ADP: “Əfv siyahısına düşənlərdən zəmanət alınması qeyri-insani hərəkətdir”

20.10.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ölkə həyatının ən mühüm əlamətdar hadisəsi kimi yadda qalan 18 oktyabr Müstəqillik günü ilə bağlı məsələyə münasibət bildirib və millətimiz üçün ən dəyərli bayram olan bu günün heç də müstəqiilik adına yaraşmayan bir şəkilddə qeyd olunmasından narahatlığını ifadə edib. Partya yetkililəri belə bir əziz gündə rəsmi törənlər, qəbullar, müstəqilliyin atributlarını əks etdirən tədbirlər keçirmək əvəzinə, ölkədə sanki belə bir bayram olmayıbmış kimi övqat yaradan hakimiyyət rəsmilərinin bu cür mövqe sərgiləməsini antidemokratik və antiistiqlal düşüncə kimi dəyərləndirib və bunu hakimiyyətdə təmsil olunan əksər qüvvənin istiqlalımıza əks cəbhədə durması, istiqlal məfkurəsindən uzaq düşməsi faktı ilə əlaqələndirib.

İdarə Heyəti ölkə başçısının məhbusların azad edilməsi ilə bağlı növbəti əfv fərmanını humanizm baxımından müsbət addım kimi dəyərləndirib. Lakin əfv siyahısının daha geniş formatda olmamasından, bu siyahıya yalnız dörd nəfər siyasi məhbusun adının daxil edilməsi və onların da məcburi surətdə Fəxri Xiyabana gətirilərək təcridxana rəhbərliyinin təzyiqi altında H.Əliyevin məzarı qarşısında baş əydirilməsi, onlardan bir də müxalifət partiyalarına qoşulmamaq, yalnız YAP üzvü olmaq barədə zəmanətlər alınması faktından narahat olduğunu bildirib və bu cür qeyri-insan hərəkətlərin yolverilməz olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti Qeyri Hökumət Təşkilatları barədə qanuna əlavə və dəyişiklərin parlamentdə qanuni qüvvəyə minməsindən və bu dəyişiklilərin QHT-rin fəaliyyətini kəskin şəkildə məhdudlaşdırılması, onların fəaliyyətinin vətəndaş cəmiyyətinin formalaşdırılması funksiyasından uzaqlaşdırılaraq hakimiyyətin bir qoluna çevrilməsi faktından narahat olduğunu bildirib və bu addımları ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının, siyasi plüralizmin qarşısının alınması və demoktatiyanın əsas şərti sayılan vətəndaş cəmiyyəti institutlarının azad fəaliyyətinə qarşı yönəlik addım kimi dəyərləndirib.

İdarə Heyəti son günlər vaxtı ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, sonradan Rusiya imperiyası tərəfindən işğal və ilhaq edilən Dağıstanda soydaşlarımızın sıxışdırılması, vəzifələrdən uzaqlaşdırılması, qeyri-millətlərin qızışdırılaraq onların üzərinə saldırılma kampaniyasının başladılmasından ciddi narahat olduğunu bildirib və rəsmi Rusiyanı bu cür təxribatların qarşısını almağa, millətlər arasında irqi, ayrı-seçkilik siyasətinin durdurulması, iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan qonşuluq əlaqələrinin qorunması istiqamətində gərəkən addımlar atılmasına səsləyib.

İdarə Heyəti “Amerikanın səsi “ radiosunun Dağlıq Qrabağla bağlı yeni film nümayiş etdirməsi və bu filmdə erməniləri əzilən tərəf kimi göstərməsi faktından narahat olduğunu bildirib və birtərəfli bilgilərə əsaslanan, torpağı işğal, özü didərgin düşmüş soydaşlarımızı deyil, torpağımızı işğal edən, Azərbaycanın unitar yapısını zədələyən separatçıların qeyri-qanuni hərəkətlərinə haqq qazandırılmağa çalışılan bu filmin yayımlanmasını istər beynəlxalq hüquq normalarına, istərsə də Qarabağ probleminin çözülməsində ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olaraq üzərinə götürdüyü missiya baxımından düzgün olmadığını diqqətə çatdırıb və hakimiyyəti rəsmi Vaşinqtondan bu barədə izahat tələb etməyə çağırıb.

İdarə Heyəti son zamanlar dünya bazarında neftin qiymətində kəskin enmələrdən dolayı, bir çox dövlətlərin öz daxili bazarında neft və neft məhsullarının qiymətini ucuzlaşdırmasını nəzərə alaraq, Azərbaycan hakimiyyətini də xalqın ağır sosial-iqtisadi vəziyyətini nəzərə alaraq anoloji addımlar atmağa çağırıb.

Printer »»»