“Bəzən məcbur olub deyirsən ki, bu adam satqındır” – Sərdar Cəlaloğlu

17.10.2014

“Ümumiyyətlə, Müsavat kimi partiyadan insanların ayrılması təkçə Müsavat deyil, bütövlükdə Azərbaycan siyasi mühütü və müxalifəti üçün çox böyük itkidir”. 
Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlu vurğulayır ki, Müsavatda baş verənlərə sevinən insanlar başa düşməlidir ki, hər hansı bir partiyanın zəifləməsi bütöv Azərbaycan siyasi həyatının zəifləməsidir: “Bəzi adamlar sevinir ki, Müsavatda çaxnaşma var, istefalar başlayıb, partiya zəifləyib. Onlar başa düşmürlər ki, hər hansı bir partiyanın zəifləməsi Azərbaycan siyası həyatının zəifləməsidir”. 

S.Cəlaloğlunun fikirincə, Müsavat ideologiyasına söykənən gənc, partiyadan istefa verirsə, burada sadiqlikdən söhbət gedə bilməz: “Elmdə innavasiya deyilən bir xəstəlik var. İnsanlar yeniliyə mənfi reaksiya verirlər. Bir lider dəyişilirsə, bu da yenilikdi. Kimlərdə ki, bu innavasiya xəstəliyi var, onlar əks reaksiya verməlidir. Gənclər emosionaldır, uzaq düşünən deyillər. Fikirləri qarma-qarışıqdı. Hər şeyə pis reaksiya verirlər. Onlara elə gəlir ki, dünyanın sonudur. Siyasət uzun bir yoldur, burada tələsmək olmaz. Səbr etmək lazımdır. Əgər insanlar uzun zaman bir ideya arxasınca gəliblərsə, başqanın kimliyinin rolu olmamalıdır. İstefa verənlər illərlə müsavatçılıq ideologiyasının arxasınca gəlib. Orada partiya sədrinin kimliyi önəm daşımır. Əgər Arif Hacılı müsavatçılıq ideologiyasından imtina etsəydilər o zaman kiminsə istefa verməyə haqqı çatardı. Ola bilər ki, İsa Qəmbərdən bir qədər zəif, fərqli düşünsün. Amma onun ideologiyası öz yerində qalırsa niyə o gənclər partiyanı tərk etməlidir? Belə çıxır ki, həmin gənclər müsavatçılıq ideologiyasına sadiq deyillər”.

S.Cəlaloğlu deyir ki, siyasətdə bəzən 2x2-nin cavabını demək situasiyadan asılıdır: “Dünənə kimi İctimai Palatada Xalq Cəbhəsi Partiyası ilə Müsavat bir-birini təqdir edirdi. Milli Şurada da həmçinin. Bu gün Müsavat Milli Şuradan çıxıb deyə bütün Xalq Cəbhəsi Partiyası deyir ki, Müsavat satılıb. Müsavatsa deyir cəbhə satılıb. Liderlər rəqiblərinə qara yaxmamalıdırlar. Yəni, biz öz üzvlərimizi yanlış tərbiyə edəndə, rəqiblərimizə qarşı qara piyardan istifadə edəndə fikirləşməliyik ki, sabah bunlar bizim özümüzə qayıdacaq. Bu gün Müsavatı öz üzvləri ittiham edir. Gənclər bilməlidir ki, siyasətdə 2x2=4 eləmir. Siyasətdə bəzən 2x2-nin cavabını demək həqiqət deyil, situasiya diqtə edir. Bəzən məcbur olub deyirsən ki, bu adam satqındır”.

Printer »»»