Qarabağ Bloku Rusiyanın Ukraynaya yönəlik təcavüzkarlıq siyasətinin davam etməsindən narahatdır

25.06.2014

Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxaq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Rusiyanın Ukraynaya yönəlik anneksiya və təcavüzkarlıq siyasətinin davam etməsindən narahatlığını ifadə edən blok iştirakçıları adı çəkilən ölkənin beynəlxalq təkidlərə baxmayaraq öz qoşunlarını hələ də Ukrayna sərhədlərində saxlamasını qətiyyətlə pisləyib və bu faktı beynəlxalq hüququn sərhədlərin pozulmazlığı haqda ana prinsipinə zidd olduğunu diqqətə çatdırıb. 
Qarabağ Bloku İraqda hadisələrin getdikcə daha dramatik və faciəvi şəkil almasından İraq Şam İslam Dövləti adı altında fəaliyyət göstərən terrorçu təşkilatın insanlığa qarşı törətdiyi cinayət əməllərindən ciddi narahat olduğunu bildirib və yaşanan humanitar fəlakətin qarşısının alınması, İraq dövlətinin ərazi bütövlüyünün qorunması naminə beynəlxalq hüququn tələblərinə uyğun olaraq hərbi müdaxilənin və beynəlxalq məhkəmə prosesinin başlanmasının vacibliyini diqqətə çatdırıb. 
Qarabağ Bloku Rusiya xarici işlər naziri S.Lavrovun Azərbaycana səfərinin nəticələrinin cəmiyyətdən gizli saxlanılmasından narahatlığını ifadə edib və Rusiya ilə qarşılıqlı əlaqələrin yalnız adı çəkilən ölkənin erməni himayədarlığından geri çəkilməsindən, tarixi ərazilərimizin işğal və ilhaq siyasətini etiraf etməsindən, tarix boyu Azərbaycana vurduğu madddi və mənəvi ziyanları kompensasiya etməsi barədə öhdəlik götürməsindən sonra mümkün olduğunu bildirib. Toplantı iştirakçıları eyni zamanda Azərbaycan hakimiyyətini Rusiyanın Azərbaycan dövlətinə qarşı son 300 il ərzində törətdiyi cinayətlərlə bağlı hüquqi prosedurlara başlamağa çağırıb.
Qarabağ Bloku Rusiyanın Azərbaycana dollar məkanından çıxmaq barədə təklifini də qətiyyətlə pisləyərək bunu Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün təhdid kimi dəyərləndirib.
Qarabağ Bloku son vaxtlar hakimiyyətin yerli və beynəlxalq Qeyri Hökumət Təşkilatlarının fəaliyyətinin məqsədyönlü şəkildə məhdudlaşdırılması siyasətini pisləyib, bu faktın arxasında hakimiyyətin cəmiyyəti təkbaşına idarə etmək, ictimai nəzarətin, seçki mühitinin sağlamlaşdırılmasında əsas rol oynayan vətəndaş institutlarını susdurmaq, siyasi plürallığın qarşısını almaq və avtoritar rejimə söykənərək siyasi zorakılığı həyata keçirmək siyasətinin durduğunu bildirib.
Qarabağ Bloku Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı iradları da müzakirə edərək, bu iradların həqiqəti ifadə etdiyini bildirib, Azərbaycan hakimiyyətini bu iradları aradan qaldırmaq üçün zəruri addımlar atmağa, eyni zamanda Azərbaycan dövlətinin Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edəcəyi dönəmdə Ermənistanın beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınması istiqamətində səylərini artırmağa çağırıb.
Toplantının sonunda cari məsələlərlə bağlı müzakirələr aparılıb. 
Qarabağ Bloku 26 iyun Milli Ordu günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə xalqı ordunu müdafiə və orduya yardım etməyə, ata və analarımızı öz övladlarını ordumuzda sədaqətlə xidmət etmək üçün tərbiyələndirməyə, hakimiyyəti isə ordumuza olan diqqətini daha da artırmağa və orduda həlak olanların ailə üzvlərinə yeni imtiyazların və təminatların verilməsinə çağırıb. Təbrikdə əsgər və zabitlərimizə Vətənimiz Azərbaycanı həyatları bahasına qoruduqlarına görə minnətdarlıq ifadə olunub. 

Printer »»»