ADP seçkilərlə bağlı hansı qərarı verəcək?

01.07.2013

Azərbaycanda seçki ayı yaxınlaşır. Məlumata görə, artıq on dörd nəfər prezidentliyə öz namizədliyini elan edib. 
Milli Şura ilə ümumiyyətlə birlikdə olmağın mümkünsüzlüyündən danışan və öz namizədi ilə seçilərdə iştirak edəcəyini bildirən partiyalardan biri də Ümiddir. Maraqlısı da ondadır ki, Ümid Partiyası Azərbaycan Demokrat Partiyası ilə birlikdə Qarabağ blokunda təmsil olunur. ADP Milli Şurada təmsil olunmağa üstünlük verəcək, öz namizədi ilə çıxış edəcək yoxsa Qarabağ bloku kimi seçkilərə qatılacaq, hələ açıq sual olaraq qalır. ADP sədrinin müavini Taliyət Əliyev açıqlamasında bildirib ki, seçkilərlə bağlı partiya daxilində müzakirələr hələ sona çatmayıb. "ADP qarşıdan gələn prezident seçkiləri ilə bağlı qərarını hələ verməyib. Bu da seçkilərlə bağlı partiya daxilində aparılan müzakirələrin hələ sona yetməməsi ilə bağlıdır.Seçkilərə hansı formada qatılmaqla bağlı partiya daxilində mövcud olan fikir ayrılıqları müzakirələrin uzanmasına səbəb olub”.

Fikrinə görə, Milli Şura ölkədə situasiyanı dəyişib. "Digər tərəfdən Milli Şuranın yaranması ölkədə yeni bir situasiya yaradıb ki, bu faktoru nəzərə almamaq mümkün deyil. Milli Şura yaranana qədər ADP-də seçkilərə qoşulmaqla bağlı iki variant müzakirə mövzusu idisə, indi üçüncü variant da əlavə olunub”.
O bildirib ki, Ümid Partiyası ilə eyni blokda olsalarda da, seçkilərlə bağlı onların fərqli qərar vermək hüququnu dəyişmir. "Bizim "Qarabağ" blokundakı müttəfiqimiz olan Ümid Partiyasının seçkilərlə və Milli Şura ilə bağlı qəbul etdikləri qərarlara sayğı ilə yanaşırıq. Eyni zamanda bir siyasi blokda olsaq da, ölkədə baş verən hadisələr, o cümlədən seçkilərlə bağlı fərqli yanaşma və fərqli qərarlar qəbul etmək hüququmuzu özümüzdə saxlayırıq”.
Deyib ki, ADP Milli Şurada da ola bilər, Qarabağ bloku ilə də seçkilərə qatıla bilər. "Düzdür, Milli Şura ilə bağlı ADP-də də narahatçılıqlar var. Amma bu narahatçılıqların ortadan qalxacağı təqdirdə ADP-nin Milli Şura ilə bağlı əməkdaşlığını istisna etmirəm. ADP-nin "Qarabağ" bloku ilə birlikdə prezident seçkilərində iştirak etməsi də aktuallığını itirməyib. Amma, mən istəməzdim ki, ADP olaraq biz istər Milli Şura ilə bağlı, istərsə də, seçkilərlə bağlı tələsik qərarlar verək. Hadisələri ciddi şəkildə izləməli və analiz etməliyik. Proseslər onu göstərir ki, yaxın zamanlarda ölkə gündəmini dəyişə biləcək ciddi olayların şahidi olacağıq. Bu olayların da ADP-nin seçkilərlə bağlı qərarına təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, ADP-nin qərarı situativ qərar olacaq” – deyə Taliyət Əliyev bildirib.

Printer »»»