“Əfv ərizəsi yazdığına görə kimisə günahlandırmaq fikrində deyiləm”

13.07.2014

“Keçmiş siyasi məhbus kimi türmə həyatının nə olduğunu bilirəm”
 “Hamıdan qəhrəmanlıq gözləmək olmaz”

“Həbsdə olan NİDA-çı gənclərin bəzilərinin əfv ərizəsi yazmasını birmənalı dəyərləndirmək olmaz”. Bunu Moderator.az-a açıqlamasında ADP sədrinin müavini Taliyət Əliyev bildirib. T.Əliyevin qənaətincə, bu cür olaylardan siyasi şou düzəltmək düzgün deyil:

“Siyasi motivlərlə həbsdə olan şəxslərin əksəriyyətinə əfv ərizəsi yazması ilə bağlı təklif olunur. İradəcə zəif olanlar bunu qəbul edir. Keçmiş siyasi məhbus kimi türmə həyatının nə olduğunu bilirəm. Buna görə kimisə günahlandırmaq fikrində deyiləm. Hamıdan qəhrəmanlıq gözləmək olmaz. Əfv ərizəsi yazan NİDA-çılara təzyiqlərin olması da istisna deyil. Kimisə günahsız yerə həbs etmək, sonra onun zəif yerindən tutub əfv ərizəsi yazdırmaq və bundan da sui-istifadə edib siyasi şou düzəltmək etik və əxlaq baxımından düzgün deyil. Digər tərəfdən ciddi qanun pozuntusudur. Bu cür metodlarla düşünürlər ki, gəncləri siyasi mübarizədən çəkindirəcəklər, yanılırlar və özlərini aldadırlar. Bu hal Azərbaycan dövlətinə baş ucalığı gətirmir. Digər tərəfdən də indiki situasiyada siyasi mübarizəyə qoşulan gənclər də bu yolda hansı məhrumiyyətlərlə üz-üzə qalacaqlarını qabaqcadan göz önünə almalı və özlərini psixoloji baxımdan buna hazırlamalıdırlar ki, sonrakı siyasi reputasiyaları zədələnməsin”.


Printer »»»