Bu vaxta qədər İTV öz işinin öhdəsindən gələ bilməyib

09.04.2013

ADP sədrinin müavini Taliyət Əliyev hesab edir ki, İTV üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilməyib və telekanalın ictimaiyyətin televiziyasına çevrilə bilməməsinə səbəb hakimiyyətin diktəsi ilə hərəkət etməsi olub: “İTV adından da göründüyü kimi, ictimaiyyətin kanalı olmalı, ictimaiyyətə açıq olmalıdır. Lakin çox təəssüflər olsun ki, İTV yarandığı gündən bu vaxta qədər üzərinə götürdüyü missiyanı yerinə yetirməyib. İTV-nin yaranması yalnız Azərbaycan cəmiyyətinin istəyi deyildi. Bu, həm də Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri idi. Lakin İTV yaransa da həyata keçirməli olduğu missiyanı reallaşdıra bilmədi. Bu isə ondan irəli gəlir ki, İTV də digər televiziyalar kimi birbaşa hakimiyyətin diktəsi altındadır”.
T.Əliyevin qənaətincə, yarandığı gündən bu vaxta qədər İTV hakimiyyətin telekanalı kimi fəaliyyət göstərir. ADP yetkilisinin sözlərinə görə, müxalif siyasilərə efir vaxtının ayrılmamasının səbəbi də məhz bununla bağlıdır: “Hakimiyyətin diktəsi altında olduğu üçün  İTV müstəqil televiziyadan daha çox hakimiyyət televiziyası kimi çıxış edir. Müxalif siyasi partiya nümayəndələrinin İTV-yə buraxılmasına məhdudiyyət var.
Monitorinq aparsaq görərik ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaların nümayəndələri İTV-də nadir hallarda görünüb və ya ümumiyyətlə görünməyib. Cəmiyyətin bu və ya digər problemləri də İTV-də işıqlanmır. Bir sözlə, İTV-yə yarandığı dönəmdə böyük ümidlər bəslənilsə də, telekanal bu ümidləri doğrultmayıb. Ümumiyyətlə, hakimiyyət beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri ya yerinə yetirməyib, ya da formal icra etməklə daha çox imitasiya edib. Buna görə də, bu öhdəliklərin icrası Azərbaycanın ictimai-siyasi həyatına müsbət baxımdan heç nə verməyib. İTV-nin yaradılması da hakimiyyətin Avropa Şurası qarşısında üzərinə götürdüyü və formal icra etdiyi öhdəliklərdən biridir. Bu baxımdan hesab edirəm ki, İTV-nin fəaliyyətini əsla qənaətbəxş hesab etmək olmaz”.
Printer »»»