halda qarşısında duran ilk və ümdə vəzifə Qarabağın erməni işğalından azad olunmasıdır. Lakin Ə.Əhmədov da daxil olmaqla, bugünkü hakimiyyət nümayəndələri nədənsə Qarabağın azad edilməsinin əsas vəzifə olduğunu yaddan çıxarıblar. Hakimiyyət hərisliyi, sərvət davası, mala-mülkə yiyələnmək ehtirası onları bu əsas vəzifədən kənarda saxlayıb. Ölkədə yaratdıqları ab-hava, konsertlər, toy-bayramlar, ad günləri, gül bayramları, şou-əyləncələr onların Qarabağın azad edilməsi barədə istəklərindən xəbər vermir. Qrabağı azad etmək istəyində olan hakimiyyət ölkədə qaziləri bunca ucuzlaşdırmamalı, şəhidlər və şəhid ailələri bu qədər dəyərsiz olmamalıdır. Əgər bir ölkənin tədris müəssələrində gənclər Qarabağın azadlığı uğrunda döyüşlərə deyil, rəhbərlərə sevgi ruhunda aşılanırsa, hər gün səfərbər olmaq əvəzinə, hər gün hərbi mükəlləfiyyətdən yayınma haqqında düşüncələr hakim kəsilibsə, bu övqatla Qarabağı necə azad etmək olar?

Dəfələrlə deyildiyi kimi, Qrabağ probleminin həlli təkcə hərbi yolla deyil, həm də diplomatik, siyasi səyləri gücləndirmək yolu ilə həllini tapa bilər. Qarabağ probleminin həlli Azərbaycanın xarici siyasətinin əsas prioriteti elan olunsa da, atılan addımlar bundan xəbər vermir. Göstərilən səylərə baxmayaraq iyirmi ilədən artıqdır ki, bu hakimiyyət Qarabağ məsələsində sıfır nöqtəsindən irəli getməyib. Vaxtilə Lissabon sammitinin uğurlarından danışan, ATƏT-in Minsk qrupunun barış missiyasını göylərə qaldıran, vəd edilən neftin müqabilində böyük dövlətlərin Qarabağ məsələsində “Azərbaycanın yanında olduğunu” xalqa sırıyanlar indi bu vasitələrin keçərli olmadığını etiraf edir və publikanın diqqətini yayındırmaq naminə hərbi ritorikaya üstünlük verirlər.
Qarabağ məsələsi milli məsələmizdir və bu sahədə fikir ayrılığı olmamalıdır. Necə olur ki, erməni ilə, rusla isinişməyi bacaran bir zehniyyət öz milləti ilə bir araya gələ bilmir? Çətin ki, kimsə bu iqtidarın Qarabağ problemi ətrafında müxalifətlə bir araya gəlib müzakirə apardığının şahidi olsun. Buna imkan verməyənlər hakimiyyətdə olanlardır. Təbbi ki, müxalif qüvvələri və onların arxasında duran protest elektoratı barışmaz düşmən kim qəbul edən hakimiyyət komandası Qarabağ məsələsində onlarla bir araya gəlməyi özlərinə ar biləcəklər.
Qarabağın Azərbaycana mənsub olmasını danan, onun həlli yollarını kor siyasətləri ilə qapadan bugünkü hakimiyyətdir və onların haqqı yoxdur ki, hələ namizədliyi reallaşmamış bir şəxsi bu məsələdə suçlasınlar. Məhz 6 rayonumuz bu komandanın hakimiyyət ehtiraslarının qurbanına çevrildi. Milli hakimiyyəti devirmək üçün hətta Azərbaycana düşmən kəsilən İran və Rusiya ilə işbirliyinə gedildi. Gəncə qiyamı, Ə.Hümbətovun “Talış Muğan Respublikaslı” adı ilə başlatdığı seperatist hərəkətlər bu hakimiyyət müəlliflərinin yeritdiyi siyasətin nəticəsi idi. İndi durub özlərini “Qarabağ aşiqi”, rəqiblərini “anti-Qarabağçı” adlandırmaq blefdən başqa bir şey deyil. Qrabağ probleminin həlli ilk növbədə Azərbaycanın demokratikləşməsindən, rifah ölkəsinə çevrilməsindən, ölkəmizdə insan haqlarının və ədalətin bərqərar olmasından, güclü ordu quruculuğundan keçir ki, bu keyfiyyətlərin də hazırkı hakimiyyətdə olmadığı hər kəsə gün kimi aydındır.
Azər Sadıxov 

Printer »»»