ADP evləri sökülən vətəndaşları müdafiə etdi

01.07.2013

ADP İdarə Heyətinin bu gün növbəti toplantısı keçirilib. Toplantıda Respublikada icitimai siyasi vəziyyətə və təşkilati məsələlərə dair bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. İlk növbədə son zamanlar hakimiyyətin həyata keçirdiyi siyasi motivli həbslərə diqqət yetirən İdarə Heyəti Lənkəranda Müsavat partiyasının fəalı Yadigar Sadıqlının, sabiq dövlət məmuru Akif Muradverdiyevin həbs olunması, habelə sabiq korpus komandiri, polkovnik İsa Sadıqov və Hüseyn Abdullayev barəsində cinayət işinin açılmasını prezident seçkiləri öncəsi başlanan siyasi repressiyaların tərkib hissəsi kimi qiymətləndirib. İdarə Heyəti hesab edib ki, haqqında cinayət təqibi başladılan şəxslərin müxtəlif siyasi baxışlara və fərqli siyasi keçmişə mənsub olmasına baxmayaraq repressiyalar həyata keçirməkdə məqsəd eynidir - cəmiyyətdə qorxu xofunun gücləndirilməsi, vətəndaş fəallığının daha da aşağı salınması və demokratik dünya ilə Azərbaycan dövlətinin münasibətlərini daha da gərginləşdirilməsi. 
ADP İdarə Heyəti bir daha Azərbaycan iqtidarını siyasi təqibləri dayandırmağa, siyasi motivlərlə həbs edilmiş şəxsləri dərhal azad etməyə və Respublika Konstitusiyasına uyğun olaraq bütün siyasi partiyalara prezident seçkilərində azad və bərabər şərait yaratmağa çağırıb.
İclasda daha sonra Qara şəhər adlanan ərazidə vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə tapdalanmasından narahatlıq ifadə olunub. İdarə Heyəti üzvləri yeni tikinti lahiyəsinə görə mülkləri sökülən vətəndaşlara ədalətli və qanuni kompensasiyanın verilməməsini iqtidarın qeyri qanuni zorakılığı kimi qiymətləndirib, hakimiyyətdən vətəndaşlarının mülkiyyət hüquqlarının təcili bərpa olunması üçün müvafiq addımlar atmağı tələb edib.
Prezident seçkiləri öncəsi yaranmış siyasi gərginlikdən sui istifadə cəhdlərindən, xüsusilə də etnik separatizm meyllərinin artmasından narahat olduqlarını bildirən İdarə Heyəti üzvləri ölkədə etnik və ya dini məcrada heç bir ayrımçılığın olmadığını, Azərbaycanda etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların siyasi və digər konstitusion hüquqlarının pozulduğunu diqqətə çatdırıb və bəzi siyasi dairələrin ölkədəki siyasi və hüquqi nihilizmdən istifadə edərək etnik separatizm istiqamətindəki cəhdlərini qətiyyətlə pisləyib.
İdarə Heyətində həmçinin Azərbaycan qazının nəqli ilə əlaqədar marşurutun dəqiqləşdirilməsinin başa çatdırılması təqdir edilib; Ermənistanın işğalı altında olan Azərbaycan Respublikasının Şuşa şəhərində otelin istifadəyə verilməsindən isə narahatlıq ifadə olunub. İdarə Heyəti Azərbaycan iqtidarını beynəlxalq hüquqa uyğun olaraq Ermənistanın işğal altında olan tarixi ərazilərimizdə ilhaq siyasətinə beynəlxalq hüquqi qiymət verilməsi istiqamətində fəallıq göstərməyə çağırıb.
İdarə Heyəti bir sıra təşkilatdaxili məsələləri də müzakirə edib və avqustun 1-dək İdarə heyəti üzvlərinin məzuniyyətə buraxılması haqqında qərar qəbul edilib.

Printer »»»