ADP- İrakda Şam İslam Dövləti adı altında terrorçu təşkilatın törətdiyi cinayət əməllərindən ciddi narahatdır

23.06.2014

Bu gün ADP İdarə Heyətinin növbəti tpolantısı keçirilib.
Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Rusiyanın Ukraynaya yönəlik anneksiya və təcavüzkarlıq siyasətinin davam etməsindən narahatlığını ifadə edən partiya rəsmiləri adı çəkilən ölkənin beynəlxalq təkidlərə baxmayaraq öz qoşunlarını hələ də Ukrayna sərhədlərində saxlamasını qətiyyətlə pisləyib və bu faktı beynəlxalq hüququn sərhədlərin pozulmazlığı haqda ana prinsipinə zidd olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti Rusiyanın Ukraynada yaşayan rusların maraqlarının qorunması adı altında bu ölkəyə hərbi müdaxiləsinin yolverilməz olduğunu bildirib və münaqişənin həlli yolunun könüllü olaraq Rusiyada yaşayan ukraynalıların Ukraynaya, Ukraynada yaşayan rusların isə Ukraynaya köçürülməsi barədə razılığın əldə edilməsini məqbul hesab edib.
İdarə heyəti İraqda hadisələrin getdikcə daha dramatik və faciəvi şəkil almasından İrak Şam İslam Dövləti adı altında fəaliyyət göstərən terrorçu təşkilatın insanlığa qarşı törətdiyi cinayət əməllərindən ciddi narahat olduğunu bildirib və bu  cinayət əməllərinin qarşısının alınması üçün beynəlxalq məhkəmə prosesinin başlanmasının vacibliyini diqqətə çatdırıb. Eyni zamanda baş verən hadisələrin arxasında İraq hakimiyyətinin ölkə ərazisində tarixən məskunlaşan etnik və dini birliklərin hakimiyyətdə təmsil olunmasında tarazlığın pozulması faktının durduğunu diqqətə çəkən partiya yetkililəri İraq hakimiyyətini təriqət və məzhəblərin hakimiyyətdə təmsilçilik məsələsinə həssas yanaşmağa, bölgəni, bütövlükdə isə dünyanı gərginliyə sürükləyən məzhəb davalarına son qoymağa çağırıb.
İdarə Heyəti ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı açıqladığı hesabatında Azərbaycana aid yer alan neqativlərin reallığı əks etdirdiyini bildirib və ölkəmizdə insan alveri, qul əməyi, qadınların əxlaqsızlığa sürüklənməsi faktının arxasında yanlış sosial-iqtisadi siyasətin, bir qrupun kəskin varlanmasına, böyük əksəriyyətin kəskin şəkildə yoxsullaşmasına stimul verən korrupsiya və rüşvətxorluğun və bu bəlaların gətirdiyi yoxsulluq, işsizlik və səfalətin durduğunu qeyd edib və hakimiyyəti hesabatda əksini tapan neqativlərin aradan qaldırılması istiqamətində səylərini artırmağın vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Rusiya xarici işlər naziri S.Lavrovun Azərbaycana səfərinin nəticələrinə münasibət bildirib və bu görüşün təfərrüatlarının cəmiyyhətdən gizli saxlanılmasından, qeyri-şəffaf aparılmasından narahatlığını ifadə edib və Rusiya ilə qarşılıqlı əlaqələrin yalnız adı çəkilən ölkənin erməni himayədarlığından geri çəkilməsindən, tarixi ərazilərimizin işğal və ilhaq siyasətini etiraf etməsindən, tarix boyu Azərbaycana vurduğu madddi və mənəvi ziyanları kompensasiya etməsi barədə öhdəlik götürməsindən sonra mümkün olduğunu bildirib və ölkəmizin inkişaf yolunun geri qalmış Rusiya ilə iqtisadi əlaqələrdən deyil, demokratiyanın, insan haqlarının, milli təhlükəsizliyin, strateji müttəfiqliyə sadiqliyin aşkar şəkildə qorunduğu Avroatlantik məkana inteqrasiya olunmasında olduğun diqqətə çatdirıb.
İdarə Heyəti son vaxtlar hakimiyyətin yerli və beynəlxalq təyinatlı Qeyri Hökumət Təşkilatlarının fəaliyyətinin məqsədyönlü şəkildə məhdudlaşdırılması siyasətini pisləyib, bu faktın arxasında hakimiyyətin cəmiyyəti təkbaşına idarə etmək, ictimai nəzarətin, seçki mühitinin sağlamlaşdırılmasında əsas rol oynayan vətəndaş institutlarını susdurmaq, siyasi plürallığın qarşısını almaq və avtoritar rejimə söykənərək siyasi zorakılığı həyata keçirmək siyasətinin durduğunu bildirib və ölkə hakimiyyətini QHT-in fəaliyyətinə qarşı qoyduğu məhdudiyyətləri aradan qaldırmağa, ölkədə söz mətbuat, sərbəst toplaşma azadlığını təmin etməyə, siyasi institutların idarə etməkdə paralel iştirakına şərait yaratmağa çağırıb.


Printer »»»