ADP Qəzzada günahsız insanların acı fəryadına göz yummamağa çağırıb

04.08.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti son günlər atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunda baş verən ağır itkilərdən ciddi narahat olduğunu bildirib və erməni təcavüzünün günahsız qurbanına çevrilən şəhidlərimizin doğmalarına dərin hüznlə baş sağlığı ünvanlayıb. İdarə Heyəti baş verən son hadisələrin arxasında Ukraynada pozucu və təcavüzkar planları beynəlxalq güclər tərəfindən faş edilən Rusiyanın bu təcavüzkarlıq planlarını forpostu sayılan Ermənistan vasitəsi ilə Cənubi Qafqazda həyata keçirmək, qorxu və panika yaratmaqla Azərbaycanı Avroatlantik məkana inteqrasiadan geri durduraraq öz təsir dairəsinə salmaq istəyindən irəli gəldiyini bildirib və xalqımızı bu məkrli planlara  qarşı hazır olmağa çağırıb.
Eyni zamanda İdarə Heyəti iki gün ərzində 10 nəfərdən artıq şəhid verilməsi faktının arxasında ordu sistemində rus meyilli qüvvələrin geniş yer alması, orduda rüşvət və korrupsiya faktlarının hökm sürməsi, yeni müdafiə nazirinin gəlişindən sonra kadr islahatı altında peşəkar hərbçilərin regionçuluğa əsaslanan qüvvələrlə əvəzlənməsi, tələb olunan döyüş hazırlığının və ruh yüksəkliyinin aşağı səviyyədə olması, cəbhə xəttində ayıq-sayıqlığın itirlməsi, orduya səfərbərlikdə ikili standarlara yol verilməsi siyasətinin durduğunu qeyd edib və hakimiyyəti orduda hökm sürən özbaşınalıqları aradan qaldırmağa çağırıb. İdarə Heyəti istər düşmən tərəfdən, istərsə də ordumuzda olan itkilərlə, baş verən hadisələrin arxasında duran səbəblərin mahiyyəti ilə bağlı cəmiyyətimizə düzgün məlumatlar çatdırılmasının vacibliyini qeyd edib və ali baş komandanı həbi vəzifə borclarını layiqincə yerinə yetirməyən, hərbi ayıq-sayıqlığını itirərək düşmənin qəfil hücumlarına şərait yaradan, ordunu rüşvət və korrupsiya meydanına çevirən şəxslər barədə ciddi ölçü götürməyə və düşmənin hər həmləsini dəf etməyə qadir olan bir ordu formalaşdırmağa çağırıb.
İdarə Heyəti son vaxtlar bir sıra qeyri-hökumət təşkilatlarına qarşı basqıların artmasından, onların rəhbərlərinin izlənilməsi, ofislərində axtarışlar aparılması və rəhbərlərinin həbs edilməsindən ciddi narahat olduğunu diqqətə çatdırıb və bu təzyiqləri vətəndaş cəmiyyəti institutlarına, insan hüquq və azadlıqlarına qarşı repressiv addım kimi dəyərləndirib. İdarə Heyəti istər hakimiyyətin, istərsə də beynəlxalq təşkilatların vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı düşüncəsinin yanlış olduğunu bildirib və bu institutların inkişafının  yalnız siyasi institutlarla, mətbatla, həmkarlar ittifaqı ilə yanaşı mümkün olacağını qeyd edib. İdarə Heyəti demokratik quruluşun əsas sütunu sayılan vətəndaş cəmiyyəti institutlarının  hazırki şəraitdə qorunmasına, digər siyasi institutlarla bərabər inkişaf etdirilməsinə mühüm ehtiyac duyulduğunu qeyd edib və ölkə başçısını  siyasi mötivlərə həbs edilən bir sıra QHT rəhbərlərini - L.Yunus, R.Cəfərov, H.Hüseynov, eləcədə gənc bloqçu Müsavat Partiyasının üzvü F.Kərimlini azadlığa buraxmaq üçün addımlar atmağa və ölkəmizin beynəlxalq imicinə zərbə vuran bu cür hərəkətlərə son qoymağa çağırıb. Qeyd edilib ki, vətəndaş cəmiyyəti institutlarına qarşı başladılan repressiya və həbslər əslində ölkəmizin Avroatlantik məkana inteqrasiyasına qarşı sədd olmaqla bərabər, avtoritar Rusiyanın Azərbaycanda həyata keçirmək istədiyi siyasətə dolayı yolla xidmətdən başqa bir şey deyil və cəmiyyətimizin demokratik inkişafını əngəlləyən faktor rolunu oynayır.
İdarə Heyəti ABŞ-n Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının dini sui-istifadələrin monitorinqi üçün yaradılmış müstəqil federal orqanın məruzəsində ölkəmizdə dini azadlqların pozulduğunu və 51 nəfər dini məhbus olduğunu göstərməsini obyektiv reallığı əks etdirdiyini bildirib və qeyd edib ki, ölkədə dini inanc sahiblərinə göstərilən təzyiqləri, ümmətçilik əvəzinə məzhəb və təriqətçiliyin qabardılması, islami dəyərlərin aşılanması, minbərlərdən azanın səslənməsinə qarşı qadağalar qoyulması faktları bunların bariz nümənəsidir və ölkə hakimiyyəti məruzədə əksini tapan neqativlərin aradan qaldırılması, dini azadlqların qorunması istiqamətində səylərini artırmalıdır.
İdarə Heyəti İsrailin Qəzzada başlatdığı hərbi əməliyyatların sona yetməməsindən, hər gün onlarla dinc fələstinlinin vəhşicəsinə məhv ediməsindən ciddi narahat olduğunu bildirib və bu vəhşiliklərin adının vaxtı ilə Hitler Almaniyasını yəhudulərə qarşı törətdiyi genosid olduğunu diqqətə çatdırıb və bu beynəlxalq cinayət əməllərinə sahiblik etdiyinə görə İsrail dövlətini tarix qarşısında mühakimə olunacağını qeyd edib. İdarə Heyəti dünya ictimaiyyətini Qəzzada baş verən bu soyqırımlara, günahsız insanların acı fəryadına göz yummamağa, susqunluq nümayiş etdirməməyə və  beynəlxalq qınaqlara baxmayaraq hərbi cinayətlərini davam etdirən İsrail dövlətini bu mənfur əməllərdən çəkindirməyə çağırıb.

Printer »»»