ADP siyasi məhbuslarla bağlı işçi qrupunda təmsil olunmaq istəyir...

27.10.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları lk növbədə insan hüquq müdafiəçiləri İ.Əliyev və L.Yunus barədə çıxarılmış həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından narahat olduğunu bildirib və bu qərarın siyasi sifarişlə yerinə yetirildiyini bir daha diqqətə çatdırıb. İdarə Heyəti hakimiyyəti ölkədə insan hüquqlarına sayqı ilə yanaşmağa, vətəndaş cəmiyyəti institutlarına, onların rəhbərlərinə qarşı başladılan təzyiq, repressiyalara son qoymağa, hər iki hüquq müdafiəçisinin səhhətindəki problemləri və istintaqın sonrakı gedişinə təsir etmək imkanlarının olmamasını nəzərə alıb onları dərhal azad etməyə çağırıb.

İdarə Heyəti Avropa İnsan Haqları Məhkəməsi sədrinin Avropa Məhkəməsinin çıxardığı qərarların yerinə yetirilməməsi, Azərbaycan məhkəmələrində baş verən neqativlər barədə narazılıq ifadə etməsi ətrafında müzakirə aparıb və Avropa yetkilisinin Azərbaycanla bağlı verdiyi bəyanatın obyektivliyi əks etdirdiyini diqqətə çatdırıb və hakimiyyəti ölkədə Avropa Məhkəməsinin müxtəlif kateqoriyalar üzrə çıxardığı məhkəmə qərarlarını yerinə yetirməyə, məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlar aparmağa çağırıb.

İdarə Heyəti Almaniya Xarici İşlər Nazirinin Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı açıqladığı hesabata münasibət bildirib. İclasda Almaniya XİN başçısının Ermənistan tərəfindən işğal edilmiş Aqzərbaycanın Dağlıq Qarabağdan kənar ərazilərinin şərtsiz azad edilməsi, münaqişənin iki ölkə arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin mümkünlüyü və digər bu kimi obyektiv reallığı əks etdirən fikirləri rəğbətlə qarşılanıb. İdarə Heyətində prezidentlərin Paris görüşü ərəfəsində Dağlıq Qarabağın statusu ilə bağlı yeni variant kimi Şotlandiya variantının hallandırılmasından narahatlıq ifadə olunub və münaqişənin həlli prosesində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olan hər hansı variantların müzakirəsi qəbul edilməz hesab olunub.

İdarə Heyəti ölkədə keçiriləcək bələdiyyə seçkiləri, bələdiyyələrin vəziyyəti ilə bağlı məsələyə münasibət bildirib və qeyd edib ki, bələdiyyələrin statusunun aşağı olması, bələdiyyələrə aid vəzifələrin icra strukturları tərəfindən mənimsənilməsi, digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərinə hakimiyyətin lazımı qədər maraq göstərməməsi özünü idarəetmə sisteminə əsaslanan bələdiyyələrin rolunu aşağı salıb və siyasi partiyaların bələdiyyə seşkilərində iştirakına marağını azaldıb. Partiya yetkililəri partiyanın bələdiyyə seçkilərində iştirakının texniki problemlərlə bağlı məhdudlaşdığını bildirib, eyni zamanda üzvlərin fərdi qaydada seçkilərdə iştirakını məqbul hasab edib və partiyanın mərkəzi qurumlarının seçkidə iştirak edəcək nümayəndələrinə mümkün olan bütün vasitələrlə dəstək veriləcəyini diqqətə çatdırıb.

İdarə Heyəti Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təklifilə Azərbaycanda insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı işçi qrupun fəaliyyətinin bərpa edilməsini alqışlayıb, eyni zamanda bu quruma olan etibarlılığı artırmaq məqsədilə siyasi partiyaların nümayəndələrinin də həmin qurumda təmsil olunmasını vacib hesab edib. Müzakirələrdə işçi qrupunda ADP-nin də təmsil olunması üçün müraciət edilməsi barədə qərar qəbul edilib.

Printer »»»